19 Yanvar 2019 15:40
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zimbabve təbii ehtiyatlarla zəngin Afrika ölkəsidir. Bu ölkə uzun müddət Robert Muqabenin timsalında avtoritar rejim tərəfindən idarə olunub. Bu illər ərzində də Zimbabve xalqı böyük sıxıntı içində yaşayıb. İndi isə hakimiyyətə yeni qüvvə gəlib. Düzdür, yeni Prezident Emmerson Mnanqaqva Muqabenin dönəmində ədliyyə naziri olub, amma buna baxmayaraq, o, proseslərə yeni gözlə baxmağa başlayıb”.

Bu sözləri Zimbabve prezidentinin Azərbaycana səfərini Teleqraf.com-a şərh edən politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, yeni başçı Zimbabveni dünya miqyasında tanınan dövlətə çevirməyə çalışır:

“Zimbabvenin təbii ehtiyatlarından xarici investisiyaları öz ölkəsinə gətirmək üçün cəhdlər edir. Bu çərçivədə Çin Zimbabveyə 2 milyard dollardan çox investisiya yatırıb. Lakin ölkənin yeni hökuməti bununla kifayətlənmək istəmir, Rusiya və Qazaxıstanla yanaşı, Azərbaycanla da əlaqələr qurmaq istəyir.

Bu baxımdan Azərbaycanla tikinti, yaxud inşaat sektorunda əməkdaşlıq etmək istədiklərini diqqətə çatdırırlar. O cümlədən, Zimbabvedəki təbii ehtiyatların istismar edilməsi üçün böyük şirkətlərə, maddi-texniki vasitələrə ehtiyaclarının olduğunu bildirirlər. Zimbabve Azərbaycanla tikinti sahəsində əməkdaşlıq etməyə maraq göstərir.

Azərbaycan üçün Zimbabve ilə əməkdaşlıq o baxımdan maraqlıdır ki, ölkəmiz özünün xarici əlaqələrini daha geniş coğrafiyaya yaymaq siyasi yürütdür. Bu baxımdan, Zimbabve ilə tikinti sahəsində əməkdaşlıq etmək, bu sektora investisiya yatırmaq olar. Digər yandan, Azərbaycanın inşaat sektorunda böyük təcrübəsi, bu sahədə ixtisaslaşmış şirkətləri var. Amma bizim üçün Zimbabve ilə siyasi əməkdaşlıq etmək daha maraqlıdır. Çünki Zimbabve BMT-nin üzvüdür və bir sıra beynəlxalq təşkilatlarda nümayəndələri fəaliyyət göstərir. Azərbaycan isə işğala məruz qalmış ölkə kimi, öz haqq səsini dünyaya çatdırmaq üçün dəstəyə ehtiyacı var”.

Qabil Hüseynli xatırladıb ki, Azərbaycan post-sovet məkanında yerləşən ilk ölkə kimi BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçiləndə, Zimbabve Azərbaycanın lehinə səs vermişdi: “Yəni, biz bu kimi məsələlərdə digər beynəlxalq təşkilatlarda Zimbabvedən dəstək ala bilərik. Buna görə də, qarşılıqlı əməkdaşlıq hər iki ölkə üçün böyük əhəmiyyətə malikdir”.

Qeyd edək ki, Zimbabve Prezidenti Emmerson Mnanqaqva Azərbaycana səfər edib. O, səfər çərçivəsində paytaxt Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.


Müəllif: Mənsur Rəğbətoğlu