20 Yanvar 2019 11:15
1 261
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümummilli lider Heydər Əliyevin Sovet hökuməti qarşısında qoyduğu məsələlər SSRİ adlanan böyük imperiyanın rəhbərliyinə ünvanlanan etiraz və siyasi ittiham kimi səslənirdi. Təsəvvür edin ki, bu sözlər səslənən zaman Bakı küçələrində tanklar gedirdi. İnsanlar küçəyə çıxmağa ehtiyat edirdilər. Xalq artıq öz şəhidlərini vermişdi, Azərbaycanın azadlığı üçün aparılan möhtəşəm mübarizədə şəhidlər öz qanları bahasına sözlərini demişdilər. Ümummilli lider o çıxışı edərkən bütün vəzifələrdən azad edilmişdi. Ona görə azad edilmişdi ki, bu hadisələri törətmək mümkün olsun, Qarabağın Ermənistana verilməsinin yolları asanlaşsın.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla deyib.

Onun sözlərinə görə, belə bir vəziyyətdə yalnız Azərbaycanda deyil, digər ölkələrdə də oyanış artıq özünü göstərməyə başlamışdı: "Həmin ölkələrdə gedən hərəkatların liderləri və iştirakçıları baxıb ibarət dərsi alsınlar və geri çəkilsinlər deyə, buraya əlavə qüvvələr gətirildi”.

K.Abdulla o dövrdə digər ölkələrdə cərəyan edən hadisələrdən də danışıb: "Əgər Azərbaycanda şəhidlər öz etirazlarını qanları, canları bahasına verməsəydilər, SSRİ-nin tərkibindəki digər respublikaları da belə günlər gözləyirdi. Azərbaycan öz şəhidlərini böyük ehtiramla son mənzilə yola saldı. Yadımdadır ki, Azadlıq meydanında fövqəladə vəziyyətə baxmayaraq, bütün insanlar ayağa qalxıb öz şəhidlərini yola salırdı. Şəhidlərin arasında mənim tələbəm Ülvi Bünyadzadə də var idi. Çox sadə, gülərüz, son dərəcə səmimi insan idi. Gözəl şeirlər yazırdı, mənim də yanıma gətirirdi, müzakirə edirdik. Ülvi kimilərin öz həyatlarını düşünmədən xalqa qurban verməsi bu xalqın böyüklüyünə, əzəmətinə dəlalət edir. Tarix bizə həm də onu öyrədir ki, bu torpaq uğrunda ölənlər olub və bu torpağı bundan sonra qorumaq bizim hamımızın birgə işimizdir, borcumuzdur”, – deyə Kamal Abdulla bildirib.

Onun sözlərinə görə, Azərbaycan 20 Yanvarda “SOS” işarəsi kimi bütün dünyaya təhlükədən xəbər verib: “Bu xəbəri ulu öndərimiz verdi. Bu, Allahın ona verdiyi cəsarət, əzm idi. Bu gün Azərbaycan müstəqil şəkildə öz cəsarətli addımlarını atırsa, bu cəsarətlərin arxasında Heydər Əliyevin hərəkətləri, davranışı, siyasi qəddi-qaməti durur. Unutmayaq ki, onun amalı bütövlükdə azərbaycançılıq idi, idealı xalqın azad, firavan həyatı idi. Onun məqsədi Azərbaycanın gözəl günlərə qovuşması, öz keçmişinə layiq gələcək qurması idi. Bu yolda o, şəhidlər kimi öz həyatını, sağlamlığını qurban verdi. Azərbaycana olan ən böyük töhfəsi də onun öz siyasi xələfini ən ləyaqətli şəkildə hazırlamağı oldu. Bu, bizim əziz prezidentimiz İlham Əliyevdir ki, biz hamımız onun ətrafında sıx birləşmişik”.


Müəllif: Teleqraf.com