22 Yanvar 2019 17:26
1 261
12 Punto 14 Punto 16 Punto 18 Punto

Davos Dünya İqtisadi Forumu yenidən 4-cü sənaye inqilabı mövzusunu gündəmə gətirib. Bu mövzu ötən il də aparıcı olub.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O bildirib ki, 4-cü sənaye inqilabında, anlaşıqlı desək, bütün sahələrdə, ətrafımızda olan hər şeydə rəqəmsal transformasiya baş verəcək: “Söhbət rəqəmsallaşmaqdan getmir. Bu, artıq arxada qalmış proses hesab olunur. Yəni, fiziki , texnoloji nə varsa rəqəmsal və bioloji olan nə varsa onlar arasında sərhədlər, demək olar ki, yox olacaq.

Dünyanın hazırda mövcud olan trendlərinə baxsaq görərik ki, artıq proses başlayıb. Müasir gedişat hökumətlərdən, biznesdən və bütövlükdə cəmiyyətdən dünyada baş verən sürətli dəyişikliklərə uyğunlaşmağı və strateji hədəflər müəyyən etməyi tələb edir.

Davos Forumunun hesabatına görə yaxın bir neçə ildə milyonlarla iş yerləri ixtisara düşməlidir. Hansı ki bu iş yerlərində vacib olan bilik və bacarıqlar artıq heç kimə lazım olmayacaq. Yeni peşələr, yeni bilik-bacarıqlara malik işçilərə ehtiyac yaranacaq”.

Ekspert 4-cü sənaye inqilabının çağırışlarına cavab verən dəyişikliklər üçün bizim ölkədə olan vəziyyətdən də danışıb: “Hazırda Davosda olan Prezident Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlıq sazişini imzalayıb. Dövlət başçısı bildirib ki, dördüncü sənaye inqilabının hədəflərinin həyata keçirilməsində Azərbaycan da çox fəal iştirak edəcək.

Düşünürəm ki, vaxt az, rəqabətə davamlı infrastruktur qurmaq, rəqəmsal transformasiya üçün görüləcək işlər, həllini gözləyən problemlər isə çoxdur.

Əldə olunan uğurlar inkişaf etdirilməli, xüsusilə düşünürəm ki, biznes üçün daha münbit şərait yaratmaq, biznesə dövlət müdaxiləsini minimuma endirmək lazımdır.

Bəzən biz müşahidə edirik ki, dövlətin biznesə inteqrasiyası nəinki azalır, əksinə daha da artır. Bu, telekommunikasiya sektorunda daha aydın görsənir. Dövlət birbaşa kommersiya və birbaşa xidmət göstərmək sahəsinə daha çox can atır, sanki hər şeyi özü etmək istəyir.

Dünyanın yeni çağırışlarına baxanda görmək olar ki, bizdə aparıcı sənəd olan Strateji Yol Xəritəsi də az qala artıq köhnəlib. Hansı ki, biz oradakı tələblərin bir xeylisini hələ reallaşdırmamışıq. Bu baxımdan , düşünürəm ki, yeni çağırışlara cavab verən, 4-cü sənaye inqilabının hədəflərinə istiqamətlənən yeni strategiya hazırlanmalıdır”.


Müəllif: Aytən Yusifova