4 Fevral 2019 15:47
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranda baş verən son terror hadisələrini ABŞ-ın bu ölkəyə qarşı təzyiqləri ilə müqayisə etmək doğru deyil. Bunlar ayrı-ayrı məsələlərdir. Çünki bu terror aktlarını üzərinə götürən hansısa terrorçu qruplaşma da yoxdur. Sadəcə olaraq, İran hakimiyyəti şübhələndiyi qüvvənin adını irəli sürür və bunu gerçəklik kimi qələmə verməyə çalışır”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Sədrəddin Soltan deyib.

ABŞ-ın sanksiyalarına gəlincə, ekspertin sözlərinə görə, bu sanksiyalar artıq öz təsirini göstərməyə başlayıb:

“Məsələn, ötən həftə birjada İran neftinin alıcısı tapılmadı. Tehran birjasında İranın 1 milyon nefti satılmadı. Bu məsələdə sanksiyaların təsirləri özünü göstərir. Məsələn, Türkiyə İrandan neft idxalını sıfıra endirib. Düzdür, İran mənbələri hay-küy saldılar ki, Türkiyə və Yaponiya İrandan neft almağa davam edir. Amma Türkiyənin dövlət qurumları rəsmi şəkildə açıqladılar ki, İrandan neft almırlar.

Bundan başqa, son zamanlarda İranda mülki və hərbi təyyarələrin qəzaya uğraması hallarının artması da bu sanksiyalarla bağlıdır. Çünki bu sanksiyalara görə, İrana sərnişin təyyarələrinin satılması məhdudlaşdırılıb. 2015-ci ildə imzalanmış müqavilədən sonra İran Fransa və ABŞ-dan sərnişin təyyarələri almağı planlaşdırırdı. Bu barədə sənədlər də imzalanmışdı. Amma Donald Trampın İrana qarşı sanksiya elanından sonra bu anlaşmalar yerinə yetirilmədi. Eyni zamanda İrana sərnişin təyyarələrinin ehtiyat hissələrinin satışı məhdudlaşdırılıb. Bütün bunlar da qəzalara səbəb olur”.

Son günlərdə İranda baş verən terror aktları haqda danışan Sədrəddin Soltan qeyd edib ki, bu hadisələr əsasən, ərəblərin, kürdlərin və bəlucların sıx yaşadıqları bölgələrdə cərəyan edir:

“Bu ərazilərdə əvvəllər də terror hadisələri baş verirdi. Bunlar onu göstərir ki, İranda hakimiyyət milli məsələlərə zorakılıqla yanaşır. Bunun fonunda da belə qanlı olaylar üzə çıxır ki, bununla sanki terrorçular hakimiyyətə öz etirazlarını bildirirlər.

Məlumdur ki, bəlucların və Xuzistandakı ərəblərin çoxu sünni təriqətindəndir. İran Konstitusiyası isə ancaq şiə, yaxud cəfəri məzhəbi üzərində qurulub. Buna görə də bir sıra hallarda həmin bölgələrdə yaşayan insanlara təzyiqlər edilir. Uzun illərdir ki, həmin bölgələrin insanları İran hakimiyyətinə müxtəlif səpkili etirazlar edirlər. Ola bilsin ki, belə etirazlar bəzi hallarda silahlı hücumlarla müşayiət olunur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər