23 Yanvar 2019 08:28
1 269
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İlqar Məmmədov həbsxanada olanda çox böyük görünürdü. Doğrudan da insanların bir ümid yerinə çevrilməyə qədər yüksəlmişdi. İnsanların, xüsusən, gənclərin bir qrupu hesab edirdilər ki, İlqar Məmmədov partiyasının adına uyğun olaraq daha praqmatik, daha real bir siyasi gücə çevrilə bilər. Amma bilmirəm onlar necə tanıyırlar, biz onu hələ Milli İstiqlal Partiyasının sədr müavini olan zamandan tanıyırıq”.

Bunu Teleqraf.com-a açıqlamasında “Cümhuriyyət” qəzetinin baş redaktoru Rafael Becanov deyib.
O qeyd edib ki, söhbət şəxsi tanışlıqdan getmir:

“Onun hansı potensiala malik olması da bizim üçün bir o qədər məchul bir şey deyildi. Onun hansı potensiala sahib olmasına dair kifayət qədər təhlillərimiz və bilgilərimiz var idi. Ona görə də İlqar Məmmədovun mitinqdəki çıxışı əslində mövcud potensialının açılmasına səbəb oldu”.

R.Becanov Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinqlə bağlı da fikirlərini bölüşüb.

O qeyd edib ki, əvvəllər Azərbaycanda mitinqlər ideoloji müstəvi üzərində qurulurdu:

“Həmin mitinqlər bir sistemin dəyişilməsinə, yaxud yeni sistemin ortaya qoyulmasına, bir ideoloji xəttin müdafiəsinə həsr olunurdu. Ancaq təəssüf ki, bu mitinq keçirənlərin bir qismi bunu həddən artıq lokallaşdırıblar. Özlərinin şəxsi ambisiyalarına xidmətə çeviriblər. Yəni mitinqlər, etirazlar ümummilli məsələləri əhatə etməlidir. Zamanında bir milyon insan toplaşan mitinqlərin köklü ideoloji səbəbləri və əsasları olurdu. İndi isə mitinqlər birmənalı olaraq insanların şəxsinə hesablanmış məsələdir. Hətta nəinki ideoloji məsələ, doğru-dürüst bir sosial məsələ də qoyulmur. Bu, çox təəssüfedici bir məsələdir. Sanki bu adamların əməlləri müxalifətin deqradasiyasına xidmət edir. Müxalifətin daha da zəifləməsinə, tənəzzülə uğramasına xidmət edir. Biz bununla bağlı təbii ki, təəssüf hissi keçiririk. Çünki cəmiyyətin inkişafının müəyyən bir hissəsi təbii ki, müxalifətin güclü olması, daha fundamental problemləri qabartması, əhalini, seçiciləri bu prosesə cəlb etməsindən asılıdır. O baxımdan ayrı-ayrı siyasi xadimlərin çıxışlarında da bu məsələ özünü göstərir. Yəni mübarizəni konkret olaraq şəxslərin üzərində qururlar və özlərini əvəzedilməz, böyük bir siyasi güc mərkəzi kimi görürlər. Bu, eyforiya, insanların özlərinə vurğunluğudur. Mitinqdə çıxış edənlərin fikirlərində də daha çox epizodik məsələlər önə çıxırdı”.


Müəllif: Səxavət Həmid