1 Fevral 2019 16:07
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-da Tramp administrasiyasının Cənubi Qafqaz bölgəsinə diqqət etməsi maraqlıdır. Əvvəlcə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton regiona səfər etdi. Daha sonra Bolton Azərbaycan, Gürcüstan və Ermənistan rəhbərləri ilə ayrı-ayrılıqda müzakirələr apardı. Bu siyasi-diplomatik davranışlar sanki Vaşinqtonun yenidən Cənubi Qafqaza qayıtmaq istəyini göstərir”.

Bu fikirləri ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Cənubi Qafqaz ölkələrinin liderləri ilə telefon müzakirəsini şərh edən politoloq Əli Abbasov deyib.

Professorun fikrincə, indi Cənubi Qafqaz Rusiya və İran məsələsinə görə Vaşinqtonu maraqlandırır. Bu səbəbdən də Bolton Azərbaycan, Gürcüstan və Ermənistanla müzakirələr aparır, sanki ABŞ özünü bu regionda göstərir:

“Yəni görüntü belədir ki, ABŞ-ın regionla bağlı böyük planları var”.

Politoloq hesab edir ki, Con Bolton Azərbaycan və Ermənistan rəhbərləri ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da müzakirələr aparıb.

Qafqazda ən ciddi problemin Dağlıq Qarabağ konflikti olduğunu xatırladan müsahibimiz əlavə edib ki, məhz bu səbəbdən indi Cənubi Qafqazı bütöv region kimi götürmək çətindir:

“Qafqaz dövlətləri arasında problemlər var. Məntiqi baxımdan region Avropa Birliyinə, Amerika və ya Rusiyaya yaxın olmalıdır. Bunların heç biri yoxdur. Bolton da bu ölkə rəhbərləri ilə təklikdə müzakirələr aparıb. ABŞ da başa düşür ki, bu ölkələrin öz aralarında problem, konfliktlər var”.

Əli Abbasov vurğulayıb ki, əgər bu müzakirələrdə söhbət İran ətrafında gedibsə, bunu yaxşı hal hesab etmək doğru olmazdı:

“Bizi maraqlandıran daha çox Dağlıq Qarabağ konflikti və ABŞ-ın bu konfliktin həllinə yanaşma tərzidir. Bu, bizim üçün vacibdir. Boltonla müzakirələr də bu mənada əhəmiyyətlidir. Yox, əgər bu müzakirələr İranla bağlı məsələlərdən gedirsə, Cənubi Qafqaz ölkələrinin heç birinə bu mövzu doğma deyil. Çünki hər üç Qafqaz dövləti üçün İranla əlaqələri qırmaq, hansısa mövqe tutmaq yaxşı hesab olunmur. Bu ölkələr İran məsələsində heç vaxt tərəf tutmayıb, əksinə bitərəf mövqe tutması ilə seçilib”.

Əli Abbasov Ermənistan Baş naziri Nikol Paşinyanın fevralın sonlarına planlaşdırılan Tehran səfəri haqqında da danışıb:

“Adətən Ermənistanda rəhbər seçilən şəxs birinci Rusiyaya, daha sonra İrana səfər edirdi. Çox güman ki, Paşinyan indi məcburiyyətdə qalıb Tehrana gedir. Bir tərəfdən ona rəsmi dəvət var, digər tərəfdən deyirlər ki, Paşinyan İran yolunu kəsmək istəyir. Ancaq Paşinyanın səfərindən sonra onun İranla bağlı real siyasətinin nədən ibarət olacağı aydınlaşacaq. Mən ehtimal edirəm ki, Ermənistan-İran münasibətləri necə vardısa, o cür də davam edəcək. Amma Ermənistana ciddi təzyiqlər olunsa, fərqli addımlar da atıla bilər. Lakin iş ondadır ki, Ermənistanın İrandan asılılığı çox böyükdür. Həm də Paşinyan Ermənistanla bağlı siyasətində dəyişiklik edərsə, bu Rusiya üçün də bir siqnal olacaq. Yəni aydın olacaq ki, Yerevan xarici siyasətini dəyişdirir. Ermənistanın buna getməsi ancaq ABŞ tərəfindən verilən qarantiyanın nəticəsində mümkündür”.


Müəllif: Cavad

Oxşar xəbərlər