Ermənistan mediasında yayılan xəbərə görə, təcavüzkar ölkə Qətərdə səfirliyinin açılmasına dair qərar qəbul edib. Maraqlıdır ki, səfirliyin illik xərclərinin bir hissəsini Qətər hökuməti ödəyəcək. Məlumat Ermənistan hökumətinin iclasına istinad edilərək yayılıb. Yəni, qeyd edilib ki, bu məlumat hökumətin iclasında səsləndirilib.
Mövzu ilə bağlı Teleqraf.com-a açıqlama verən siyasi şərhçi İlqar Vəlizadə bildirib ki, bütün ölkələr bir-biri ilə əlaqə qurmaqda sərbəstdir. Buna heç kim etiraz edə bilməz. Lakin bu məsələdə xüsusi bir nüans var:
“Qətərlə Azərbaycanın münasibətlərinin tarixçəsi kifayət qədər qədimdir. Bizim aramızda ikitərəfli sazişlər, birgə memorandumlar var. O memorandumlara əsasən, Qətər Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistanın işğalı faktını dəfələrlə pisləyib. Bunun fonunda işğalçı dövlətlə münasibət qurmaq, münasibət qurmaq bir tərəfə onların səfirliyinin fəaliyyətinə maliyyə yardımı göstərmək ikitərəfli münasibətlərin ruhuna ziddir.
Digər tərəfdən, Qətər İslam Əməkdaşlıq Təşkilatında, başqa platformalarda tez-tez islam həmrəyliyi ilə bağlı çıxışlar edir. İslam həmrəyliyini özünün xarici siyasətində ön plana çıxarır. Yaxşı, islam həmrəyliyi hara, Azərbaycan torpaqlarını işğal edən dövlətlə münasibət qurmaq, onun səfirliyinin fəaliyyətini təmin etmək hara? Bu addım şübhəsiz ki bizi də biganə qoya bilməz. Bu gedişlə biz də Qətərə qarşı yaradılan koalisiyaya doğru bir addım atmış oluruq. Nəzərə almaq lazımdır ki, koalisiyanın başında duran Səudiyyə Ərəbistanı Ermənistan adlı ölkəni heç tanımır”.
İ.Vəlizadə qeyd edib ki, bu məsələnin bir tərəfidir:
“Digər tərəfə, yəni, Qətər-Türkiyə münasibətlərinə baxaq. Məlum Qətər böhranından sonra Türkiyə Dohanı bu böhranda dəstəkləyib. Qətər blokadaya düşəndə ona ərzaq yardımı edib. Yaxşı, Qətər Xarici İşlər Nazirliyi, yaxud xarici siyasət üzrə səlahiyyətli şəxslər bilmirlər ki, Türkiyə ilə Ermənistanın münasibətləri ikincinin iddiaları üzündən kifayət qədər pisdir?! Ermənilər bütün beynəlxalq təşkilatlarda türklərə qarşı çıxış edirlər. Sənə dar ayaqda Türkiyə kömək edib, ya Ermənistan? Bunları da nəzərə almaq lazımdır. Yəqin ki, bu addımdan sonra Türkiyə-Qətər münasibətlərinə də müəyyən dəyişiklik ola bilər. Hər halda düşünmürəm ki, Türkiyə bu addımı cavabsız buraxacaq”.
Politoloq bildirib ki, Qətər apardığı siyasət nəticəsində onsuz da dalana dirənmiş vəziyyətdə idi. İndi isə özünü daha dərin dalana söykəyir:
“Burada biz yalnız arzu edə bilərik ki, Qətər rəsmiləri bu siyasətin yanlış olduğunu anlayacaqlar. Onlar öz ölkələrinin maraqlarından çıxış edərək, vəziyyəti korrektə edə bilərlər”.
Bununla belə İ.Vəlizadə qeyd edib ki, biz Ermənistan mediasında əksini tapan məlumatların saxta, təxribat xarakteri daşıdığına öyrəncəliyik:
“Biz istərdik ki, bu, növbəti təxribat olsun. Yəni, bu məlumat özünü doğrultmasın. Ancaq bütün hallarda Qətər məsələyə münasibət bildirməlidir. Özü də rəsmi Doha kəskin münasibət bildirməlidir ki, bu cür yalan məlumatlar yaymasınlar. Əlbəttə, mən arzu edərdim ki, bu xəbər yalan olsun və reallıqda öz əksini tapmasın”.