18 Yanvar 2019 16:46
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

“David Babayana bir daha xatırlatmaq istərdim ki, münaqişənin tərəfləri kimi Ermənistan və Azərbaycan, maraqlı tərəfləri qismində isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları müəyyən edilib və bu, ATƏT-in Nazirlər Şurasının 1992-ci ildə Helsinkidə keçirilən görüşündə qəbul edilmiş sənədlə təsbit edilib.

Ona görə də, maraqlı tərəf kimi yalnız Dağlıq Qarabağın erməni icmasından danışmaq və azərbaycanlı icmasını görməməzlikdən gəlmək Paris görüşündə səsləndirilmiş bəyanatın ruhuna ziddir, konstruktivlik mühitinin yaradılmasına kömək etmir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev qanunsuz rejimin başçısının qondarma “mətbuat katibi” David Babayanın son şərhinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında keçirilmiş danışıqların perspektivləri ilə əlaqədar ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səsləndirdiyi bəyanat ümidverici olsa da, Azərbaycan tərəfi danışıqlardan daha konkret nəticələr gözləyir:

“David Babayanın səsləndirdiyi “yeni elementlər” və “konkret addımlar qismində tərəflərin dialoqa cəlb edilməsi” fikirlərinə gəlincə, biz Dağlıq Qarabağın azərbaycanlı icması olaraq, daha öncə səsləndirdiyimiz bəyanat və şərhlərdə erməni və azərbaycanlı icmaları arasında konstruktiv dialoqun aparılması və təmasların qurulmasının tərəfdarı kimi çıxış edərək, münaqişənin sülh yolu ilə tənzimlənməsində maraqlı tərəf olduğumuzu dəfələrlə bəyan etmişik və buna hazır olduğumuzu bir daha təkrar edirik. Bu baxımdan, qanunsuz rejimin başçısının qondarma “mətbuat katibi”nin səsləndirdiyi fikir bizim üçün yeni deyil”.

Tural Gəncəliyev hesab edir ki, icmalararası dialoq və təmaslar Paris danışıqları zamanı gündəmdə olan hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarının müzakirəsi müstəvisində xüsusi əhəmiyyət kəsb edir:

“Bir daha vurğulamaq istərdim ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması tezliklə münaqişənin sülh yolu ilə tənzimlənəcəyinə və erməni icması ilə birgə yaşayışın təmin ediləcəyinə ümid edir”.


Müəllif: Nərgiz