15 Yanvar 2019 19:30
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hələ ötən əsrin 90-cı illərindən başlanan struktur və kadr islahatları Prezidenti İlham Əliyevin 16 illik hakimiyyəti dövründə də uğurla və mərhələli şəkildə davam etdirilir. Ölkə başçısının struktur islahatları ilə bağlı son fərmanları təqdirəlayiqdir”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, bir neçə dövlət qurumun ləğvi, birləşdirilməsi, həmçinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yaradılması illərdir davam edən islahatlar prosesinin növbəti mərhələsi və tərkib hissəsidir:

“Bəzən elə təsəvvür yaradılır ki, guya indiyədək bu cür proseslər, islahatlar, idarəetmənin təkmilləşdirilməsi olmayıb. Bu, əlbəttə, belə deyil. Bu təkmilləşdirmələr, kadr, struktur islahatları hər zaman olub, bu gün də var, sabah da olacaq. Dövrün reallıqlarına uyğun şəkildə bəzən asta, bəzən isə daha sürətli şəkildə həyata keçirilib. Sosial şəbəkələrdə gedən müzakirələrdə bir zamanlar dövləti, hakimiyyəti struktur islahatları aparmamaqda haqsızcasına ittiham edənlər indi valı tərsinə çeviriblər. Bu qurumların ləğvinə qarşı çıxır, guya orada çalışanların halına yandıqlarını nümayiş etdirməyə çalışırlar. Əslində onların niyyəti, məqsədi bəllidir. Onların bu cəhdi səmərəsizdir”.

Eldəniz Səlimovun fikrincə, ölkə başçısının son addımları yüksək qiymətləndirilməlidir:

“Prosesin bundan sonra da davam etdiriləcəyinə əminəm”.

Deputat qeyd edib ki, ləğv edilən qurumlarda çalışan insanlar işsiz qalmayacaq, öz ixtisaslarına, qabiliyyət və bacarıqlarına uyğun şəkildə işlə təmin olunacaqlar.


Müəllif: Nərgiz