16 Yanvar 2019 20:13
2 206
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Azad Demokratlar Partiyasının sədri, siyasi analitik Sülhəddin Əkbərlə müsahibəni təqdim edir:

- ABŞ Prezidenti Donald Trampın ordunu Suriyadan çıxarmaq haqqında qərarından sonra Yaxın Şərqdə müşahidə edilən prosesləri necə şərh etmək olar?
- ABŞ-ın, İsrailin və onların bəzi yaxın müttəfiqlərinin bu regionda başlıca strateji məqsədi kürd dövlətinin qurulmasıdır. Nə qədər ki, ABŞ və İsrail bu strateji hədəfindən imtina etməyib, nə Türkiyə, nə İran, nə İraq, nə də Suriya ilə münasibətlərin normallaşması mümkün deyil. Qənaətimcə, hələlik ABŞ və İsrail bu məqsədindən imtina etməyib.

Sadəcə olaraq, yaranan durumda qlobal və regional səviyyədə geosiyasi qarşıdurma həlledici mərhələyə daxil olduğundan və Türkiyənin önəmli strateji mövqeyini, habelə gücünü nəzərə alaraq, onunla müəyyən qədər hesablaşma zorunda qalırlar. Çünki burada söhbət ancaq Yaxın və Orta Şərqdən getmir, eyni zamanda Aralıq dənizindən, Qara və Azov dənizində yaranan vəziyyətdən, postsovet məkanından, Əfqanıstandan, Çindən gedir. Hələ mən Türkiyənin Balkanlarda, Cənubi Şərqi Avropada oynadığı rolu demirəm. Qeyd etdiyim istiqamətlərdə Türkiyə vaz keçilməz tərəfdaşdır. Odur ki, Amerika dilemma qarşısında qalıb.

- Hansı dilemma qarşısında?
- Bir tərəfdən strateji hədəflərinə gedən yolda Türkiyə maneədir, digər tərəfdən başqa istiqamətlərdə hədəflərə gedən yolda Türkiyə vaz keçilməyəcək strateji tərəfdaşdır. Ona görə də ziddiyyətlər yaranır. Trampın, xüsusilə ABŞ-ın ziq-zaqlı gedişləri bununla bağlıdır. Burada təbii ki, Donald Trampın mövqeyi ilə Amerika dərin dövlətinin mövqeyi fərqlənir. Ona görə də həm operativ-taktiki, həm də ABŞ daxili mövqelər baxımından ziddiyyətlər ortaya çıxır. Tramp nə qədər Suriyadan çıxacağını elan etsə də, ABŞ-ın yaxın perspektivdə Suriyadan çıxacağını gözləmirəm. Nə qədər ki ABŞ kürd dövləti qurmaq kimi strateji məqsədindən vaz keçməyib və ya Suriyadakı kürdlərə muxtariyyət statusu əldə etməyib, onun Suriyanı tərk etməsi qeyri-mümkündür. ABŞ özü də Suriyadan çıxdığını deyir.

Söhbət oradan 2300-2500 hərbçinin çıxmasından gedir. Ancaq bildiyiniz kimi, orada ABŞ-ın mülki formada çoxlu sayda hərbçisi var, Mərkəzi Kəşfiyyat İdarəsi və digər kəşfiyyat qurumlarının əməkdaşları fəaliyyət göstərir, özəl hərbi şirkətlərin çoxlu sayda hərbçisi var. Üstəlik Amerika Suriyanın şimalının bir hissəsindən çəkiləcəyini deyib. Məsələn, İordaniya-İraqın sərhəddində yerləşən bölgədən çəkiləcəyini deməyib. Və ya Deyr əz Zordan çıxacağını söyləməyib. Heç Menbiçdən də çəkilməyib. Obamanın dövründən deyirlər ki, ABŞ əsgərləri Menbiçdən çəkilir. Hələ Fəratın şərqini qoyun bir tərəfə. Odur ki, bu məsələyə çox ehtiyatlı yanaşmaq lazımdır.

- Bu reallıqlar çərçivəsində Türkiyənin Menbiçdə və Fəratın şərq sahillərində əməliyyat aparmaq üçün resurs və gücü varmı?
- Söhbət ancaq bu ərazilərdə ABŞ-dan, onun hərbçilərinin olmasından getmir. Eyni zamanda Suriya rejimindən, İrandan da gedir. İndi Türkiyə dövlət təcrübəsini nəzərə alaraq, çox bacarıqlı şəkildə yalnız hərbi istiqamətdə addımlar atmır. Bununla paralel olaraq kəşfiyyat, təhlükəsizlik, siyasi və diplomatik sahədə də iş aparır. Diqqət etsəniz, görərsiniz ki, sosial-iqtisadi sahədə addımlar atır. Yəni bu istiqamətdə kompleks siyasət yürüdür. Bunlar doğru addımlardır. Məhz bu səbəbdən Türkiyənin apardığı siyasət uğurlu nəticələnir. Əslində Türkiyənin Suriyada olması digər oyunçuları qıcıqlandırır.

- Niyə
- Çünki Türkiyə Suriyada olduğu ərazilərdə humanitar və insana hesablanan siyasət aparır. Bu da Türkiyəni orada olan digər oyunçulardan fərqləndirir, yerli xalqın nəzərində ona nüfuz qazandırır. Yerli xalq, hətta kürdlər belə bu gün Türkiyənin orada açdığı məktəblərə gedir, xəstəxanalardan istifadə edir, digər sosial xidmətlərindən yararlanır.

- Bu fəaliyyəti Suriyada ancaq Türkiyə edir?
- Belə bir fəaliyyəti Suriya ərazisində yalnız Türkiyə həyata keçirir. Ancaq nəzərə almaq lazımdır ki, bundan sonra Suriyada konstitusiyanın işlənib hazırlanması prosesi var, bu məqsədlə İsveçrədə dialoq aparılır və Türkiyə də bu prosesdə iştirak edən oyunçulardan biridir. Eyni zamanda Astana prosesində Türkiyə fəal iştirak edir. Bundan sonra Suriyanın siyasi tənzimlənməsi, habelə bərpası, lojitik dəstək kimi mərhələlər var. Bütün bu məsələlərdə Türkiyə vacib ölkədir. Türkiyə hər bir addımını atanda həm ABŞ, həm də Rusiya ilə yüksək səviyyədə danışıqlar aparır.

Türkiyə Prezidenti Ərdoğanın Donald Tramp və Vladimir Putinlə daim əlaqəsi var, mütəmadi görüşlər keçirilir. Bu yüksək səviyyəli diplomatik təmaslar öz nəticəsini verib. Məsələn, həm “Fərat qalxan”, həm “Zeytun budağı” əməliyyatında, həm də İdlib atəşkəs zonasının yaranması üçün Türkiyə uğurlu proses apara bilib. Hesab edirəm ki, Türkiyə bu təcrübəni nəzərə alacaq, həm ABŞ, həm də Rusiya ilə intensiv diplomatik əlaqə saxlayacaq, eyni zamanda hərbi kartı da əlindən verməyəcək. Əgər Türkiyə görsə ki, Amerika vaxt udur və başqa niyyətlər güdür, bu zaman Ankara hərbi əməliyyatlar apara bilər. Türkiyənin belə bir potensialı var.

- Ümumən Suriyada silahlı kürd terrorçularının konkret sayı bəllidirmi?
- Dəqiq rəqəm söyləmək çətindir. Çünki burada hər bir ölkənin silahlandırdığı dəstələr var, eləcə də yerli tayfa və qəbilələrin özlərinin silahlı birləşməsi var. Məsələn, ABŞ tərəfindən silahlandırılan YPG/PYD-nin 30 min qüvvəsindən söhbət gedir. Ancaq bütövlükdə 60 minə qədər qüvvəsinin olduğu deyilir. Kənardan buna dəstək vermək və ya əlavə qüvvələr gətirilməklə bu say 100 minə çatdırıla bilər. Əslində söhbət kifayət qədər böyük silahlı gücdən gedir.

- Bu qüvvələr Türkiyə-Suriya sərhəddinə nəzarət edirlərmi?
- Türkiyə ilə sərhəddə Türkiyə tərəfindən türk ordusu, əks tərəfdən isə ABŞ son zamanlar müəyyən müşahidə məntəqələri qurmuşdu. İndi isə bu müşahidə məntəqələrindən çəkilir. Hazırda bununla bağlı qeyri-müəyyənlik yaşanır. Əslində sərhədə birtərəfli olaraq Türk ordusu nəzarət edir. PYD/YPG isə bütün sərhəd boyu deyil, müəyyən kəsintilərə nəzarət edə bilər. PYD-nin nizami ordusu, sərhəd qoşunu yoxdur ki, davamlı və sistemli şəkildə sərhədə nəzarət edə bilsin.

- YPG/PYD həm Bəşər Əsəd, həm də Türkiyə üçün başağrısıdır. Ortada olan vahid düşmənə qarşı Ankara ilə Əsəd rejimi arasında anlaşma əldə oluna bilərmi?
- Təbii ki, danışıq gedə bilər. Amma problem ondadır ki, Türkiyə rəhbərliyi hələlik Bəşər Əsədlə rəsmi diplomatik əlaqələr qurmaq niyyətində deyil. Hazırda belə bir əlaqələr əsasən, Rusiya və zaman-zaman İran üzərindən aparılır. Ancaq görünən budur ki, kəşfiyyat və təhlükəsizlik qüvvələrinin müəyyən təmasları olur. Nə qədər ki, Ankara ilə Əsəd rejimi arasında siyasi-diplomatik münasibətlər yaranmayıb, məncə, Əsəd rejimi Türkiyəyə münasibətdə aqressiv davranacaq.

Eyni zamanda Suriya rejimi bütövlükdə ölkəyə nəzarəti bərpa etmək istəyir və YPG/PYD-ni böyük problem olduğunu görür. Həmçinin nəzərə alır ki, YPG əslində ABŞ, Fransa, Böyük Britaniya və İsrailin uzantısı deməkdir. Nəzərə almaq lazımdır ki, YPG-dən İranın da narazılığı var.

- Yaxın perspektivdə Ankaranın Əsəd rejimi ilə siyasi kontaktları olacağını gözləməyə dəyərmi?
- Yaxın Şərq elə regiondur ki, burada uzunmüddətli proqnoz vermək çətindir. Burada hətta hadisələr nəinki həftə ərzində, bəzən gün ərzində, saatbasaat dəyişir. Hər halda Astana prosesində hər iki tərəf iştirak edir. Eləcə də Cenevrə danışıqlarında da Əsəd rejimi və Ankara iştirak edir. İkitərəfli kontaktlar olmasa da, çoxtərəfli formatda təmaslar mövcuddur.

- Suriya böhranının həlli nə dərəcədə yaxındır?
- Bu böhran hələ uzun müddət davam edəcək.


Müəllif: Cavad