18 Yanvar 2019 19:45
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamentinin başdan-başa qərəz, Azərbaycanın demokratiya, hüquqi dövlət və insan haqları sahəsində əldə etdiyi ciddi nailiyyətlərə kölgə salmaq cəhdlərindən ibarət sənədi hər bir vətəndaşımızda qəzəb və təəssüf doğurur. Görünür, Avropa Parlamentinin bəzi deputatları bu sənədə səs verərkən ya Azərbaycandakı real vəziyyəti dərindən bilməyiblər, ya da cənab Prezidentin də qeyd etdiyi kimi ermənilərin “konyak diplomatiyasına” qurban gediblər.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qanunun aliliyinə söykənən vətəndaş cəmiyyətinin bütün institutları yüksək effektivliklə fəaliyyət göstərdiyi bir zamanda bu tip lazımsız, heç bir fakta əsaslanmayan qətnamənin qəbulu, heç şübhəsiz onun qəbul edən qurumda təmsil olunan bəzi dairələrin çirkin niyyətindən xəbər verir: “Azərbaycanda kimlərinsə həbsdən “qeyd-şərtsiz” azadlığa buraxılmasının tələb edən bu cənabların görəsən, guya müdafiə etdikləri demokratik idarəçilik prinsiplərindən xəbərləri varmı? Məgər onlar bilmirlər ki, bütün demokratik dövlətlərdə, o cümlədən Azərbaycanda “güclər ayrılığı” prinsipi var və heç kəs, heç bir qurum müstəqil məhkəmələrin işlərinə qarışa bilməz? Avropa Parlamentinin, ümumiyyətlə, Azərbaycana qarşı belə bir tələb irəli sürməyə ixtiyarı və səlahiyyəti varmı? Eyni zamanda, belə bir sual meydana çıxır ki, ölkəmizə qarşı bu tip əsassız tələblər irəli sürən Avropadakı bəzi dövlətlərin özlərində fundamental insan hüquq və azadlıqları hansı səviyyədə qorunur?”

Komitə sədri vurğulayıb ki, bu sahədə real vəziyyət hamıya yaxşı məlumdur: “Ən yaxın tarixdə biz Avropanın qarşılaşdığı miqrant böhranında bunun əyani şahidi olduq. On minlərlə miqrant insan ləyaqətinə yaraşmayan şəkildə təhqir, təqib və diskriminasiyaya məruz qaldı, xüsusən də, islamofobiya ən yüksək səviyyəyə, bəzən hətta dövlət səviyyəsinə qalxdı. Daha sonra, Fransada “sarı jiletlilər” hərəkatı zamanı dinc nümayişçilərə qarşı qeyri-adekvat güc tətbiqi, polis vəhşiliyi, kütləvi həbslər və s. bütün dünya mediasının və ictimai rəyinin diqqət mərkəzində oldu. İndi belə rüsvayçı əməlləri törədənlər hansı mənəvi və hüquqi haqla Azərbaycanda müxtəlif cinayətlərə görə həbsə girən və özünü ictimai xadim, boqqer və s. elan edən şəxsləri özbaşına “siyasi məhbus” siyahısına salaraq onlara azadlıq tələb edir? Düşünürəm ki, belə subyektiv mövqeyin heç bir tutarlı yanı yoxdur və ən əsası heç bir qurum və dövlət Azərbaycanla tələb və təhdid dili ilə danışa bilməz.”-deyə, Siyavuş Novruzov bidirib.

YAP İcra katibinin müavini qeyd edib ki, bu qətnamənin qəbulu tarixi də bir sıra bədniyyətli məqamlardan xəbər verir: “Məlum olduğu kimi, dövlət başçımız ötən ilin yekunlarına həsr olunmuş müşavirədə bu il dövlət idarəçiliyinin çevik və effektivliyini artırmaq məqsədilə bütün sahələrdə ciddi struktur islahatlarının aparılacağı barədə xəbərdarlıq etdi və göründüyü kimi də bu proses artıq başlayıb. Belə köklü islahatlar sayəsində Azərbaycanda idarəçilik keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyacaq və bu da heç şübhəsiz vətəndaşların rifah halının yaxşılaşdırılmasında, xalq-iqtidar birliyinin daha da möhkəmlənməsində öz əhəmiyyətli rolunu oynayacaq. Ona görə də daxildəki “5-ci kolon” ölkə xaricindəki himayədarları ilə sinxron fəaliyyətə keçərək ölkədə görülən və görüləcək işlərə indidən qara yaxmaq, bu islahatları sabotaj etmək üçün əlbir əməllərini aktivləşdirməyə cəhdlər göstərirlər. Lakin unudurlar ki, xalq kimin kim olduğunu yaxşı bilir, dünyada gedən prosesləri bu üzdəniraq vətənşüvənlərdən daha yaxşı qavrayır və məhz buna görə də cənab prezidentin ətrafında ildən ilə daha sıx birləşir. Ona görə də, Azərbaycandakı iqtidar-xalq birliyi sarsılmazdır və bu birlik istər daxili, istər xarici, bütün anti-Azərbaycan dairələrinə hər zaman layiqli cavab verəcək. Azərbaycan bütün beynəlxalq təşkilatlarla ancaq qarşılıqlı faydalı dialoq yolunu seçib və yalnız bu yolun səmərəliliyinə inanır”.


Müəllif: Nərgiz