17 Yanvar 2019 21:03
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan prezidentinin apardığı siyasət nəticəsində Dağlıq Qarabağ münaqişəsinə dair rəsmi Bakının mövqeləri günü-gündən güclənir. Məhz bu diplomatik-siyasi fəaliyyətin nəticəsidir ki, bölgədə yeni reallıqlar yaranmağa başlayıb. Sözsüz ki, belə reallığın yaranmasında Azərbaycanın həyata keçirdiyi qlobal layihələr, böyük proyektlər də əhəmiyyətli rol oynayıb. Məhz bu layihələr səbəbindən Azərbaycan təkcə regionun deyil, dünyanın güclü və nəhəng dövlətləri ilə bərabər səviyyəli addımlar atıb.

Bu fikirləri Teleqraf.com-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə deyib.

Əlizadə əlavə edib ki, məhz Azərbaycan liderinin təşəbbüsü ilə baş tutan qlobal layihələr regionda sabitlik və əməkdaşlığın qapısını açıb, eyni zamanda dövlətlərarası münasibətlərin inkişaf etməsinə mühüm töhvə verib.

Araz Əlizadə hesab edir ki, İran-Azərbaycan münasibətləri inkişaf edir, tərəflər bir-birilə bərabər hüquqlu şəkildə əməkdaşlıq edir: “İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bunu Bakıda səfərdə olan İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general-leytenant Məhəmməd Baqeri bir daha bəyan etdi. Hesab edirəm ki, bu mühüm bəyanatdır. Ancaq İranın Ermənistanla müəyyən əlaqələr qurması bəzən problemlər də yaradır. Hesab edirəm ki, İran tərəfi bu məqamı daima nəzərə almalıdır. Prezident İlham Əliyev daima İranla yüksək səviyyəli münasibətlər qurub, iki ölkə bir-birinə hörmətlə yanaşır. Azərbaycan və İran regional əməkdaşlıq, habelə böyük layihələr həyata keçirir. Azərbaycanın qlobal güclərin İrana qarşı sanksiya siyasətinə qoşulmaması və İranla əməkdaşlığı davam etdirməsi nümunəsi var. Azərbaycan bu baxımdan da nümunə göstərir və qonşusuna qarşı prosesdə iştirak etmədiyini ifadə edir. Prezident İlham Əliyev hələ vaxtı ilə ABŞ prezidenti Corc Buşla Vaşinqtonda görüşü zamanı mətbuat konfransında elan etdi ki, bizi İran məsələsinə qatmaq olmaz, İran bizim qonşumuzdur. Hesab edirəm ki, belə açıq mövqeni hər dövlət başçısı sərgiləyə bilməz. Düşünürəm ki, əgər Qarabağda müharibə başlasa İran Azərbaycana yardım etmək xəttini seçəcək”.
Əlizadə əlavə edib ki, Azərbaycan-Rusiya münasibətləri də son illər yüksək səviyyədə inkişaf edib və bu münasibətlərdə yaxınlığın nəticələri özünü göstərməlidir. Onun fikrincə, Rusiya-Ermənistan münasibətlərində problemlərin yarandığı artıq faktdır: “Ələlxüsus, Ermənistanda son hakimiyyət dəyişikliyi fonunda Yerevan-Moskva münasibətlərində gərginlik artıb. Qarşıdurma açıq müstəviyə keçməsə də, Moskvada hesab edirlər ki, Ermənistan fərqli siyasi xətt tutmağa hazırlaşır. Həmçinin Moskvada Qarabağ mövzusunda fərqli, bizim xeyrimizə olan fikirlər səslənməyə başlayır”.

Əlizadə əlavə edib ki, Azərbaycan Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar prosesində iştirak edir, problemin sülh yolu ilə həllinə çalışır: “Ancaq bu baş verməyəcəksə, ordumuzu hazır vəziyyətdə olacaq. Ali Baş Komandan əmr verəndə torpaqlarımızı azad edəcəyik. Bunun üçün gücümüz də var. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycanın apardığı uğurlu siyasət nəticəsində əksər ölkələr bizə dost münasibət bəsləyir. Postsovet ölkələri arasında Ermənistanı çıxmaqla bütün ölkələrlə yüksək səviyyəli əlaqələr var. Hətta Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müttəfiq olan Belarus və Qazaxıstanın Azərbaycana nə qədər yaxşı münasibət göstərdiyi ortadadır. Yəni Azərbaycan bu müddətdə uğurlu siyasət aparıb”.


Müəllif: Cavad