17 Yanvar 2019 09:01
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada artıq 9 həftədir davam edən aksiyalar kapitalist dünyasının böhranının əlamətidir. Demokratiya yaxşı şeydir. Ancaq bütövlükdə kapitalizm sistemi tükənib.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib.

O qeyd edib ki, izafi dəyər istehsal olunmur:

“Bizim banklara baxmayın. Bizdə banklar 15-18, 20 faiz gəlir götürürlər. Qərbdə banklar 1-1,5 faizlə kredit vermək üçün yalvarırlar. Gəlir gətirən sahələr çox azdır. Yalnız hansısa yeni bazarlar əldə etməklə, yeni ekspansiyalarla, pul çap etməklə, dövlət borcunu artırmaqla kapitalizm sistemini yaşadırlar. Amma bu sistem səmərəsizdir. Onun səmərəsizliyini deyənlər səfeh adamlar deyil. Marks, Engels, Lenin… Müasir dövrdə də güclü alimlər bu sözü deyirlər. Onlar deyirlər ki, kapitalizm sistemi tükənib. Amma sadəcə, real sosializm adı ilə qurulan dövlət kapitalizminin iflası, süqutu (SSRİ və sosialist blokuna daxil olan Şərqi Avropa ölkələri nəzərdə tutulur-müəll.) nəticəsində kapitalizm ömrünü uzadır. Halbuki, həmin sistemlərin dağılması satqın hakimiyyətlərlə, satqın liderlərlə, onların talançılığı ilə birbaşa bağlı olub. Amma belə baxanda tarixi istiqamət, tarixi üfüqlər baxımından kapitalizmin gələcəyi yoxdur. Sarı jiletlilərin etirazı, millətçilərin hakimiyyətə gəlməsi də bunun bir göstəricisidir”.

Z.Əlizadə qeyd edib ki, biz bu gün əzizlənən, təriflənən Avropa dəyərlərinin inkar edilməsini, bir çox hallarda onların elə Qərb tərəfindən pozulmasını, ikili standartları, zəhmətkeşlərə, muzdlu əməkçilərə verilmiş bir çox imtiyazların geri alınmasını müşahidə edirik:

“Avropada on milyonlarla kasıb var, onlar etiraz edir. Əlbəttə, hədsiz varlılar və orta təbəqə də var. Amma orta təbəqənin də ümumi vəziyyəti tədricən zəifləyir. Çünki yeni bazarlar yoxdur və kapitalizm sistemində istismar faizi azalır. Bax sarı jiletlilər Qərb kapitalizminin işləməməsinin əlamətidir. Özü də demokratiya deyəndə, yalnız hansısa sadəlövh adamlar inana bilər ki, Qərb demokratiyası mütləq bir şeydir. Xeyr. Qərb demokratiyası burjua diktaturasının pərdəsidir. Demokratiya adı ilə onlar heç zaman imkan verməzlər ki, bütövlükdə kapitalizm sistemini dəyişən partiyalar hakimiyyətə gəlsinlər. Biz gördük ki, bu digər yolla Yunanıstanda da baş verdi. Başqa yerlərdə də baş verəcək. Çilidə də biz bunun necə baş verdiyini gördük. Seçki yolu ilə hakimiyyətə gələn sollar hansısa kəskin siyasi dəyişiklik etmək istəyəndə o saat lazımı adamlara deyilir ki, çevriliş et. Bütün dünya toplanır, diz çökdürür və məcbur edir ki, niyyətindən geri çəkilsin. Yəni, bu bir həqiqətdir ki, Qərb dərin ideoloji, iqtisadi böhran içində yaşayır. Sarı jiletlilərin etirazı da bunun əlamətidir”.

Politoloq qeyd edib ki, bundan əvvəl Fransada oxşar kütləvi etiraz 1962-ci ildə olub:

“Həmin vaxt baş verən tələbə etirazını birtəhər üstələdilər. İndi də belə bir etiraz baş verib. Etiraz kasıblığa qarşıdır. İnsanlar yaşaya bilmirlər. Avropa demokratiyası, Avropa dəyərləri imkan vermir etirazçıları qırsınlar. Hərçənd ki, artıq bəziləri güllələmək çağırışları edirlər. Məşhur bir fransız filosof belə bir çağırış etmişdi. Düzdür, ictimai qınaq onu öz sözlərini geri götürməyə məcbur etdi. Yəni, vəziyyət belədir. Qərb dünyası dərin böhran içindədir”.


Müəllif: Səxavət Həmid