19 Yanvar 2019 17:25
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Afirka çox böyük əhəmiyyətə malik qitədir. Orada yerləşən ölkələrin böyük əksəriyyətinin strateji önəmi var. Fikir versək görərik ki, son vaxtlar dünya ölkələri Afrika qitəsi dövlətlərinə xüsusi maraq göstərir, ora milyardlarla dollar sərmayə yatırırlar.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

O qeyd edib ki, qonşularımız olan Türkiyə, Rusiya kimi ölkələr Afrikaya xüsusi maraq göstərirlər:

“Afrika ölkələri təbii ehtiyatlarla zəngindir. Dünya okeanı ilə əhatə olunub. Konkret olaraq Azərbaycan-Zimbabve münasibətlərinə gəldikdə deyə bilərik ki, bizim ölkəmiz də çoxşaxəli xarici siyasət həyata keçirir. Biz nəhəng enerji layihələri həyata keçirir, nəhəng nəqliyyat-kommunikasiya layihələrində iştirak edirik.

Azərbaycan xarici siyasətinin əsas istiqamətlərində biri də xarici ölkələrə milyardlarla manat sərmayə yatırılmasından və bundan iqtisadi faydanın əldə olunmasından ibarətdir. Zimbabvenin də vaxtilə Qərblə müəyyən problemləri olub. 2006-cı ildən etibarən Zimbabve üzünü şərqə çevirib. Onların “Şərqə baxış” adlı dövlət proqramı var. Bu da Çin, İran, Koreya, Malayziya, İndoneziya, Hindistan və digər şərq ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasını nəzərdə tutur.

Artıq görürük ki, Zimbabvenin siyasətində şərqə baxış önəmli yer tutur. O ölkənin prezidentinin səfəri də Azərbaycanla yanaşı Rusiya, Belarus və Qazaxıstanı əhatə edir. Görünür, Zimbabvenin strategiyasında Azərbaycanın da yeri var. Zimbabve təbii ehtiyatlarla, o cümlədən qızıl, almaz və digər qiymətli metallarla zəngin ölkə olsa da, əhalisi çox kasıb ölkədir. Biz ora sərmayə yatıra, böyük işlər görə, zavodlar aça bilərik. Bizim bundan fayda götürməyimiz mümkündür”.

N.Məmmədova qeyd edib Zimbabve Qoşulmama Hərəkatının üzvüdür. Azərbaycan da hərəkatın fəal üzvüdür və bu ildən etibarən 3 il müddətinə təşkilata sədrlik edəcək:

“Bu baxımdan bizim təşkilat çərçivəsində də əməkdaşlığımız mümkündür. Zimbabve aparteid rejiminə qarşı Afrikada mübarizə aparmış önəmli ölkələrdən biridir. Eyni zamanda sirr deyil ki, BMT-də Afrika ölkələrinin çox güclü mövqeyi var. Bu baxımdan BMT-də keçirilən səsvermələrdə Zimbabve kimi ölkələrin bizi dəstəkləməsi çox vacibdir”.


Müəllif: Səxavət Həmid