20 Yanvar 2019 11:28
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan xalqının qarşısında mühüm vəzifələr durur və ən mühüm məsələ Ermənistan tərəfindən işğal olunmuş əraziləri geri qaytarmaqdır. İkinci məsələ xalqın rifahını daha da yüksəltmək, Azərbaycanın inkişaf etmiş ölkələr sırasında yerini daha da möhkəmləndirmək, daha güclü Azərbaycan quruculuğuna nail olmaqdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan sürətlə inkişaf edir, ölkə başçısı Azərbaycanın inkişaf istiqamətlərini dəqiq müəyyən edib: "Prezidentimiz bu hədəflər üçün siyasi istiqamətlər müəyyən edib, bütün dövlətlər bu istiqamətdə fəaliyyət göstərir və inkişaf edir. Belə olan şəraitdə ölkədə bəzi qruplar həm xaricdən olan təbliğatın və digər təsirlərin nəticəsində, həm də özlərinin mənfur niyətlərini həyata keçirmək naminə qarşıdurma yaratmaq və sairə cəhdlər edirlər. Bu cəhdlər zamanı da mitinqlərdən istifadə edirlər”.

Mübariz Qurbanlı bildirib ki, Azərbaycan demokratik dövlətdir, bu gün mitinqlərlə nəyisə xalqa çatdırmaq, nəyəsə nail olmaq zamanı arxada qalıb: “Kiminsə, hansısa siyasi qrupun sözü varsa, bunu cəmiyyətə çatdırmaqda heç bir problem yoxdur. Məsələn, "Məhsul" stadionunda keçirilən mitinq bir daha göstərdi ki, Azərbaycan xalqı bu cür aksiyalara dəstək vermir. Burada toplaşan eyni adamlardır, eyni fikirlər səsləndirirlər, eyni sözlər deyirlər və onların söylədikləri bayat fikirlərə xalq heç reaksiya da vermir, verməyəcək də, çünki onların dediklərində hər hansı bir yenilik yoxdur”.


Müəllif: Teleqraf.com