19 Yanvar 2019 21:10
1 983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gözlənildiyi kimi, “Milli Şura”nın növbəti mitinqi də uğursuzluqla nəticələndi və bu reallıq artıq uzun illərdir Əli Kərimlini müşayiət etməkdədir. Sağlam düşüncəli ictimai rəy ümumiyyətlə, bu qaragüruhçuların fikirlərinə əhəmiyyət vermir. Çünki onların məqsədləri Azərbaycanın dövlətçilik məsələlərinə doğru yönəlməyib.

Bunu Teleqraf.com-a açıqlamasında “Səs” Media Qrupunun rəhbəri, siyasi şərhçi Bəhruz Quliyev bildirib.

O qeyd edib ki, biz bu gün mitinqdə çıxış edən qaragüruhçu “liderər”in bir neçə gün öncə Avropa Parlamentinin çıxardığı saxta və əhəmiyyətsiz qətnaməsindən doğan kirli məqsədlərinin şahidi olduq:

“Corc Sorosun və onun Rebekka Harms kimi əlaltılarının buyruq qullarına çevrilən bu siyasətbazlar guya “aclıq aksiyası” keçirənlərdən, xüsusilə Mehman Hüseynovdan “narahat” olduqlarını dilə gətirdilər. Lakin hər kəs əmindir ki, nə Əli Kərimlini, nə də digərlərini onların heç biri maraqlandırmır. Onları maraqlandıran saxta aclıq aksiyalarına görə ciblərinə axacaq qrantlar və digər maddi vəsaitlərdir. Ümumiyyətlə, uğursuz mitinq barədə bir çox mülahizələr irəli sürmək olar. Ən əsası odur ki, bu adamlar öz siyasi aksiyalarında bir dəfə də olsun ki, qaçqın və məcburi köçkünlər, işğal olunmuş torpaqlarımız barədə etiraz səslərini ucaltmayıblar. Məhz bu fakt, başda “Milli Şura” və onun yetkililəri olmaqla, bütövlükdə dağıdıcı müxalifətin aşkar simasızlığını ortaya qoymuş olur”.

Media qurumunun rəhbəri, həmçinin qeyd edib ki, artıq insanlar Əli Kərimlinin, Cəmil Həsənlinin çağırışlarından, boş vədlərindən beziblər:

“Əbəs deyil ki, “Milli Şura”nın mitinqinə qatılmayan insanlar bu və ya digər şəkildə müxalifət “liderlərinə” antipatiyalarını sərgiləyirlər. Artıq cəmiyyət bütün mənalarda dövlətçiliyin yanında olmağın vacibliyini dərk edir. Diqqət yetirsək görərik ki, vaxtilə radikal dindarlardan öz məqsədləri üçün istifadə edən Əli Kərimli və havadarları indi də cinsi azlıq nümayəndələrindən faydalanmağa çalışırlar. Əbəs deyil ki, Avropa Parlamentinin saxta və qərəzli “qətnaməsi”ndə bu məsələyə də toxunulub və AXCP sədri dərhal həmin məsələni öz maraqları üçün istifadə etməyə çalışır. Bəlkə də o bunu açıq şəkildə etiraf etməyə bilər, amma fakt budur ki, AP-nin saxtakarlığına dəstək verilirsə, demək, həmin “qətnamə”də irəli sürülən “müddəalar” da “liderlər” tərəfindən qəbul edilir. Ümumiyyətlə, nə mənəvi, nə əxlaqi, nə də digər meyarlara sığmayan bu kimi halların məhz Əli Kərimli, eləcə də “Milli Şura”nın digər yetkililəri tərəfindən dəstəklənməsindən təəccüblənməyə dəyməz. Belə ki, bu anti-milli qüvvələr şeytanla da əməkdaşlığa hazırdır, təki, imicimiz korlansın. Bu, onların aşkar sifətlərdirir”.

Siyasi ekspert bildirib ki, bu gün Azərbaycan xalqı və dövləti islahatlarla, inkişaf və tərəqqi ilə ölkənin yüksəlməsi istiqamətində vahid şəkildə birləşib və bu vəhdəti heç bir xəyanətkar, satqın, anti-dövlətçi qüvvələr pozmaq iqtidarında deyil:

“Yəqin ki, uğursuz mitinq Əli Kərimliyə və onun yandaşlarına növbəti məğlubiyyət dərsini verdi. Lakin ardıcıl, rüsvayçı məğlubiyyətlərdən nəticə çıxarmamaları onları daha dərin, dibi görünməyən uçuruma doğru yuvarladır”.


Müəllif: Səxavət Həmid