21 Yanvar 2019 14:56
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmam Hüseyn məscidinin axundu Hacı Əbdül kommunist fəallarla görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə əsasən, Azərbaycan Kommunistlər Birliyinin üzvləri iştirak edib.

Hacı Əbdül bildirib ki, rəhbərlik etdiyi məscidin təmirinə çox böyük ehtiyac olub: “Qədim tarixi və təkrarı olmayan ibadət məkanı olan məscidimizin təmiri ilə əlaqədar çox yerə müraciət etsək də, kömək edən olmadı. Nəhayət, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət etdik. Sağ olsun ki, bizim müraciətimizi qəbul edərək, məscidi əsaslı surətdə və gözəl şəkildə təmir etdirdi”.

Daha sonra Hacı Əbdül deyib ki, İmam Hüseyn məscidi 1890-cı ildə xeyriyyəçi Hacı Hacıbala tərəfindən tikilib:

“İndi deyirlər ki, guya bolşeviklər bu məscidi bağlayıblar. Əslində məscid inqilabın baş verdiyi illərdə yaranmış vəziyyətlə əlaqədar qısa müddət ərzində bağlı olub və sonralar Azərbaycan sovet hökumətinin rəhbərlərindən biri Nəriman Nərimanovun dəstəyi ilə dindarların üzünə açılıb”.

Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət Abdinov xalqımızın böyük şəxsiyyəti, görkəmli dövlət xadimi Nəriman Nərimanovun dini ocaqlara münasibətini obyektiv ifadə etdiyinə görə Hacı Əbdülə təşəkkür edib.

O bildirib ki, Nəriman Nərimanov milli-mənəvi dəyərləri yüksək qiymətləndirib və qorumağa çalışıb.

Ədalət Abdinov əlavə edib ki, kommunist ideologiyası hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququnu müdafiə edir.

Onun fikrincə, Azərbaycan sovet hakimiyyəti şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilməsinin əleyhinə olub.


Müəllif: Cavad