19 Yanvar 2019 20:50
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zimbabve Prezidenti Emmerson Mnanqaqva Azərbaycandan əvvəl Rusiyada olub. Əslində Afrika ölkələrinin bizim regionla, Avrasiyanın bu hissəsi ilə münasibət qurmaq istəməsinin səbəbləri ondan ibarətdir ki, qitə ölkələri hazırda bir sıra böyük dövlətlərin maraq dairəsindədir. Aparıcı ölkələr Afrika dövlətləri üzərində rəqabət aparırlar.

Teleqraf.com xəbər verir ki, bunu Zimbabve Prezidenti Emmerson Mnanqaqvanın Azərbaycana səfərini şərh edən politoloq İlqar Vəlizadə bildirib.

O qeyd edib ki, Afrikaya yaxın olan ABŞ-ın, Çinin, Hindistanın bu rəqabət nəticəsində onlardan öz geosiyasi maraqları naminə istifadəsi də gündəmə gəlir:

“Afrika ölkələri adları çəkilən ölkələrlə münasibət qurduqdan sonra onlardan müəyyən asılılıq da yaranır. Ona görə də Afrika ölkələri elə dövlətlərlə münasibət qurmağa çalışırlar ki, bu münasibətlər əsnasında geosiyasi asılılıq az olsun. Belə ölkələrdən biri də Azərbaycandır. Çünki Azərbaycanın müəyyən maliyyə imkanları var. Azərbaycan son illər ərzində dünya siyasi arenasında oyunçu kimi təsdiq edib. Ona görə də Azərbaycanla münasibətlər qurmaq Afrikanın bu ölkələrinin dünya güclərindən sığortalanması deməkdir”.

Ölkəmizlə Zimbabveinin hansı istiqamətdə münasibət qurmasının mümkünlüyünə gəldikdə isə İ.Vəlizadə qeyd edib ki, ilk növbədə iqtisadi istiqamətlərdir:

“Bu ölkələrin investisiyalara ciddi tələbatı var. Azərbaycan bu ölkələrə sərmayə yatıra bilər. Hazırda Azərbaycanın bir çox ölkələrdə sərmayələri var və ölkəyə gəlir gətirir. Bu, əsasən Balkan, bəzi Yaxın Şərq ölkələridir. Afrika bizim üçün investisiya baxımından yeni bazardır. Azərbaycanın bu ölkələrlə işləməyə müəyyən marağı var. Afrika ölkələrinin zəngin təbii yataqları var. Bu yataqları istismar etmək bizi maraqlandıra bilər. Ona görə də əlbəttə, bu səfərin Azərbaycanın dünyada apardığı siyasətə müsbət təsirləri olacaq”.

Qeyd edək ki, Zimbabve Prezidenti Emmerson Mnanqaqva yanvarın 18-də Azərbaycana işgüzar səfərə gəlib. Bu gün o, Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparıb.


Müəllif: Səxavət Həmid