“ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ötən il Ermənistana səfəri zamanı bildirmişdi ki, İrana qarşı sanksiyalar məsələsi də müzakirə olunub və bu ölkə ətrafında halqa getdikcə daralır. Bundan sonra Ermənistandan da bu sanksiyalarda iştirak etmək tələb olunsa da, Paşinyan İran məsələsində ABŞ-ın bütün göstərişlərini sözsüz yerinə yetirməyə hazırlaşan kimi görünmür”.
Ermənistan baş nazirinin İrana səfərini Teleqraf.com-a şərh edərkən politoloq Nəzakət Məmmədova belə deyib.
Onun sözlərinə görə, Boltonun oktyabr səfərindən sonra həmin ayın sonlarında Paşinyan Təhlükəsizlik Şurasının iclasında demişdi ki, Ermənistan hər bir ölkənin milli, dövlət maraqlarına hörmətlə yanaşır, amma Ermənistanın öz milli, dövlət maraqları var:
“Hətta, İranın İrəvandakı səfiri Səccadinin İran xarici işlər naziri Zərifin buna görə xüsusi təşəkkürünü erməni tərəfinə çatdırdığı barədə məlumatlar yayıldı. Görünür ki, Paşinyan Almaniya səfərindən sonra İrana getməklə balans siyasəti yürütməyə çalışır, eyni zamanda Avropa İttifaqının tələblərini yerinə yetirməyə cəhd edir.
Başqa bir tərəfdən isə Paşinyan Davos səfəri zamanı İran-Ermənistan sərhədində “Mariott” mehmanxanası tikilməsi təklifini müzakirə etdiyini bildirib. Rusiya isə İran-Ermənistan dəmir yolu xəttinin çəkilişinə çalışır ki, Paşinyanın Tehrana səfəri zamanı bu məsələ də müzakirə oluna bilər”.
Nəzakət Məmmədovanın sözlərinə görə, Ermənistan İrandan “elektrik enerjisi əvəzinə qaz” layihəsi əsasında 10 ildir ki, təbii qaz idxal edir:
“Rusiyanın Ermənistana satdığı təbii qazın qiymətini artırması qərarından sonra Paşinyan hökuməti “Qazprom”un Ermənistandakı törəmə şirkəti ilə danışıqlara başlayıb. Lakin Paşinyan Rusiyanın qaz şantajından narahat olduğu üçün İranla təbii qaz idxalının artırılması barədə danışıqlar aparmaq istəyir və Tehran səfərinin əsas məqsədlərindən biri də bu ola bilər”.