22 Yanvar 2019 23:30
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

AŞPA-nın sessiyalarında ənənəvi olaraq Avropa Şurasının baş katibinin hesabat məruzəsi dinlənir və daha sonra deputatların aktual mövzularla bağlı sualları cavablandırılır. Qış sessiyasının ikinci iş günündə artıq Avropa Şurasının baş katibi kimi səlahiyyət müddəti başa çatan Torbörn Yaqland bu qurumdakı fəaliyyəti ilə bağlı yekun nitq söyləyib.

Teleqraf.com Azərtac-a istinadla xəbər verir ki, Azərbaycanın Avropa Şurasında nümayəndə heyətinin üzvü Rafael Hüseynov T.Yaqlanda sualla müraciət edib. Azərbaycanlı deputat diqqəti ölkəmiz üçün son dərəcə narahat problemə yönəldərək, Azərbaycan ərazilərinin işğalı, qaçqın və məcburi köçkünlərimiz məsələsini yenidən gündəmə gətirib.

“Sizin Avropa Şurasına 10 illik baş katibliyiniz sona çatır və indi fəaliyyətinizə qiymətverici nöqteyi-nəzərdən yanaşmaq olar. Belə bir ironik, amma acı həqiqəti ifadə edən fikir var ki, bir nəfərin həlak olması faciə, min nəfərin ölümü statistikadır. Təqdirəlayiq haldır ki, siz bəzən bir nəfəri müdafiə etmək üçün Avropa Şurası tarixində müşahidə edilməmiş addımı atmağa, müstəsna hüquqlarınızdan istifadə edərək bir dövlətə qarşı sanksiya tətbiq etdirməyə hazır oldunuz. Lakin baş katib olduğunuz müddətdə Ermənistandan deportasiya edilmiş 300 min azərbaycanlı qaçqının, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və işğal edilmiş ətraf yeddi rayonundan olan 700 min məcburi köçkünün probleminin həll edilməsi, onların doğma yurdlarına qayıtması üçün heç bir əməli addım atmadınız. Halbuki bu məsələni ATƏT-in üzərinə atmaq əvəzinə tutduğunuz çox yüksək vəzifənin imkanlarından yararlanaraq yetərincə təsirli tədbirlər görə bilərdiniz. Bu görülməli olub görmədiyiniz işlərə görə məsuliyyətinizi hiss edir və hər hansı peşmançılıq keçirirsinizmi? Yaxud bütün bunları elə normal hal hesab edirsiniz?” - deyə R.Hüseynov sual verib.

Azərbaycanın qaçqın və məcburi köçkünləri ilə bağlı daim narahatlıq duyduğunu söyləyən T.Yaqland bu humanitar faciənin həll edilmədən qalmasını müştərək dərd adlandırıb. Baş katib bildirib ki, bununla bağlı Avropa Şurasında ən müxtəlif müzakirələr aparılsa da, bizim əhəmiyyətli bir irəliləyişə nail ola bilməməyimiz əlimizdə işlək mexanizmin olmaması ilə bağlıdır. Bu məsələnin həllində əsas məsuliyyət ATƏT-in Minsk qrupunun, həmsədrlərin üzərinə düşür. T.Yaqland sözlərini bir qədər də konkretləşdirərək əlavə edib:

“Əlbəttə, baş katib qismində Birləşmiş Millətlər Təşkilatının bilavasitə qaçqın və məcburi köçkünlərlə bağlı iş aparan qurumlarına da müraciət edə bilirəm. Təəssüf ki, onlar da bizi yenə ATƏT-in Minsk Qrupuna yönəldəcəklər. Təbii ki, həmin vəziyyəti yaşayan insanların nələr çəkdiyini, belə vəziyyətin nə qədər ağır olduğunu təsəvvür etmək çətin deyil. Mən bunun məsuliyyətini hiss edirəm”.


Müəllif: Teleqraf.com