22 Yanvar 2019 17:00
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Davos İqtisadi Forumu dünya iqtisadiyyatına dair problemlərin müzakirəsi və ondan çıxış yollarının aranması istiqamətində çox mühüm iqtisadi platformadır. Dünya ölkələrinin böyük bir hissəsi forumun işində iştirak edir, dünyanın qlobal iqtisadi inkişafının əsas istiqamətləri barədə mülahizələrini söyləyir, çıxış yollarını araşdırırlar. Eyni zamanda Davosa toplaşan ölkələr ikitərəfli danışıqlar apararaq iqtisadi sövdələşmələr, razılaşmalar əldə edir və bu istiqamətdə digər işlər görürlər”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, Davos İqtisadi Forumu dünya iqtisadiyyatının tənzimlənməsində, əlaqələndirilməsində böyük rol oynayır:

“Azərbaycan dövləti hələ mərhum prezident Heydər Əliyevin dövründən forumun işində çox fəal iştirak edib. Həmin dövrdə dünyada baş verən iqtisadi prosesləri, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsini öyrənmək, eyni zamanda dünyada iqtisadi inteqrasiyaya qoşulmaq baxımından Azərbaycanın forumda iştirakının misilsiz əhəmiyyəti var idi. Çünki hələ o dövrdə bu forumlar bölgədə nəhəng iqtisadi layihələrin həyata keçirilməsini nəzərdə tutan Azərbaycan üçün çox qiymətli informasiya mənbəyi, eyni zamanda çox böyük siyasi və iqtisadi sövdələşmələrin hazırlanmasının bir məkanı idi. Azərbaycan bu məkanın imkanlarından maksimum faydalanmağa çalışdı və ondan xeyli istifadə etdi”.

Hazırda dünyanın iqtisadi inkişaf problemləri ilə üzləşdiyini bildirən Q.Hüseynli neftin qiymətinin gah qalxıb, gah endiyini vurğulayıb:

“Dünya iqtisadiyyatında qeyri-sabitlik nəzərə çarpmaqdadır. Məsələn, dünyanın iqtisadi nəhənglərindən olan Çin 28 illik iqtisadi yüksəliş dövründən sonra birdən birə tənəzzül dövrünə qədəm qoyub. Ölkədə inflyasiya ciddi surətdə artmaqdadır. İqtisadiyyatın böyüməsi nəzərəçarpacaq dərəcədə kiçilməkdədir. Həmçinin dünya iqtisadiyyatını daha böyük böhranın – indiyədək görmədiyimiz və nəticələri dəhşətli dərəcədə pis olacaq böhranın gözlədiyini söyləyənlərin sayı xeyli artıb. Bu rəyləri söyləyənlər çox böyük iqtisadi sistemlərin başında duran, bu proseslərdən baş çıxaran adamlardır. Ona görə də dünyanın yeni iqtisadi böhranla üzləşə biləcəyi haqqında söylənilən fikirlərdən yan keçmək mümkün deyil. Bu mənada Davos İqtisadi Forumu da yəqin ki, dünyada iqtisadi inkişafın vəziyyətini, bəzi ölkələrdə özünü artıq çox ağır formada büruzə verməkdə olan iqtisadi böhranları və bu böhranla müşahidə olunan əhalinin etirazlarını, hətta sosial çıxışlarını çox ətraflı müzakirə edəcək”.

Politoloq bildirib ki, Azərbaycan da forumun gəldiyi qənaətlərdən, verdiyi tövsiyələrdən maksimum yararlanmağa çalışacaq:

“Azərbaycan dünya iqtisadi proseslərində özünəməxsus rollardan birini oynamaqdadır. Bu səbəbdən Azərbaycanın Davos İqtisadi Forumunda iştirakına forumun təşkilatçıları böyük diqqət yetirir və ölkəmizin iqtisadi təcrübəsini burada yaymaqla inkişafın Azərbaycan modelini təqdim etməyə çalışırlar. İqtisadi modellərin həm müqayisəsi, həm də yarışı baxımından Davos İqtisadi Forumu özünün əhəmiyyətli tənzimləyici rolunu hər gün bir az da artırmaqdadır”.

Qeyd edək ki, yanvarın 22-dən 25-dək İsveçrənin Davos şəhərində ənənəvi Dünya İqtisadi Forumu keçirilir. Foruma bir sıra ölkələrin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri qatılıb. Forumda Prezident İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.


Müəllif: Səxavət Həmid