21 Yanvar 2019 19:45
2 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan hakimiyyətinin bütün işləri buraxıb Qarabağla məşğul olacağı az ehtimal olunur. Hələlik proses başlanmayıb, sadəcə, nazirlər Parisdə fikir mübadiləsi aparıb. Bu ilin ortalarına qədər danışıqlar prosesində yeni detalların ortaya çıxacağına inanmıram. Ancaq xaricdən Ermənistana ciddi təzyiqlər olsa, mümkündür ki, danışıqlar prosesində irəliləyiş olsun”.

Bu fikirləri Teleqraf.com-a fəlsəfə elmləri doktoru, professor Əli Abbasov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən danışarkən deyib.

Onun sözlərinə görə, Rusiya çalışır ki, Ermənistan işğal etdiyi bəzi əraziləri boşaltsın:

“Mən Rusiya mediasını, siyasi verilişlərini izləyirəm. Orada daima fikirlər səslənir ki, işğal edilən ərazilər qaytarılmalıdır. Lakin hələlik sadəcə, fikirlər səslənir. Yəni açıq formada Ermənistan qarşısında tələb irəli sürülmür. Sözsüz ki, Rusiyanın da öz məqsədi var. Çalışır ki, bəzi ərazilər Azərbaycana qaytarıldıqdan sonra sülhməramlı ad altında əsgərlərini konflikt zonasında yerləşdirsin. Ancaq indiki gedişlə yeni nüansın yaranacağını gözləmirəm”.

Professor əlavə edib ki, hazırda Ermənistanın iqtisadi istiqamətdə ciddi problemləri var. Onun sözlərinə görə, Ermənistan indi Rusiya ilə normal münasibətlərdə deyil:

“Eyni zamanda Ermənistan daxilində bölünmə də var. Hələlik bu qarşıdurmanı qabarıq formada göstərmək istəmirlər. Qarabağ klanı zamanında Yerevanda hakimiyyəti ələ keçirəndən qarşıdurma var. İndi yerli kadrlar irəli çəkilir və onlar Qarabağ erməniləri deyil. Hətta bir mərhələdə Paşinyan Qarabağ danışıqlarını Qarabağdakı separatçıların üzərinə atmaq istəyirdi.

Onu da əlavə edim ki, Ermənistanda inqilab olanda Qarabağda da erməni fəallığı hiss edildi. Amma sözsüz ki, mübarizə hakimiyyətdə olan Qarabağ erməniləri və onların ətrafı ilə gedir. Qarabağdakı separatçı rejimin lideri Bako Saakyandan da ermənilər bezib, hamı istəyir ki, o rədd olub getsin”.

Bununla belə Əli Abbasov qeyd edib ki, erməni cəmiyyətində indiki hökumətə qarşı duracaq qüvvə mövcuddur:

“Qüvvələr var. Respublika Partiyası var. Köçəryan özü həbsdə olsa da çıxdıqdan sonra siyasətə qayıda bilər. Qarabağ klanı uzun illər Ermənistanı soyub, qarət edib. İndi həmin klanın nümayəndələri yığdığını itirmək istəmir. Maliyyə gücləri də onların əlindədir. Mümkündür ki, bir müddətdən sonra Ermənistanda siyasi mübarizədə fəallıq arta bilər. Hazırda bəzi qüvvələr Paşinyanın iqtisadi məsələlərdə başını qatmasını, özünü xərcləməsini gözləyir. Ermənistanda imkanlar, kredit, maliyyə yoxdur. Bu halda iqtisadiyyatı necə ayağa qaldırmaq olar? Bu səbəbdən rəqibləri Paşinyanın iqtisadiyyatla məşğul olmasını, vəziyyətdən çıxmamasını istəyir. Hazırda Ermənistana diaspora xətti ilə milyonlar daxil ola bilər, amma iqtisadiyyatı dirçəltmək üçün 100 milyonlar lazımdır”.


Müəllif: Cavad