24 Yanvar 2019 09:12
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İlk dəfədir ki, belə formatda görüş keçirilir. Əlbəttə, bunu formal görüş adlandırmaq olar, ancaq təmas ayaq üstə olmadı, əksinə müzakirələr bir saatdan çox çəkdi. Görüşün bu qədər çəkməsi təsadüfi deyil. İlk dəfədir ki, ölkə başçıları ətraflı fikir mübadiləsi aparıb”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın Davos görüşünü Teleqraf.com-a şərh edən politoloq Fikrət Sadıqov bildirib.

Politoloq qeyd edib ki, tərəflərin masasında ciddi mövzu olub:

“Söhbət Azərbaycan və Ermənistan arasında olan Dağlıq Qarabağ konfliktindən gedir. Əminəm ki, Azərbaycan dövlət başçısı bizim qəti və prinsipial mövqeyimizi yenidən Paşinyanın diqqətinə çatdırıb. Bizim mövqeyimiz dəyişilməzdir. Biz uzun illərdir ki, Qarabağ konfliktinə dair eyni mövqedəyik. Bizim prinsip və istəyimiz odur ki, torpaqlarımız işğaldan azad edilsin. Əgər bunu Paşinyan yeni baş nazir kimi başa düşürsə və öz ölkəsini mürəkkəb vəziyyətdən çıxarmaq istəyirsə, Azərbaycanla dil tapmalı, kompromisə getməlidir. Əks halda Paşinyanın və Ermənistanın vəziyyəti bundan sonra da ağır olacaq”.

Siyasi şərhçi əlavə edib ki, Paşinyan görüş zamanı mövqeyini ifadə edib:

“Ancaq beynəlxalq hüquq bu konfliktdə Azərbaycanın tərəfindədir. Biz heç vaxt Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı kiməsə bəxş etməyə nə hazırıq, nə də bu əraziləri kiməsə bağışlamaq niyyətimiz yoxdur. Bu ərazilərə azərbaycanlılar qayıtmalıdır. Vacibi torpaqların azad edilməsi baş verməlidir. Hesab edirəm ki, Davosda tərəflər bu məsələlər ətrafında müzakirələr aparıblar. Ola bilsin ki, Paşinyan rəsmi mövqeyini ifadə edib. Ancaq biz tərəfdən mövqe prinsipial və qəti olub. Hər halda bu görüşün əsas nəticəsi odur ki, Ermənistan Azərbaycanın mövqeyini eşidib, dərk edib və bundan sonra nəticə çıxarmalıdır”.

Fikrət Sadıqov əlavə edib ki, onsuz da tərəflər arasında dialoq müşahidə olunur: “İndiyə qədər bir neçə dəfə xarici işlər nazirləri arasında görüşlər olub. İndi dövlət başçılarının təkbətək görüşü çox yaxşı formatdır. Yəni bu formatda vasitəçilərin iştirakı olmadan məsələlər müzakirə edilir. Bu o deməkdir ki, Azərbaycan bu formata da hazırdır. Bəzən Minsk Qrupunun həmsədrləri ümumi ifadələr səsləndirir və bəyanatlar verir. Bu bəyanatlar bizi təmin edə bilməz. Belə real görüşlərdə daha dəqiq və daha açıq şəkildə mövqelər bildirilir. Məncə, belə formatlardan daim istifadə etmək lazımdır. Ola bilsin ki, Minsk Qrupu məsələnin uzanmasında maraqlıdır. Ancaq biz görürük ki, Davosda tərəflər üz-üzə oturaraq müzakirələr aparır və bir-birini dinləyirlər. Hesab edirəm ki, belə formatlarda görüş bundan sonra da olacaq. Məncə, bu xarakterli görüşlərin Minsk Qrupu çərçivəsində aparılan dialoqa heç bir maneəsi yoxdur”.


Müəllif: Cavad