19 Yanvar 2019 09:14
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağda yaşayan xalqların sülhə hazırlaşdırılması məsələsi müzakirə edilirsə, demək ki, söhbət güzəştlərdən gedir. Yəni dolayı yolla başa salmağa çalışırlar ki, xalqlardan heç biri müharibə yolu ilə hədəflərinə çata bilməyəcək”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.

Politoloq qeyd edib ki, vaxtilə Ermənistanda hakimiyyətdə olmuş “Qarabağ klanı” bu bölgənin Ermənistana birləşdiriləcəyini elan edirdisə, bu gün reallıq tamam başqadır və proses fərqli yöndə inkişaf edir:

“Bu baxımdan da, güzəştlərin ediləcəyi ilə bağlı əvvəldən xəbərdarlıqlar edilir. Yəni sabah çömçə qazandan gözlənilən yeməyi çıxarmasa, xalqlardan heç biri narazı olmasın. Əvvəlki şərtlərlə bu günki şərtlər fərqlidir. O da məlumdur ki, Ermənistanda xalq çevriliş yolu ilə hakimiyyət dəyişikliyi edib. Bu hakimiyyətdən yeni gözləntilər var. O baxımdan ki, Serj Sərkisyan hakimiyyətinin erməni xalqı qarşısında sayılmaz dərəcədə yalanları və cinayətləri vardısa, hələl ki, Nikol Paşinyanın bu kimi addımlar atması barədə məlumat yoxdur. Üstəgəl, əli qana batmadığı üçün Paşinyanla müsbət danışıqlar aparmaq imkanı var.

Amma Qarabağ məsələsi Ermənistanın ictimai rəyində populyar olduğu üçün bununla bağlı güzəştə getmək erməni hökuməti üçün asan deyil. Üstəgəl, ölkədə iqtisadi vəziyyətin yaxşı olmaması və Qərbdən gözlənilən pulların verilməməsi də Paşinyan hökuməti üçün əlavə çətinliklər yaradır. Lakin Paşinyanı Serj Sərkisyandan fərqləndirən cəhət budur ki, o, Qarabağ kimi strateji bir məsələ ilə bağlı üzərinə hansısa məsuliyyət götürüb hansısa sənədə imza atmır. Bu məsələnin məsuliyyəti parlamentdədir. Buna görə də Paşinyan bu məsuliyyətdən çox asanlıqla qaça bilər. Bu baxımdan, Paşinyanın Qarabağla bağlı ciddi güzəştlərə getmək imkanları var”.

Natiq Miri qeyd edib ki, indiyədək istər həmsədrlər, istərsə də münaqişə tərəfləri bu kimi bəyanatlar səsləndirsələr də bunların heç bir nəticəsi olmayıb:

“İndiki məqamda da, bu bəyanatın ciddi nəticə verəcəyini düşünmürəm. Çünki indiki məqamda Qarabağla bağlı geri addım atmaq Paşinyan iqtidarı üçün təhlükə vəd edir. Paşinyanın istənilən an keçmiş Sərkisyan iqtidarının hərbi təxribatları ilə üz-üzə qalması mümkündür. Buna görə də indiki məqamda Paşinyan ciddi güzəştlərə getmək imkanına malik deyil. Bu baxımdan da bir müddət danışıqlar yolu ilə vaxt qazanmağa çalışacaq”.

Qeyd edək ki, ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Fransada keçirilən görüşü barədə bəyanat yayıb. Bəyanatda həmsədrlər nazirlərin Dağlıq Qarabağda yaşayan xalqların sülhə hazırlaşdırılması ilə bağlı razılaşdıqlarını bildiriblər.


Müəllif: Mənsur Rəğbətoğlu