24 Yanvar 2019 08:42
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Avropa ölkələri, eyni zamanda, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməkdədir. Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə işgüzar səfərini bu baxımdan xüsusi vurğulamaq lazımdır. Forum hər il istər iştirakçı ölkələr, istərsə də Azərbaycan üçün kifayət qədər məhsuldar keçir.

Bunu Teleqraf.com-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

O qeyd edib ki, Azərbaycan Prezidentinin səfər çərçivəsində ilk olaraq Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşü qurumla ölkəmiz arasında münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir:
“Prezident İlham Əliyev görüşdə xüsusi olaraq vurğulayıb ki, forum dünyada gedən transformasiya prosesinin yeni təmayülləri və çağırışların müzakirəsi baxımından əhəmiyyətlidir.

Təbii ki, Azərbaycan da öz inkişaf strategiyasını yenilənən beynəlxalq və regional təmayülləri nəzərə alınmaqla qurur. Dünya İqtisadi Forumu da bu amili hər zaman diqqətdə saxlayır. Elə görüş zamanı forumun prezidenti də qeyd edib ki, Azərbaycanın qonşu və region dövlətləri ilə iqtisadi əməkdaşlığının və ölkəmizin güclənən iqtisadiyyatının bölgə ölkələrinin inkişafında rolu böyükdür. Dünya İqtisadi Forumu isə bu rolu yüksək qiymətləndirir. Hesab edirəm ki, Azərbaycana beynəlxalq səviyyədə verilən bu dəyər bir daha ölkə rəhbərliyi tərəfindən uğurlu daxili və xarici siyasətin həyata keçirildiyini sübut edir”.

V.Rəhimzadənin sözlərinə görə, forumda ənənəvi olaraq, Azərbaycan Prezidentinin dünyanın nüfuzlu şirkətlərinin rəhbərləri ilə görüşü, aparılan müzakirələr yeni əməkdaşlıqlar üçün imkanlar açır:
“Bu gün Azərbaycan xarici şirkətlər üçün investisiya yatırılması baxımından kifayət qədər cəlbedici ölkədir. Təsadüfi deyil ki Azərbaycanda bir çox xarici dövlətləri təmsil edən yüzlərlə şirkət fəaliyyət göstərir, bu özəl qurumlar münbit şəraitdən faydalanaraq uzunmüddətli və perspektivli layihələrdə iştirak edirlər. Şübhəsiz ki, cənab Prezidentin forum çərçivəsində BP, “Microsoft”, “Total”, “LUKoil” və s. şirkətlərin rəhbər şəxsləri, Dünya Bankının baş icraçı direktoru ilə görüşü də mövcud əlaqələrin daha da möhkəmlənməsi, yeni imkanların müzakirəsi baxımından önəmlidir”.

Baş redaktor əlavə edib ki, forum çərçivəsində keçirilən görüşlər arasında Ermənistanın baş naziri Nikol Paşinyanla qeyri-rəsmi görüşü də vurğulamaq lazımdır:

“Azərbaycan Prezidenti bütün çıxışlarında, beynəlxalq tribunalarda Dağlıq Qarabağın ölkəmizin ayrılmaz tərkib hissəsi olduğunu, Ermənistanın işğal altında olan torpaqları dərhal azad etməsini bəyan edir. Bu cür qəti mövqe və sərt bəyanatlar atılan uğurlu addımlar sayəsində daha da möhkəmlənir. Bizim mövqeyimiz qəti və dəyişməzdir. Hesab edirəm ki, işğalçı Ermənistan rəhbərliyi də artıq bunu görüb və torpaqları azad etməkdən başqa çıxış yolu qalmadığını dərk edib. Bu mənada cənab prezidentin Ermənistanın Baş naziri Nikol Paşinyanla qeyri-rəsmi görüşü, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair aparılan danışıqlarda müsbət meyillərin olduğunu göstərir və gələcəyə nikbin baxmağa əsas verir”.

V.Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin Davosda “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” adlı sessiyada iştirakı və ölkəmizin sürətli inkişafı ilə bağlı səsləndirdiyi faktlar bir daha forum iştirakçılarında Azərbaycanla bağlı daha dəqiq, dolğun məlumatların formalaşmasına öz müsbət təsirini göstərir.


Müəllif: Səxavət Həmid