22 Yanvar 2019 19:45
1 318
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Parisdə danışıqlar prosesindən sonra verilən bəyanat reallığa söykənirsə, hesab edirəm ki, çox ciddi nəticə əldə edilib. Xalqları sülhə hazırlamadan sülhə nail olmaq mümkün deyil. Amma sülhün əldə edilməsində də qarşı tərəf getdiyi kompromisləri açıqlamalıdır. Bu münaqişə bizim qədər Ermənistana da mənfi təsir göstərir, onu inkişafdan saxlayır”.

Bu fikirləri hüquq elmləri doktoru, professor Rüstəm Məmmədov Dağlıq Qarabağ danışıqlarını Teleqraf.com-a şərh edərkən deyib.

Onun sözlərinə görə, xalqların sülhə hazırlanması prosesi daha çox Ermənistana aiddir:

“Bunun üçün Ermənistanda təbliğatın xətti ciddi şəkildə dəyişməlidir. Əgər, erməni təbliğatının xətti dəyişərsə və Qarabağ münaqişəsinə dair Azərbaycanın xeyrinə güzəştlərə gedilərsə, bu zaman problem həll edilə bilər. Sözsüz ki, Ermənistan haqq yoluna gələ, regional layihələrdən yararlana, Azərbaycanla əlaqələrini bərpa edərək inkişaf yoluna başlaya bilər. Mən hələlik buna qəti inanmıram. Çünki Ermənistan tərəfi xalqların sülhə hazırlanması məsələsinə reaksiya verməyib. Ancaq bu münaqişə əvvəl-axır öz həllini tapmalıdır. Nə qədər tez həll edilsə, Ermənistanın dünyaya qapıları bir o qədər tez açıla bilər. Yerevanda oturanlar bunu ciddi düşünməlidir”.
Mütəxəssis əlavə edib ki, yeni erməni hakimiyyətinin konfliktin həllində nə dərəcədə maraqlı olduğu haqda konkret söz deyə bilməz.

Ermənistanın daxili durumunun gərgin və acınacaqlı olduğunu qeyd edən Rüstəm Məmmədova görə, qonşu dövlət əslində pis durumdadır:

“Bu gün ABŞ da, Rusiya da onun əleyhinədir. Bu mənada Ermənistan real vəziyyətdən nəticə çıxarmalıdır. Hesab edirəm ki, Paşinyanın başqa yolu yoxdur”.

Rusiyanın Ermənistanla yüksək əlaqələrə malik olmadığını bildirən professorun qənaətinə görə, son dövrlər Moskva daha çox Azərbaycanın maraqlarına uyğun mövqe ifadə edir:

“Sanki ruslar anlayıb ki, konflikt qaldıqca Rusiyanın cənubunda böyük təhlükə ocağı mövcud olacaq”.


Müəllif: Cavad