“Təcavüzkar ölkənin baş nazirinin Gürcüstanda soydaşlarımızın kompakt yaşadıqları Bolnisi rayonuna səfəri təbii ki, böyük narahatlıq yaradır. Paşinyanın ermənilərin yaşadıqları Xaçınlı kəndinə getməsi də sadə məsələ deyil”.
Bunu Teleqraf.com-a açıqlamasında Qafqaz üzrə araşdırmaçı Kamran Ramazanlı bildirib.
Onun sözlərinə görə, bu gün Bolnisi rayonunda əhalinin 70 faizdən çoxu azərbaycanlılar olsa da, rayon rəhbərliyində soyadları gürcü soyadları olan, amma əslində erməni xalqının çoxsaylı nümayəndələri təmsil olunur:
“Gürcülərin Bolnisi rayonunda ermənilərə sevgisi – bizimkiləri sıxışdırması da müşahidə olunur. Rayon rəhbərliyindəki ermənilər var, gücləri ilə soydaşlarımızın rayon mərkəzində ev almasına maneçilik törədirlər. Xaçınlı adlanan kənddə isə ermənilər məskunlaşıb. Rayon bələdiyyəsinin 28 üzvündən cəmi 12-si azərbaycanlıdır. Rayon meriyası və bələdiyyəsinin aparatında cəmi 11 faizə yaxın milli azlıqların nümayəndələri çalışır. Bu gün rayon mərkəzində bir azərbaycanlı ailəsi yaşamır. Vaxtilə Zviad Qamsaxurdiya və Merab Kostava tərəfindən 830-dan çox ailə öz isti ocaqlarından zorla deportasiya edildilər. 1990-1993-cü illərdə Bolnisi rayonunda kəndlərin tarixi adları dəyişdirildi. Xristianlar yaşamadığı halda kəndlərin girişinə və qəbiristanlıqların yaxınlığına xaçlar düzüldü”.
K.Ramazanlı təəssüflə qeyd edib ki, Azərbaycandan Gürcüstana səfər edən nümayəndə heyətləri adətən, Tiflisdə və Marneulidə olurlar, ağır durumda olan Bolnisiyə və Dmanisiyə getmirlər:
“Halbuki, tez-tez həmin rayonlara getmək və orada tədbirlər keçirmək lazımdır. Nümayəndə heyətləri soydaşlarımızın problemlərini dərindən öyrəndikdən sonra Gürcüstanın aidiyyəti dövlət strukturları ilə birgə problemlərin həllinə nail olmalıdırlar”.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 15-də Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonuna səfər edib. O, burada gürcü həmkarı Mamuka Baxtadze ilə qeyri-rəsmi formatda görüş keçirib.
Görüşlə bağlı “Feysbuk” səhifəsində açıqlama yerləşdirən N.Paşinyan aşağıdakıları qeyd edib:
“Bolnisidə Gürcüstanın baş naziri, dostum Mamuka Baxtadze ilə çox isti, qeyri-rəsmi görüş keçirdim. May ayında Dilican şəhərində erməni-gürcü biznes-forumunun keçirilməsinə qərar verdik”.