23 Yanvar 2019 19:30
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndiyədək Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan ayaqaüstü görüşlərdən sonra dünən tərəflərin ilk dəfə masa arxasında qeyri-rəsmi də olsa ciddi görüşü oldu və kifayət qədər vaxt ayrıldı. Paşinyan özünün Feysbuk səhifəsində Qarabağ məsələsini müzakirə etmədiyini yazsa da, bu, inandırıcı səslənmir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq hesab edir ki, tanışlıq görüşü keçirildiyini və ya tərəflərin etimadsızlıq mühitini aradan qaldırılmaq üçün bir araya gəldiklərini söyləmək doğru olmazdı: “İndiyədək ayaqüstü söhbətlərdə kifayət qədər bir-birini tanıyıblar. Hətta Düşənbədəki söhbətdən sonra Paşinyan Feysbuk səhifəsində İlham Əliyevi ağıllı və təcrübəli siyasətçi kimi səciyyələndirmişdi. Belə çıxır ki, artıq tanışlıq dövrü başa çatıb, arada bəlli bir etimad mühiti formalaşıb, indi Qarabağla bağlı müəyyən nüansların, bölgə ilə bağlı problemlərin müzakirəsi üçün alt baza var. Tərəflər bir-birini tanıyır, ən azı bir-birinin siyasi səriştəsinə və intellektual keyfiyyətlərinə bələddirlər. Bundan əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olmuşdu, hər iki ölkə əhalisinin sülhə hazırlanması barədə mücərrəd səslənən yekun rəy bildirilmişdi.

Güman edirəm ki, artıq Paşinyan da baş nazir kimi təsdiq edilib, hökumət formalaşdırılıb, danışıqların bəlli məcraya yönəldilməsi üçün şərait yaranıb. Üstəlik ikitərəfli görüş əvvəlkilərdən fərqlənir. Çünki öncəki görüşlərin hazırlığında ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edirdi, XİN rəhbəri də görüşürdü və bəlli təklifləri hazırlayaraq ölkə başçılarının görüşünə çıxarırdı. Amma inanmıram ki, qabaqcadan elan olunmayan qəfildən baş verən bu görüş Qarabağ problemi ilə bağlı hər hansı məsələnin müzakirəsi olmadan baş tutsun. Görüş 1 saat yarımdan çox zaman davam edibsə, deməli tərəflər bəlli məsələnin müzakirəsində daha ayrıntılı fikir mübadiləsi aparıblar və ən azı problemin həlli yolları barədə Minsk qrupunun iştirakı olmadan tetatet müəyyən məsələləri müzakirə ediblər. Görüş barədə detallı açıqlama verilməsə də, sızıntılar var ki, “Lavrov planı”ndan söhbət açılıb”.

Qabil Hüseynli xatırladıb ki, “Lavrov planı” Rusiyanın irəli sürdüyü və özündə 5 rayonun geri qaytarılması və bunun müqabilində Azərbaycanın Dağlıq Qarabağın statusu ilə bağlı müəyyən güzəştlərə gedilməsinə razılıq verməsi ilə müşayiət olunub: “Ortada ABŞ-ın irəli sürüdüyü variant da var. Bu varianta əsasən 5 deyil, 7 rayon, yəni Dağlıq Qarabağın hüdudlarından kənarda bütün rayonlar ciddi şərtlər olmadan azad edilir və bundan sonra Azərbaycanla Türkiyə sərhədlərini açır, Ermənistanın blokadası götürülür, kommunikasiya vasitələri işə düşür. Amma hələki hər iki ölkə prezidentinin mətbuat xidməti bu haqda məlumat verməsə də, bu saat gündəmdə duran həll variantını aktuallaşdıracaq ən vacib problem kimi məhz bu nöqteyi-nəzər, yəni 7 rayonun azad olunması müqabilində Azərbaycan və Türkiyə sərhədlərinin Ermənistanın üzünə açılması, hətta Türkiyənin Ermənistanla səfirlik səviyyəsində əlaqələr yaratması kimi məsələlər irəli sürülür”.

Siyasi şərhçinin fikrincə, məsələnin bu cür qoyuluşu kifayət qədər praqmatik yanaşmadır: “Çünki Ermənistan blokadaya görə ciddi itkilərə məruz qalır, Paşinyan da əhaliyə verdiyi vədlərə əməl etmək üçün birinci addım kimi blokada şəraitinin aradan qaldırılması, Türkiyə və Azərbaycanla tam konstruktiv əlaqələrin məcraya salınmasını nəzərdə tutub. Bunların bir qismi mülahizədir, ancaq sağlam təfəkkür göstərir ki, Ermənistan əvvəlki kimi lüzumsuz israrlarla gündəmi məşğul edəcəksə, əsası olmayan iddialarla Azərbaycanın ərazi bütövlüyünü qəbul etməyərək, yersiz kompromislər tələb edəcəksə, onda danışıqlar prosesi axsayacaq və bölgəyə sülh gəlməyəcək”.

Politoloq vurğulayıb ki, Davos forumunda səslənən fikirlərdəndən biri də bölgədə rifahın və çiçəklənmənin əsas yolunun Gürcüstan və Ermənistanın regiondakı bünövrəsi qoyulmuş, indi də inkişaf etməkdə olan əsaslı layihələrə qoşulması ilə bağlıdır: “Ermənistan Bakı-Tiflis-Qars dəmiryolu layihəsinə qoşulmaq istədiyini dəfələrlə açıq surətdə açıqlayıb, lakin bunun üçün işğalçı siyasətindən əl çəkməlidir. Doğrudur, biz onun işğalçılıq siyasətini siyasi formada beynəlxalq təşkilatlarda qəbul etdirə bilməsək də, işğalçılıq siyasətindən danışılır, sadəcə olaraq işğalçının adı çəkilmir. Ona görə də Paşinyan elektoral bazasına, yaxud xislətlərində olan millətçilik azarından irəli gələn səfeh fikirlərdən irəli gələrək Azərbaycanın hansısa kompromislərə getməsi barədə danışmağa başlayacaqsa, qondarma “Dağlıq Qarabağ respublikası”nın danışıqlar prosesinə qoşulmasına dair fikirlər irəli sürəcəksə, proses yenə də dalana dirənəcək və nəticə olmayacaq”.


Müəllif: Nərgiz