“Son illərdə İran daxilində etnik və dini zəmində qarşıdurmalara və maraqlı hadisələr cərəyan edir. Keçən il İranda dərviş qiyamı adlı maraqlı prosesin şahidi olduq. Bu proses İran daxilində ciddi silkələnmələrə səbəb oldu. Eyni zamanda, Sistan, Bəlucistan, Kirman və Əhvaz bölgələrində etnik qarşıdurmaların şahidi oluruq ki, son terror aktları da bu hadisələrin tərkib hissəsi kimi qiymətləndirilə bilər”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Vüqar Zifəroğlu deyib.
Onun sözlərinə görə, bu kimi hallar kürdlərdən tutmuş ərəblərə və digər etnik azlıqlara qədər İran hakimiyyətinə olan narazılıqlara görə baş verir:
“Əlbəttə, Qərbin burada marağı var və buna görə də, belə hadisələrdən istifadə etməyə çalışır. Bu baxımdan bir sıra təşkilatların Qərbdən maliyyələşdiyinə dair informasiyalar yayılır. Hətta, burada Səudiyyə Ərəbistanının da adı hallanır.
Amma baş verənlər İran daxilindəki etniklərə qarşı aparılan daxili siyasətin nəticəsi kimi də görünür. Nəticədə bu cür qarşıdurmaların şahidi oluruq. O da doğrudur ki, ABŞ 2015-ci ildə imzalanmış nüvə anlaşmasını pozduqdan sonra İrana qarşı bir neçə istiqamətdə təzyiqlər etməyə başladı”.
Vüqar Zifəroğlu bildirib ki, ilk növbədə, İrana qarşı iqtisadi sanksiyaların tətbiqinə başlanıldı:
“ABŞ Qərbi Avropa ölkələrini də bu addımına qoşmaqla, İrana investisiya yatırılmasının qarşısını almaqla, bu ölkəni iqtisadi cəhətdən zəiflətməyə çalışır. Nəticədə bir çox şirkətlər İrandan çıxdıqlarını bəyan etdilər və proses bu gün də davam edir.
İkinci tərəfdən, İranı siyasi cəhətdən təcrid etməyə çalışırlar. Bununla İranın həm Avropa İttifaqı ilə həm də ərəb ölkələri ilə münasibətlərini gərginləşdirmək niyyətindədirlər. Bunun fonunda İranın bir çox ölkələrlə münasibətləri gərginləşdi. Səudiyyə Ərəbistanı və İsrail kimi ölkələrdən İrana təzyiqlər artdı”.
Politoloq qeyd edib ki, üçüncü istiqamətdə isə İrana qarşı daxildən etnik və dini zəmində təzyiqlər başlanıldı:
“Nəticədə etnik azlıqlar yaşayan bölgələrdə terror hadisələri baş verir, silahlı qarşıdurmalar yaşanır. Demək olar ki, hər həftə “Sepah” və İranın digər hərbi qüvvələrinə qarşı silahlı hücumlar təşkil olunur. Bu hadisələrdə də bir çox ölkələrin adları hallandırılır. Başqa sözlə, son zamanlarda İran daxilində baş verən proseslər kompleks işin nəticəsidir”.
Dördüncü istiqamətdə isə İranın Yaxın Şərqdəki mövqelərinin zəiflədilməsi yönündə addımlar atılır:
“Artıq İraqda keçirilən son seçkilərin nəticələri Bağdad və Tehran arasında qırılmalara gətirib çıxarır. Bəşər Əsədin mövqeyinin güclənməsinə baxmayaraq, İranın Suriyadakı mövqeləri də zərbə altında qalıb. Digər yandan, İsrailin Livanda güclənməsi ilə İran bu ölkədəki mövqelərini də itirmək ehtimalı qarşısında qalıb. Bu təzyiqlər nəticəsində İranın Yəməndəki mövqeləri də laxlamağa başlayıb. Əlbəttə, burada ABŞ, yaxud Qərbin ciddi rolu var”.