“AXCP və Əli Kərimli tək qalmaqdan qorxur, buna görə də Milli Şura adı altında gizlənirlər”
“Biz müxalifətik, biz hakimiyyətlə rəqabət aparmalıyıq. Amma biz müxalifətin lideri olmaq uğrunda mübarizə aparırıqsa, bu, hədəfdən yayınmaqdır. Bütün bunlar da müxalifətin liderinə çevrilmək istəyindən irəli gəlir. Ona görə də bu gün çoxları özlərini müxalifət naziri kimi aparırlar, nəticədə hakimiyyətlə mübarizə ikinci, üçüncü plana keçib”.
Ağ Partiyanın başqanı Tural Abbaslı belə düşünür.
Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:
“Mitinq başa çatdandansonra fikirlərini dəyişdilər”
- Tural bəy, Milli Şuranın yanvarın 19-da keçirilən mitinqi haqda fikriniz nədir? Mitinq təşkilatçılarının gözləntisi özünü doğrultdumu?
- Bu mitinqin izdihamlılığını və baş tutmasını, təşkilatçılara bağlamıram. Bu məsələdə yanlış fikir formalaşdırmağa çalışırlar, təşkilatçılar bunu özlərinə olan etimad kimi qələmə vermək istəyirlər. Bu mitinq bir sıra siyasi partiyaların və bəzi insanların maraqlarını əks etdirdiyi üçün mitinqə könüllü qatılmışdılar. Mitinqdən əvvəl sosial şəbəkələr üzərindən, mətbuat orqanları vasitəsilə ictimaiyyətə müraciətlər ünvanladılar, mitinqə dəvət etdilər. Özləri də siyasi ambisiyalarını gizlətmədən çıxıb iştirak etdilər. Yəni bu mitinqi hansısa siyasi partiyanın adına, yaxud bir şəxsin adına yazmağı yanlış hesab edirəm. Belə bir cəhd siyasi etikadan kənar davranışdır. Orada bir partiya yox, bir neçə siyasi partiyanın iştirak etdiyini də nəzərə almaq lazımdır. Bu, müxalifətin ümumi mitinqi idi. Mitinqdən əvvəl təşkilatçılar da texniki olaraq o fikri səsləndirirdilər ki, bu, ümumxalq mitinqidir, bizim mitinq deyil. Amma mitinq başa çatdıqdan sonra fikirlərini dəyişib bildirdilər ki, biz öz gücümüzü göstərdik. Bu da siyasi etikaya uyğun deyil.
“Müxalifət lideri” pafosundan imtina etmək lazımdır”
- Mitinqdən sonra o fikir irəli sürüldü ki, aksiyada bir neçə siyasi partiya və sədrlərin iştirak etməsinə baxmayaraq, Əli Kərimli aksiyaya müxalifətin yeganə lideri qismində qatıldığını nümayiş etdirdi. Bu haqda fikriniz nədir?
- Ümumiyyətlə, “müxalifət lideri” pafosundan imtina etmək lazımdır. Bizdə belə liderlər varsa, niyə biz 25 ildir müxalifətdəyik? Əgər bizdə xalqın etimad etdiyi və öz-özünü təriflədiyi kimi, siyasi fiqurlar varsa, niyə biz neçə illərdir siyasi proseslərdən kənarda saxlanılırıq? Bunun obyektiv, yaxud subyektiv səbəblərdən asılı olmasının fərqi yoxdur. Siyasət, mövcud resurslarla qalib gəlmək peşəsidir. Ona görə də bu məsələləri nəzərə almadan belə bir iddianı irəli sürmək siyasi etikadan kənardır. Çünki orada bir çox siyasi partiya iştirak edirdi. Hətta Əli Kərimlini siyasi fiqur kimi qəbul etməyən insanlar da mitinqə getmişdilər.
Mən getməmişdim. Çünki nə mənə dəvət göndərilmişdi, nə də bu prosesin siyasi protokol qaydalarına riayət edilmişdi. Tribunada və tribunadan aşağıda bir çox siyasi partiyanın rəhbəri, başqa-başqa siyasi fiqurlar varkən, özünü qabağa çəkmək heç bir əndazəyə sığmır. Əlbəttə, bunu siyasətçilər də, sadə insanlar da görür. Dəfələrlə belə hallar özünün mənfi təsirlərini göstərib. Kim özünü “müxalifətin lideri” kimi təqdim edirsəə mitinq çağırıb desin ki, bu, mənim mitinqimdir, mən burada özümü lider elan edəcəyəm, heç kəs gəlməsin, mən ancaq öz elektoratıma, mənə inananlara müraciət edirəm, gəlin gücümüzü göstərək. Belə bir mitinq keçirsin, orada istəyir özünü şah, istəyir padşah, istəyirsə də kral elan etsin.
Amma bunu əvvəldən ümumxalq mitinqi elan edib, sonradan “bu, mənim mitinqimdir” demək heç bir çərçivəyə sığmır. Bu da heç kəsə müsbət xal qazandırmır.
“İndiki Milli Şura AXCP və Gültəkin Hacıbəylidən ibarətdir”
- Bir qayda olaraq, belə mitinqlərin Milli Şuranın adından keçirilməsi də birmənalı qarşılanmır...
- Milli Şura prezident seçkiləri üçün siyasi partiyalar tərəfindən yaradılmış birlik idi. Bu baxımdan, seçkilərdən sonra Milli Şuranı süni nəfəslə yaşatmaq siyasi olaraq uğursuz addım idi. Milli Şura deyirlər, amma soruşmaq lazımdır ki, Milli Şurada AXCP-dən başqa kim var? Deməyəcəklər ki, Milli Şurada AXCP-dən başqa heç kəs yoxdur. Bəs, bu kimin, yaxud nəyin Milli Şurasıdır? Kimi öz ətrafında birləşdirir? Əgər o, Gültəkin Hacıbəylidirsə, onda bu hansı birlikdir? İndiki Milli Şura AXCP və Gültəkin Hacıbəylidən ibarətdir. Yəqin ki, AXCP və Əli Kərimli tək qalmaqdan qorxur, buna görə də Milli Şura adı altında gizlənirlər.
Sonuncu mitinqə gəlincə, təşkilatçıların səmimi olmadığının əsas göstəricisi kimi müraciət məsələsini hesab edirəm. Əgər bu mitinq ümumxalq maraqlarını özündə əks etdirirsə, o zaman, bunun təşkilatçılığını da bir siyasi təşkilat öz üzərinə götürməməlidir. Bunun üçün dəyirmi masa çağırılmalıdır, ümumi razılaşma əldə olunmalıdır, mitinqin yeri, tarixi, şüarı və keçiriləcəyi məkan müəyyən edilməlidir. Nəticədə də bu mitinq müxtəlif siyasi partiyaların, onların sədrlərinin imzası ilə elan edilməlidir. Biz Qarabağ Komitəsinin mitinqlərini bu formada təşkil edirik. Biz bütün siyasi partiyalara müraciətlər ünvanlayırıq ki, istəsələr, iştirak edə bilərlər. Bütün məsələlər də həmin mitinqə qatılan siyasi təşkilatlarla razılaşdırılır. Amma onların özləri yeri, tarixi, şüarı, hər şeyi müəyyən edib, özləri də imza atıb, sonra müraciət edirlər ki, gəlin, birgə mitinq keçirək. Bu da səmimiyyətin olmadığını göstərir. Əgər bu, hamının mitinqidirsə, onda hamı qərar versin. Amma mən inanmıram ki, insanlarımız bu xırda gedişlərə inanır, yaxud aldanır. Sadəcə olaraq, öz limitlərini sürətlə tükədirlər.
“Özlərini müxalifət naziri kimi aparırlar”
- Bəs, niyə mitinqdən əvvəl belə bir müzakirə təşkil edilmir?
- Mitinq uğurlu olarsa, bu uğuru bölməmək üçün belə bir müzakirəni təşkil etmirlər. Bununla kimsə bu uğuru öz adına yazmaq istəyir. Buna görə də ancaq Milli Şuranın adı hallandırılır. Sosial şəbəkələr və KİV-də də təbliğat bu yöndə aparılır. Buna görə də rəsmi təşkilatçılığa heç kimi dəvət etmirlər, amma qeyri-rəsmi təşkilatçılığa hamını dəvət edirlər. Uğursuz olsa, deyəcəklər ki, bu, hamının mitinqidir, uğurlu olsa, deyirlər ki, bu, bizim mitinqimizdir.
Biz müxalifətik, biz hakimiyyətlə rəqabət aparmalıyıq. Amma biz müxalifətin lideri olmaq uğrunda mübarizə aparırıqsa, bu, hədəfdən yayınmaqdır. Bütün bunlar da müxalifətin liderinə çevrilmək istəyindən irəli gəlir. Ona görə də bu gün çoxları özlərini müxalifət naziri kimi aparırlar, nəticədə hakimiyyətlə mübarizə ikinci, üçüncü plana keçib. Bütün gedişlər də dividendlər qazanmağa hesablanıb. “Ana müxalifət” ol! Bu, nəyi dəyişəcək? 25 ildir ana müxalifət, ata müxalifət olmaqla nə dəyişdi? Bu, insanların etimadını itirməkdən başqa heç bir fayda vermir. Hesab etmirəm ki, ana müxalifətin, ata müxalifətin, bala müxalifətin kim olması insanlarımız üçün maraqlı deyil. Bunlar uğurlu gedişlər deyil.