21 Yanvar 2019 20:00
1 389
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zaman-zaman Rusiya və Belarus arasında gərginlik baş verir. Bu, daha çox iqtisadi məsələlərlə bağlıdır. Uzun illərdir Belarusun Rusiyaya güzəştli çıxış imkanları var. Nəticədə Belarus malları rus bazarlarında yerli mallarla rəqabət apara bilir. Üstəgəl, Belarus malları rus istehsalından daha ucuz təklif olunur. Keyfiyyət baxımından da Belarus malları daha yüksəkdir”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Ekspert hesab edir ki, Rusiya tərəfindən gündəmə gətirilən bu məsələlər münasibətlərin gərginləşməsi baxımından ağlabatan görünmür:

“Çünki Rusiya və Belarus Avrasiya İqtisadi Birliyi, Gömrük İttifaqı və KTMT üzvüdürlər. Digər yandan, Belarus-Rusiya ikitərəfli münasibətlər baxımından qarşılıqlı öhdəliklər var. Yəni, bu bazarda şərtlər hər iki tərəf üçün eynidir. Lakin iqtisadi məsələlərlə bağlı tərəflər arasında çəkişmə uzun illərdir davam edir.

Rusiya Belarusa satdığı neft və qazın qiymətlərini qaldırmağa çalışır. Belarus da tərəflər arasında olan öhdəlikləri ön planda tutaraq, Rusiyanın bu addımlarına etiraz edir”.

İlqar Vəlizadə bildirib ki, tərəflər arasındakı bu iqtisadi qarşıdurma siyasi çalarlarla da zəngindir:

“İndi söhbət əsasən, Rusiyada keçiriləcək prezident seçkilərindən gedir. Rusiyada tez-tez hakimiyyətin ötürülməsi ehtimalları gündəmə gəlir. Həmin fərziyyəyə görə, Putin növbəti dəfə prezident seçilməyəcək və o, çalışacaq ki, Rusiya-Belarus ittifaqının rəhbəri olsun. Belə olan halda Belarusun Rusiyaya birləşdirilməsi ehtimalı gündəmə gəlir. Bunlar sadəcə fərziyyələrdir və proseslərin hansı istiqamətə yönələcəyi zaman məsələsidir. Bütün hallarda isə ikitərəfli münasibətlər kritik dönəmə girib. Hər iki ölkə öz maraqlarını önə çıxarmağa çalışır”.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Rusiya və Belarus neft sahəsində vergi manevrləri ilə bağlı təzminatlar barədə razılıq əldə edə bilməsə, Moskva Minskin simasında Qərb istiqamətində yeganə müttəfiqini itirə bilər.

Rusiya isə Belarusa satdığı neft və qazın qiymətlərini qaldırmağa hazırlaşır.


Müəllif: Mənsur Rəğbətoğlu