1 Fevral 2019 13:50
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son dövrlər bir sıra hallarda radikal müxalifət aksiyaya müdaxilə edilməsi ilə bağlı əsassız iddia səsləndirir. Onların məqsədi nə Rəsulzadə, nə də 20 Yanvar şəhidlərini anmaqdır”.

Bu sözləri millət vəkili Əli Hüseynli Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, radikal müxalifətin əsas məqsədi icazəli mitinq keçirmək deyil, ictimai-siyasi sabitliyi pozmaqdır:

“Azərbaycanda "Sərbəst toplaşmaq haqqında" qanun bu halların qarşısını almaq üçün hüquqi baza yaradır. Bununla yanaşı hesab edirəm ki, internet resurslarında millət vəkilləri, hökümət nümayəndələrinin şərəf və ləyaqətin təhqir edilməsi müşahidə edilir. İnternetdə saxta profillərdən istifadə etməklə böhtran atmağa görə cərimə sanksiyası nəzərdə tutulub, lakin bu qanunun tətbiqində boşluqlar mövcuddur. Bu da pozuntulara səbəb olur. Ölkə Prezidenti, Birinci xanımın şəhid ailələri ilə davranışı cəmiyyətdə müsbət qarşılanır. Lakin bu gerizəkalı fikir daşıyıcıları şəhid ailələrini Prezidentlə görüşdüyünə görə təhqir edirlər. Onlar hakimiyyətə deyil, xalqa, dövlətə nifrətlə yanaşırlar. Bilməlidirlər ki, Azərbaycanın bu qədər şəhidinin olmasının səbəbi 1992-ci ildə hakimiyyətdə olanlardır. Onlar öz doğulduqları kəndi, rayonu qorusaydılar, bu qədər şəhid olmazdı. Bu insanlar heç öz rayonlarını qoruya bilməyib. Minlərlə insan ordudan fərari oldu.Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra əfv edildilər və həmin şəxslərin hamısı orduya getdi”.

Spiker Oqtay Əsədov internetdə təhqirə yol verənlərlə bağlı qanunvericilik bazasına yenidən baxılması ilə bağlı tapşırıq verdiyini deyib:

“Həqiqətən də, biz qanunları müfəssəl işləyirik, lakin onun işləkliyində problem yaranır. "Tütün haqqında" qanun layihəsində də biz bu halı müşahidə etdik. İnternetdə təhqirlər səsləndirənlərə gəldikdə, Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinə tapşırmışam ki, bu məsələyə yenidən baxılsın. Hələ xaricdə yaşayanları demirəm, onların parlament, dövlət haqqında səsləndirdiyi fikirləri oxuyanda adam xəcalət çəkir. Daxildəkilərlə bağlı tədbir görülməsi üçün qanunvericilik bazasına yenidən baxılmalıdır”


Müəllif: Gülxar

Oxşar xəbərlər