17 Yanvar 2019 09:40
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk növbədə bilmək lazımdır ki, hər bir ölkə kimi Gürcüstan da bütün məsələlərə yanaşmada yalnız öz dövlət maraqlarından çıxış edir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, Gürcüstan bu gün öz təhlükəsizliyinin regionda Türkiyə və Azərbaycanla münasibətlərin yaxşı olmasından keçdiyiniçox yaxşı anlayır:

“Yəni, bu praktiki olaraq dəfələrlə sübut olunub. Bilirsiniz ki, bu kontekstdə Gürcüstan-Azərbaycan-Türkiyə formatı da mövcuddur. Zaman-zaman bu üçlük xarici işlər, həmçinin müdafiə nazirləri formatında görüşlər də keçirir. Bütün bunlar təbii ki, Gürcüstanın təhlükəsizlik sistemini qurmaqla əlaqədardır. Demək istəyirəm ki, Gürcüstanın təhlükəsizlik sistemində Ermənistanın böyük rolu yoxdur”.

N.Miri bildirib ki, sadəcə Ermənistanın “inqilab”dan sonra Qərbdən yeni “maliyyə yastıqları”nın yaradılması ilə bağlı gözləntiləri var idi:

“Bu gözləntilər hələlik reallaşmır. Belə ki, Qərb dünyasının Paşinyandan müəyyən istəkləri var. Bu istəklər təbii ki, yeni, kövrək Paşinyan hökuməti üçün açığı çox riskli olduğundan bu yöndə konkret qərarlar verə və addımlar ata bilmir. Məhz bu baxımdan Qərb dünyası bu maliyyələrin ayrılması məsələsinə o qədər də tələsmir. Ona görə də artıq Ermənistan hökuməti ən azı regionda yaxın qonşu olan Gürcüstanla və digər ölkələrlə münasibətlərə üstünlük verməyə başlayıb. Düşünürəm ki, Paşinyanın Gürcüstana qalstuksuz gəlməsi və qeyri-formal görüş keçirməsi də təxminən bu kontekstdə dəyərləndirilməlidir”.

Bundan əlavə N.Miri bildirib ki, görüş yeri kimi Bolnisi rayonunun seçilməsi də təsadüfi deyil:

“Bolnisidə azərbaycanlılar hər nə qədər çoxluq təşkil etsələr də, burada əsas iş adamları məhz ermənilərdən ibarətdir. Ona görə də görüş yeri kimi Bolnisi rayonu təsadüf olaraq seçilməyib. O baxımdan düşünürəm ki, bu görüşləri daha çox iqtisadi və ticari yöndə dəyərləndirmək lazımdır. Çünki bu gün Ermənistanın bu münasibətlərə çox ehtiyacı var”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 15-də Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonuna qeyri-rəsmi səfər edib. O, burada gürcü həmkarı Mamuka Baxtadze ilə qeyri-rəsmi formatda görüş keçirib.

Görüşlə bağlı “Feysbuk” səhifəsində açıqlama yerləşdirən N.Paşinyan aşağıdakıları qeyd edib:

“Bolnisidə Gürcüstanın baş naziri, dostum Mamuka Baxtadze ilə çox isti, qeyri-rəsmi görüş keçirdim. Biz may ayında Dilican şəhərində erməni-gürcü biznes-forumunun keçirilməsinə qərar verdik”.

Səxavət Həmid


Müəllif: Teleqraf.com