15 Yanvar 2019 09:12
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Camal Qaşıqçının İstanbulda qətlə yetirilməsindən sonra Ər-Riyad-Vaşinqton münasibətlərində qeyri-müəyyənlik davam etməkdədir.

Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti, politoloq Zeynal Əmrəliyev bildirib.

O qeyd edib k, ABŞ Konqresində aparılan müzakirələr kral sarayını narazı salmaya bilməzdi. Son zamanlar mətbuatda yayılan məlumatlarda bütövlükdə Qərbin Səudiyyə Ərəbistanından narazı qaldığı, hətta şahzadə Məhəmməd bin Salmana sui-qəsd hazırlandığı, onun hakimiyyətdən uzaqlaşdırılacağı gələn məlumatlar arasındadır:

“Həqiqətən də vəliəhdin anlaşılmaz və ziddiyyətli hərəkətləri müttəfiqlərinin ciddi narazılığına səbəb olmuşdu. Qaşıqçı olayı isə məsələnin qırılma nöqtəsi oldu. Hazırda istər Ər-Riyad, istərsə də Vaşinqton münasibətləri normallaşdırmaq üçün əhəmiyyətli addım atmır. Bu isə rəsmi Ankaranın əlini gücləndirir.

AKP hakimiyyətinin Türkiyənin nüfuz dairəsinə daxil etmək istədiyi keçmiş Osmanlı torpaqları arasında Səudiyyə Ərəbistanı istər nefti, istər strateji mövqeyi, istərsə də islam dininin müqəddəs məkanlarının burda yerləşməsi baxımından çox əhəmiyyətli bir dövlətdir. Türkiyəni bu məsələdə müttəfiqləri olan İran, Rusiya və Çin də dəstəkləyir.

Rəcəb Tayyib Ərdoğanın da ərəblər arasında nüfuzu çox yüksəkdir. Ərəblərin əksəriyyəti Türkiyənin dövlət başçısını sultan, xəlifə kimi görürlər. Vaşinqton bütün bunları nəzərə almalıdır”.

Ekspert qeyd edib ki, Səudiyyə Ərəbistanı ilə ABŞ arasında sıx iqtisadi-ticari əlaqələr var, ancaq son zamanlar ölkəyə sürətli şəkildə rus, Çin və türk kapitalı daxil olur:

“Dördlər ittifaqı” Səudiyyəni hər vasitə ilə Qərbin təsirindən qurtarmağa çalışır. Məhəmməd və onun qoca atası – kral Salman isə ölkənin yönünü hər an dəyişdirə bilərlər, təki hakimiyyətdə qalsınlar. Zənnimcə, Tramp administrasiyası vaxtında lazımı tədbirlər görməsə, ABŞ regionda Türkiyənin ardınca ikinci böyük müttəfiqini də itirə bilər”.


Müəllif: Səxavət Həmid