15 Yanvar 2019 09:01
1 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Türkiyədə yaşayan azərbaycanlı professor, siyasi şərhçi Toğrul İsmayılla müsahibəni təqdim edir:

- Toğrul bəy, ABŞ Prezidenti Donald Tramp açıq elan etdi ki, əgər türk ordusu kürdlərə hücum etsə, Türkiyəni iqtisadi baxımdan məhv edəcək. Trampın bu təhdidi Türkiyədə necə qəbul olunur?

- Amerikanın bu bölgədə müvafiq siyasəti var. Bu siyasətin mahiyyəti bölgədə süni dövlət qurmaq və bu dövlət sayəsində regionda hakimiyyəti əldə etməkdir. Trampın “Suriyadan çıxıram” bəyanatı bu siyasətin bir oyun ayağı idi. Yəni Tramp digər siyasətçilərə bənzəmir, daha real siyasət üzərindən hərəkət edir və bunu anlamayanlara da öz mesajını verir.

Ancaq burada bir məqam var. Trampın açıq şəkildə belə bəyanat verməsi, əslində Trampın sözünün Amerikada çox da keçmədiyi, ABŞ siyasətinin daha fərqli olduğunu, bu siyasətin prezidentlər tərəfindən dəyişdirilə bilməyəcəyini göstərir. Əslində Amerikanın apardığı siyasət göstərir ki, onun daxilindəki şərtlərin özü qarışıq vəziyyətindədir. Hər qrupun öz marağı var. Bu maraqların toqquşması çərçivəsində prezidentlər də sözünü dəyişmək məcburiyyətində qalır. Amma kürd məsələsi ilk gündən ortadadır və bu dəyişən bir şey də deyil.

- Əslində belə görüntü vardı ki, ABŞ Suriyanı tərk edir və YPG/PYD-ni faktiki Türkiyənin öhdəsinə buraxır...

- Əslində öncədən də belə idi, Amerika “Suriyadan çıxıram” deyirdi. Ancaq əsas məsələ Türkiyənin Fəratın şərqində əməliyyat aparmaması üçün olan təhdidlər idi. Yəni ABŞ-ın Suriyadan çıxması kimi bir məsələ yoxdur.

- Trampın Türkiyəni kobud şəkildə təhdid etməsindən sonra Ankara-Vaşinqton münasibətləri necə olacaq?

- Münasibətlər dəyişməz. Türkiyə Amerikanın nə istədiyini açıq şəkildə bilirdi. ABŞ da Türkiyənin nə istədiyini bilir. Aydındır ki, Türkiyə bu regionda yeni və süni bir dövlətin qurulmasına imkan verməyəcək. Çox ehtimalla Amerika da belə dövlət qurmaq üçün fəaliyyətini davam etdirəcək.

- Trampın son təhdidi Türkiyənin Fəratın şərqində YPG-yə qarşı planladığı əməliyyatı gündəmdən çıxara bilərmi?

- Hesab edirəm ki, Türkiyənin Fəratın şərqində terrorçulara qarşı əməliyyat keçirməsi istisna edilmir. Əksinə, görünür ki, belə bir tələbat var. Amma onu da qeyd edim ki, belə bir əməliyyatın keçirilməsinin riskləri də var. Əsas məsələ bu saat Türkiyənin Rusiya ilə razılaşıb-razılaşmayacağıdır.

- Bu yaxınlarda ABŞ-dan xüsusi heyət Ankaraya səfər etmişdi, bir neçə gündən sonra Ankaradan xüsusi heyət Vaşinqtona səfər edəcək. Bu səfərlərdə məqsəd nədir?

- Məqsəd Türkiyə-Amerika münasibətlərinin yoluna qoyulması, böhranın azaldılmasıdır. Ancaq bu böhranın tam həll ediləcəyini düşünmürəm. Amerika uzun illər həyata keçirdiyi siyasətindən imtina etməyəcək.

- Bu iki müttəfiq ölkə arasında olan problemin qısa müddətə həlli gözlənilmir. Bəs, gələcək münasibətlər necə olacaq?

- “Böyük Şərq Proyekti” dediyimiz layihə ABŞ-ın Yaxın Şərqlə bağlı siyasətidir. Kürd acılımı və digər məsələlər də bunun bir parçası idi. Lakin Türkiyənin milli təhlükəsizliyi, ərazi bütövlüyü təhdid olundu və Türkiyə bundan imtina etmək məcburiyyətində qaldı. Bu cür məsələlərdə ABŞ dövlətinin maraqları və istəkləri varsa, türk dövlətinin də öz maraqları var.

- Nədən Türkiyə tərəfi ABŞ prezidentinin təhdidlərinə sərt reaksiya göstərmir?

- Tramp sözünü deyib, Türkiyə tərəfi də qanunun imkan verdiyi şəkildə ona cavabını verib. Və cavab verməkdə də davam edir.

- Ancaq söhbət həm də təhdiddən gedir...

- Türkiyədə Donald Tramp sabah nə deyəcəyi aydın olmayan siyasətçi kimi tanınır. Hər dəfə ona cavab vermək də vacib deyil. Türkiyənin bölgədə maraqları var. ABŞ terrorla mübarizə aparan zaman terrorçuların etnik kimliyi ortaya çıxmır. Türkiyə terror qrupları ilə mübarizə apardıqda isə etnik kimlik məsələsi önə çıxır. Bu da anlaşılmayan bir hadisədir və bunu dəfələrlə görmüşük. Terrorçunun etnik kimliyi olmur. Türkiyə də regionda marağını təmin etmək üçün lazım gələn bütün addımları atacaq.

- ABŞ-ın Türkiyəyə qarşı belə yanaşmaları Ankaranı Moskva ilə nə dərəcədə yaxınlaşdırır ?

- Rusiya ilə münasibətlər fərqli, Amerika ilə isə tam fərqlidir. Lakin Türkiyə öz siyasətini aparmalı, Türkiyə mərkəzli siyasətə üstünlük verməlidir. Rusiya və ya Amerikaya yaxınlaşmaq problemləri həll etmir. Türkiyənin ən böyük problemi odur ki, uzun və strateji siyasətini ortaya qoya bilmir. Bu da zaman-zaman onun zəif olduğunu ortaya qoyur. Amma Türkiyə elə dövlət halına gəlib ki, siyasətini, məqsəd və istəklərini ortaya qoymalıdır. Trampın dedikləri açıq təhdiddir. Bu ciddi siyasi böhrana yol aça bilərmi? Türkiyə elə dövlətdir ki, bunu bilmək üçün yalnız Şimali Kipr hərəkatını yada salmaq yetərlidir. Türkiyədə milli məsələ ortaya çıxdığı zaman iqtisadi əlaqələr, ticarət və qazanc kiminsə ağlını qarışdıra bilməz.

- Rusiya ilə Türkiyənin Suriyada hansı problemi var?

- Əslində hər iki dövlətin Suriyadakı problemi ABŞ-ın bölgədə apardığı siyasətdir. ABŞ-ın siyasəti həm Rusiya, həm də Türkiyəyə qarşıdır. Lakin ABŞ Suriyadan çıxır məsələsi meydana gələndə, bu, Rusiyada bəzi qrupları həyəcanlandırdı. Sanki Rusiya artıq təkbaşına hakim olacaq. Türkiyə ilə fərqli ağızla danışmaq kimi hərəkətə yol vermək istədilər. Bu an Türkiyə ən yüksək səviyyədə heyətini Rusiyaya göndərərək bu istiqamətdə ola biləcək problemi önləməyə çalışdı.

- Ancaq Suriyada rusların marağı Əsədi qorumaq, türklərin marağı isə tam başqadır...

- Əlbəttə, bunlar ayrı-ayrı dövlətdirlər və maraqları da tam fərqlidir. Lakin burada əsas məsələ bu bölgədə qarşı-qarşıya gəlməmək, daha doğru şəkildə siyasət yürütməkdir.

- ABŞ Suriyadan çıxsa, Rusiya və Türkiyə üz-üzə gələ bilərmi?

- ABŞ Yaxın Şərqdə çıxmayacaq. Bunu birdəfəlik unudun. ABŞ-da “çıxıram” dedikdə tam fərqli qrupları nəzərdə tuturlar. Orada PYD, PKK, YPG-yə təlim keçən çoxlu sayda amerikalılar var. Üstəlik İraqın şimalında ABŞ-ın böyük hərbi gücü var. Elə Suriyanın daxilində də var. ABŞ heç bir halda Suriyadan çıxmayacaq. Təkcə ABŞ deyil, elə İran da, Rusiya da çıxmaz. Türkiyənin özü belə bu saat Suriyadan çıxmaz. Trampın “Suriyadan çıxırıq” deməsi hər kəsin oradan çıxdığı və problemin həll olunduğu mənasını da vermir. Suriya probleminin həlli hələ uzun zaman alacaq. İŞİD problemi tamamilə ortadan qaldırılmayıb və bu terror təşkilatı fəaliyyətini davam etdirir. İkincisi, orada hər dövlətin öz marağı var, yeni qruplaşmalar ortaya çıxır. Yəni ortada çoxtərəfli sülh anlaşması olmadığından Suriya prosesinin başa çatdığını demək hələ tezdir.


Müəllif: Cavad