“Ermənistan baş nazirinin vaxtilə hakimiyyətdə olmuş “Qarabağ klanı”nın üzvlərinə qarşı hücumları qarşısında Rusiyanın səssiz qaldığı və təzyiq etmədiyi inandırıcı deyil”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, Nikol Paşinyan “Qarabağ klanı”na qarşı təzyiqləri artırmaqla göstərməyə çalışır ki, korrupsiya ilə mübarizəni birinci xəttə qoyub:
“Robert Köçəryanın həbs edilməsi, bundan sonra Serj Sərkisyanın dindirilməsi ilə onu da göstərmək istəyir ki, Sərkisyanla yanaşı, onun qohumları da korrupsiyaya bulaşıb. Amma ona istədiyini etməsi üçün “yaşıl işıq”ın yandırıldığını da demək olmaz.
Eyni zamanda, düşünürəm ki, “Qarabağ klanı”na qarşı həmlələr daxili auditoriyaya hesablanmış məsələdir. Bu, daha çox siyasi xarakter daşıyır. Yəni Levon Ter-Petrosyandan sonra baş verənlərin məsuliyyətini “Qarabağ klanı”nın üzərinə qoymaq istəyir. Bununla onu göstərməyə çalışır ki, Ermənistanın iqtisadi, hərbi və siyasi cəhətdən geriləməsi “Qarabağ klanı”na bağlıdır. Eyni zamanda Müdafiə Nazirliyi sistemində korrupsiyanın olması yenə də Serj Sərkisyanla əlaqələndirilir. “Qazprom”la bağlı məsələlər də Sərkisyana bağlanılır. Bu addımlar ən çox daxili auditoriyaya hesablansa da, bununla həm də Qərbə göstərməyə çalışır ki, korrupsiyaya qarşı mübarizə aparır”.
Arzu Nağıyev “Qarabağ klanı”nın Ermənistan baş nazirinin hücumlarına qarşı zəif müqavimət göstərdiyini bildirib:
“Qənaətimə görə, “Qarabağ klanı” Paşinyanın bu həmlələrinə qarşı müqavimət göstərir, amma onu dayandırmağa gücü çatmır. Hiss olunur ki, Paşinyan Bako Saakyan və tərəfdarlarına imkan yaratdı ki, Daşnaksütyun Qarabağda öz tədbirini keçirsin, amma bu, baş tutmadı. Son vaxtlar Paşinyanın Qarabağdakı separatçı rejimin üçüncü tərəf kimi danışıqlara cəlb edilməsi ilə bağlı verdiyi təkliflər separatçı rejimdə o fikri yaradıb ki, Ermənistan baş naziri onların “müstəqil subyekt” kimi tanınmasına çalışır. Buna görə də “Qarabağ klanı”nın hamısı Paşinyanın əleyhinə getmir”.