Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl İranla yeni qaz razılaşmasına dair müzakirələrin getdiyini açıqladı. Müzakirələr əsasən, İrandan alınan qazın nəqlinin artırılması istiqamətində aparılır. Nikol Paşinyan eyni zamanda Rusiya ilə də qazın qiyməti ilə bağlı yaranmış problemin həlli üçün danışıqlar aparır. Belə görünür ki, Paşinyan qaz məsələsində ikibaşlı oyun oynayır.
Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti, politoloq Zeynal Əmrəliyev bildirib.
O qeyd edib ki, hazırda Ermənistanın əsas qaz təchizatçısı Rusiyadır. N.Paşinyanın əsas istəyi də ölkəsini Rusiyanın qaz asılılığından qurtarmaqdır:
“İnanmıram ki, hazırkı vəziyyətdə Paşinyan İranla qaz nəqlinin artırılması məsələsində razılığa gələ bilsin. İranın həm Rusiya ilə qarşı-qarşıya gəlməmək, həm də qiymət aşağı olduğu üçün Ermənistana qaz nəqlini artıracağı inandrıcı deyil. Rusiyanın da bu məsələdə razılığa gələcəyi inandırıcı görünmür. Çünki ölkəyə tətbiq olunan sanksiyalar səbəbindən rublun qiymətində sürətli azalma müşahidə olunur. İqtisadi vəziyyətin ürəkaçan olmadığı bir vaxtda Moskanın İrəvanın bu istəyi ilə razılaşacağı inandırıcı deyil. Ancaq bir məsələ var. Əgər Rusiya ilə Gürcüstan arasında qazın tranzitinə dair razılaşma əldə olunmasa, bu məsələ haqqında düşünmək olar. Gürcüstan və Rusiya arasında yaranmış təbii qaz probleminin mahiyyəti budur ki, 2016-cı ildə Gürcüstan hökuməti ilə “Qazprom” arasında rus qazının Gürcüstan üzərindən tranzitinə dair müzakirə aparılırdı. Tərəflər arasında xeyli danışıq getmişdi. Rusiya tərəfi qiyməti rubulla ödəyəcəyini bildirsə də, Gürcüstan barter versiyasına üstünlük verirdi. Sonda Rusiya tərəfi taktiki üstünlüyü ələ ala bildi və tərəflər arasında 2 illik razılaşma əldə olundu. Bu razılaşma 2018-ci ilin sonunda bitdi. Ancaq uzun müzakirə aparılsa da, tərəflər yenə eyni problemlə qarşılaşıb razılığa gələ bilmir. Əgər yeni sazış imzalaya bilməsələr, ehtimal ki, Rusiya Ermənistana qaz idxal edə bilməyəcək. Bu halda İran tərəfi qaz ixracını artıracaq. Ancaq İran bu məsələdə Rusiya ilə razılaşmalıdır. Çünki həm Yaxın Şərq regionunda davam edən ittifaqı, həm də digər məsələlərlə bağlı strateji müttəfiqliyi pozmaq istəməz. Ancaq bu bir gerçəkdir ki, indiki şəraitdə Ermənistanda enerji cəhətdən üstünlük İranın tərəfindədir”.
Qeyd edək ki, Ermənistan 2009-cu ilin mayından bəri İrandan qaz alır. İran qazı “Elektrik əvəzinə qaz” layihəsi çərçivəsində Ermənistanda emal olunur. Layihəyə əsasən 1 kubmetr qaz 3 kVt hesabıyla İrana enerji şəklində ixrac edilir.