23 Yanvar 2019 15:03
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşdə mövcud danışıqları davam etdirmək və atəşkəsin qorunub saxlanılması əsas müzakirə mövzusu olub. Bir saat yarım davam edən görüşdə xarici işlər nazirlərinin Paris görüşündə əldə etdiyi anlaşmanın detalları müzakirə edilib”.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert görüşdə Dağlıq Qarabağ münaqişəsi ətrafında ciddi fikir mübadiləsinin olduğunu və ortaq mövqelərin razılaşdırıldığını istisna etməyib:

“Hesab edirəm ki, bu görüşdən sonra nazirlər təkrar görüşəcəklər və ölkə rəhbərlərinin əldə etdiyi anlaşma ictimaiyyətlə bölüşdürüləcək. Davos görüşü növbəti dəfə üçüncü ölkənin iştirakı olamdan tərəflərin birbaşa ikinci təmasıdır. Düşənbə görüşündən sonra, Davos görüşü Moskvanın prosesdən kənarda qalması baxımından uğurlu siyasi gedişdir”.

Məhəmməd Əsədullazadə ABŞ prezidentinin erməni baş nazirə təbrik məktubuna da diqqət çəkib:

“Trampın həmin məktubda Paşinyana Qarabağla bağlı şərt irəli sürməsindən sonra Ermənistan rəhbərinin belə bir görüşün keçirilməsinə maraq göstərməsi o ehtimalı yaradır ki, Vaşinqton mövcud formatın dəyişməsində maraqlıdır. Digər yandan, Prezident İlham Əliyevin Davosda Azərbaycanın KTMT-yə üzvlüyünün gündəmdə olamadığını deməsi də Qərbə, yaxud ABŞ-a mesajdır. Azərbaycanın gözləntisi budur ki, ABŞ Qarabağ danışıqlarında ədalətli olsun”.

Qeyd edək ki, Davosda Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla qeyri-rəsmi görüşü keçirilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin hazırkı vəziyyəti müzakirə olunub.


Müəllif: Mənsur Rəğbətoğlu