21 Yanvar 2019 12:28
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zənnimcə, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Paris görüşündə xalqları sülhə hazırlamaqla bağlı öhdəliklərdən əlavə, ilkin mərhələdə işğal olunmuş ərazilərin qaytarılması, danışıqların hansı istiqamətdə getdiyi barədə də açıqlama verilməli idi. Xalqları sülhə hazırlamaq planı ilk növbədə Ermənistana şamil olunmalıdır. Çünki Azərbaycanın işğal olunmuş əraziləri geri qaytarılarsa, sülh birmənalı şəkildə mümkündür.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.

O qeyd edib ki, Ermənistanın əraziləri qaytarıb-qaytarmamaqla bağlı mövqeyi bəlli olmalıdır:

“Ümumiyyətlə, xalqları sülhə hazırlamaq kimi manipulyativ danışıqlar Minsk Qrupunun planıdır. Konfliktin həlli birbaşa Moskvanın siyasətindən asılıdır. Biz görürük ki, Moskvanın Qarabağ siyasəti birmənalı deyil. Məhz xalqların sülhə hazırlanması məsələsi ortaya çıxdıqdan sonra Rusiya XİN-in bu ölkənin vətəndaşı olan ermənilərin Azərbaycana buraxılmaması barədə təhdidedici tonda mesajı birbaşa Qarabağ danışıqlarında Azərbaycanın sülhə hazır olmadığını göstərməyə xidmət edir. Moskva bununla göstərmək istəyir ki, Azərbaycanda ermənilərə münasibət mənfidir. Ümumiyyətlə, Rusiyanın Ermənistanda hərbi varlığı davam etdikcə, danışıqlar səmərə verməyəcək”.

M.Əsədullazadə onu da bildirib ki, Ermənistada Serj Sərkisyan-Robert Köçəryan cütlüyü situasiyanın yetişməsini gözləyir və revanşa qalxa bilər:

“Sərkisyanın Respublika Partiyası bundan istifadə edərək Paşinyanı xalq düşməni və torpaqları satmaqda ittiham edə, orduda onlara bağlı olan hərbçiləri öz tərəflərinə çəkə bilər. Təbii ki, bu prosesin başında Ermənistan ordusunda Rusiyaya bağlı yüksək rütbəli hərbçilər, generallar dayanacaq. Bundan istifadə edə biləcək əsas qüvvə də Rusiya olacaq”.


Müəllif: Səxavət Həmid