19 Yanvar 2019 08:28
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa Parlamentinin qəbul etdiyi “Azərbaycanda Mehman Hüseynovun işi” adlı qətnamə məni təəccübləndirmədi. Hələ 2012-ci ildə Azərbaycanda Avroviziya musiqi yarışması keçiriləndə analoji addımdan sonra təəccüblənməyə son qoymuşam”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Rafael Cəbrayılov Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməni şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan I Avropa Oyunları və İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəndə də Avropa Parlamentinin və Avropa Şurasının anti-Azərbaycan addımlarının şahidi olmuşuq:

“2012-ci ildə Avroviziya müsabiqəsindən sonra Avropa təşkilatlarının qərarlarına təəccüblənmirəm. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad olunmasına, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasının sürətlənməsinə, Azərbaycanın 1 milyondan artıq məcburi köçkün və qaçqınlarının hüquqlarının müdafiəsinə, Ermənistanın girov götürdüyü Azərbaycan vətəndaşlarının təcili qaytarılmasına çalışsaydılar, həqiqətən təəccüblənərdim”.

Deputatın fikrincə, Azərbaycanın uğurları artdıqca Avropa təşkilatlarının Azərbaycan əleyhinə qəbul etdiyi qərarların sayı da artır:

“Mən o təşkilatların fəaliyyətini qaragüruh fəaliyyət hesab edirəm. Dünyadakı münaqişə ocaqlarının böyük əksəriyyətini yaradan Avropanın o ölkələrdə nizamı pozaraq onlara “demokratiya ixrac etmək”lə məşğul olduğunu nəzərə alsaq, onda Avropa Parlamentinin qəbul etdiyi bu qətnamənin demokratiya sevgisindən, yoxsa “qaragüruhçuluq sindromu”ndan irəli gəldiyini daha yaxşı anlayarıq. \

Doğrudanmı Azərbaycan müstəqilliyini əldə etdiyi bu dövr ərzində, ümumiyyətlə, Avropa Parlamentinin və ya digər təşkilatlarının nəzərini cəlb edəcək uğuru yoxdur? Axı bu, absurddur”.

Rafael Cəbrayılov qeyd edib ki, Azərbaycan istər daxili və xarici siyasətini, istərsə də strateji inkişaf xəttini beynəlxalq təşkilata xoş olsun deyə, onun istəyinə uyğun şəkildə qurmur:
“Dövlətimiz siyasi xəttini xalqın iradəsinə uyğun qurur. Genetik müsbət keyfiyyətlərdən irəli gələrək xalqımız demokratiyaya, söz azadlığına, insani dəyərlərin daha ciddi şəkildə qorunmasına meyllidir. Bu xalq demokratiyaya o qədər meyllidir ki, hələ 1918-ci ildə qurduğu Azərbaycan Xalq Cümhuriyyəti də parlamentli respublika idi. Dövlət idarəçiliyi forması olaraq parlamentli respublika üsuli idarəsindən demokratik dövlət idarəçiliyi yoxdur. Bu xalq bütün dünyaya nümunə göstəriləsi xalqdır. AXC hökuməti istefaya gedərək bütün dünyaya istefa mədəniyyəti göstərdi. Azərbaycan qadına ilk dəfə səsvermə hüququ verdi. Bu xalq demokratiyaya, insan hüquqlarına hansısa xarici qüvvənin xoşuna gəlməsi üçün hörmətlə yanaşmır. Bu, Azərbaycan xalqının genetik kodundadır.

Avropa Parlamentinin qəbul etdiyi bu qətnamədə söz azadlığının boğulması, guya demokratiyanın olmaması, insan hüquq və azadlıqlarnın pozulması kimi ifadələr Azərbaycan xalqına yapışmır. Bu, xalqımız haqda deyilən absurd ifadələrdir”.


Müəllif: Nərgiz