Zənnimcə, sözügedən konsaltinq şirkəti çox düzgün araşdırma aparıb. Dağlıq Qarabağ münaqişəsinin həlli həqiqətən də regionun çiçəklənməsinə gətirib çıxara bilər.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O qeyd edib ki, hələ sovet dövründə üç respublika – Azərbaycan, Gürcüstan və Ermənistan Zaqafqaziya adı altında vahid iqtisadi kompleks idi. Onlardan birinin inkişafı digərinin inkişafına gətirib çıxarırdı:
“Həmin dövrdə bu respublikalar arasında dərin təsərrüfat əlaqələri, bir-birini tamamlayan iqtisadi mexanizmlər, kooperasiya əlaqələri mövcud idi. Bu mexanizm bütün istehsal sahələrini bir-biri ilə əlaqələndirir və birinin inkişafı digərinə impuls verirdi. Müstəqillik illərində Azərbaycan bazar iqtisadiyyatına əsaslanan yeni iqtisadi təsərrüfat modeli qurub. Bu model əsasında bir sıra beynəlxalq layihələri həyata keçirə bilib. Azərbaycanın təbii ehtiyatları, bir sıra iqtisadi üstünlükləri onu beynəlxalq təsərrüfat sisteminə qoşulmasına şərait yaradıb. Ölkəmiz bu üstünlüklərindən istifadə edərək neft-qaz və nəqliyyat layihələri həyata keçirib. Yəni, ölkəmiz sürətlə inkişaf edən iqtisadi təmələ malikdir və əgər erməni təcavüzü olmasaydı, Azərbaycanın iqtisadi inkişafı daha sürətli gedırdi. Məsələn, Azərbaycan hərbi məhsuların alınmasına, müdafiə sənayesinin inkişafına ayırdığı xərclərin bir hissəsini mülki təsərrüfat məqsədləri üçün ayırmaqla daha yüksək əmək məhsuldarlığına, daha yüksək istehsal sahələrinin yaradılmasına nail olardı”.
Politoloq bildirib ki, Azərbaycan Ermənistanı gerçəkləşdirdiyi bir sıra beynəlxalq layihələrə ciddi surətdə kompleks qoşulmaq şansı yaradırdı:
“Bunu dünyanın aparıcı ölkələri də hər zaman vurğulayıb. Ancaq Ermənistanın təcavüzkar siyasətindən əl çəkməməsi səbəbindən bu layihələrin heç birinə qoşula bilmədi. Nəticə etibarilə ölkənin iqtisadi inkişafı çox ağır vəziyyətdə qaldı. Gürcüstan ərazisindən keçən layihələrə görə yüksək tranzit haqqı alır ki, bu da dövlət büdcəsinin 42 faizini təşkil edir. Bu layihələrin bir qismi, ola bilsin bir çoxu Ermənistanın ərazisindən keçsəydi, həmin gəlir o ölkənin büdcəsinə gedərdi. Yəni, bu adamlar başa düşə bilmirlər ki, onlar qonşu ölkəyə təcavüzkar niyyət bəsləməklə onların özləri bir sıra beynəlxalq iqtisadi layihələrdən kənarda qalıblar. Bir sıra sahələrdə blokadaya alınıblar. Nəticə etibarilə onlarda iqtisadi inkişaf tempi çox ciddi surətdə yerində saymaqdadır və maddi rifah vəziyyəti üçün ciddi problemlər yaratmaqda davam edir”.
Q.Hüseynli qeyd edib ki, bu layihələrin Ermənistan üzərindən keçməklə Türkiyəyə çatdırılması daha qısa yoldur və bu zaman daha az məsrəflər sərf etmək lazım gələcəkdi:
“Amma ermənilərin yenə də xain planları üzündən əsas ixrac neft kəməri 2000-ci ildə daha çox məsrəflər sərf edilməklə indiki marşrutla, yəni Bakı-Tiflis-Ceyhan xətti üzrə inşa edildi. Çox təəssüf ki, Ermənistanda bərqərar olmuş millətçi zehniyyət bu cür üstünlüklərin reallaşdırılmasına mane olub, mane olmaqdadır və yəqin ki, bu tərs, şovinist siyasət davam etdiriləcəksə mane olmaqda da davam edəcək”.
Politoloq əlavə edib ki, Qərb ölkələri uzun müddətdir bu məsələ üzərində baş sındırırlar:
““Beyin mərkəzləri” ciddi surətdə əsaslandırırlar ki, müharibə şəraitinin aradan qaldırılması, sülh şəraitinin yaradılması, ölkələr arasında kommunikativ əlaqələrin yenidən bərpa edilməsi nəticə etibarilə regionun ciddi inkişafına və xalqların maddi rifah halının yüksəlməsinə gətirib çıxara bilərdi. Ona görə də işğal altındakı torpaqların azad edilməsi zamanın tələbidir. Ermənistan bölgədəki gerçəklikləri qavramalı və ona uyğun hərəkət etməyi bacarmalıdır. Zənnimcə, bu ciddi “beyin mərkəzi”nin hazırladığı araşdırma təqdiqəlayiqdir. Bu araşdırmada əksini tapan məqamların hər şeydən əvvəl Ermənistan tərəfindən icrasına başlanılmalıdır”.
Qeyd edək ki, bu ilin yanvar ayında Brüsseldə “Dağlıq Qarabağ münaqişəsinin həllinin Ermənistana və Azərbaycana iqtisadi təsiri” adlı araşdırmanın təqdimatı keçirilib. Sözügedən araşdırma mənzil-qərargahı Berlin şəhərində yerləşən “BE Berlin Economics GmbH“ konsaltinq şirkəti tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanıb. Araşdırmada vurğulanır ki, münaqişənin tam tənzimlənməsi sərhədlərin açılması, ticarətin yenidən bərpası, əməkdaşlıq potensialı, qaçqınlar və məcburi köçkünlərlə bağlı bütün məsələlərin həlli vasitəsilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına gətirib çıxaracaq. Xülasədə qeyd edilir ki, “Dağlıq Qarabağ münaqişəsinin həlli böyük iqtisadi faydalar gətirəcək və bu hər iki ölkənin iqtisadi marağındadır. Münaqişənin həllindən 10 il sonra hər iki ölkə daha yüksək inkişaf yolunda olacaq, eləcə də yaşayış standartları nəzərəçarpacaq dərəcədə təkmilləşəcək. Bu xüsusda, sülhün iqtisadi faydaları Dağlıq-Qarabağ münaqişəsinin daimi həllinin tapılmasının lehinə güclü dəlildir”.
Araşdırmaya münasibət bildirən Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev bu məntiqə şərik çıxdıqlarını və məhz belə yanaşmanı dəstəklədiklərini söyləyib. O qeyd edib ki, münaqişənin həlli nəticəsində Ermənistan əhalisi regionda yaranacaq əməkdaşlıq imkanlarından faydalanmaq imkanları əldə edəcək. T.Gəncəliyev Azərbaycan tərəfinin bunu dəfələrlə bəyan etdiyini vurğulayıb.