Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Eldar Namazovun Teleqraf.com-a verdiyi müsahibəni təqdim edirik:
- ABŞ Prezidenti Donald Tramp SSRİ ilə ABŞ arasında imzalanan, sonradan ABŞ və Rusiya tərəfindən yenilənən “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müqavilədən birtərəfli çıxdığını elan etdi. Bunun səhəri günü Rusiya da analoji bəyanat yaydı. Sizcə, bu iki ölkə arasında nə baş verir?
- Bu müqavilə ətrafında gedən proseslər əslinə qalsa, daha qlobal bir hadisənin tərkib hissəsidir. II Dünya müharibəsindən sonra formalaşan dünya düzəni artıq dağılmaq ərəfəsindədir. Bu proses SSRİ dağıldıqdan sonra başladı. Bünövrəsi Yalta konfransında qoyulan yeni dünya düzəni demək olar ki, artıq mövcud deyil. Yalta-Potsdam beynəlxalq konfransı əsasında SSRİ, ABŞ və Böyük Britaniya arasında əldə edilən sazişlər əsasında yeni dünya düzəni ortaya çıxmışdı. O hadisədən xeyli vaxt keçib. Müasir dövrdə şərtlər dəyişib, yeni güc mərkəzləri formalaşıb, mövcud güclər arasında balans dəyişib. Bu səbəbdən də köhnə sistem özünü doğrultmur. Odur ki, o sistem çərçivəsində əldə edilən müqavilələr, razılaşmalar sanki öz əhəmiyyətini itirir, bu anlaşmaları tərəflərin özləri rəsmi olaraq qüvvədən salırlar. “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müqavilə ilə bağlı yaranan duruma da bu rakursdan baxılmalıdır. Yəni yeni şərait formalaşıb, yeni güc mərkəzləri ortaya çıxıb. Təsəvvür edin ki, belə raketlər o zaman SSRİ və ABŞ-da var idi. Və çox az miqdarda bir neçə ölkədə. İndisə bu raketlər Çində var və Çin bu müqavilənin tərəfi deyil. Eləcə də belə raketlər Hindistanda, Pakistanda, İsraildə, İranda var. Bu ölkələrin heç biri sözügedən müqaviləni imzalamayıb və ona riayət etmək niyyətləri də yoxdur. Ona görə də müxtəlif dövrlərdə Rusiya rəhbərliyi, elə ABŞ da gileylənirdi ki, bu müqavilə artıq köhnəlib və ölkələrin maraqlarına cavab vermir. Bu mənada ABŞ rəsmi olaraq ilk addım ataraq müqavilədən çıxdığını elan etdi. Arxasınca Rusiya da böyük həvəslə bu yolu tutdu. Çünki həqiqətən dünyada belə raketlər 5-6 dövlətdə var və onların sayı artır. Belə olduğu təqdirdə yalnız iki ölkə arasında belə bir sazişin olması reallığa uyğun olmur. Ən təhlükəsi isə odur ki, daha təzə və bir neçə dövlətin iştirakı ilə belə bir yeni müqavilənin imzalanması qeyri-mümkündür.
- Hansı səbəbdən qeyri-mümkündür?
- Ona görə ki, bu dövlətlərin maraqları o qədər bir-birinə ziddir ki, onları bir yerə toplayıb razılıq əldə etmək mümkün olmayacaq. ABŞ deyir ki, Çin bu müqaviləyə qoşulmalıdır. Rusiya təklif etmişdi ki, bu mövzuda Çinlə müzakirələr aparılsın. Ancaq Çinin ən böyük rəqibi Hindistandır və Hindistanın belə raketləri var. Buna görə Çin heç vaxt Rusiya və ABŞ-la birlikdə belə müqaviləyə qoşulmayacaq. Deyəcək ki, Hindistanı da bu məsələyə qoşmaq lazımdır. İş ondadır ki, Hindistanın da ən böyük problemi Pakistanladır və Pakistanın da belə raketləri var. Hindistan da tələb edəcək ki, Pakistanı da bu müqaviləyə qoşun. O zaman Pakistan deyəcək ki, İranda da belə raketlər var və bu, bizim üçün problemdir. Belə təklif İrana edildikdə deyəcək ki, əsas rəqibim İsraildir və onlarda da belə model raketlər var, İsrail buna qoşulmasa, məndə qoşulmaram. ABŞ Rusiya ilə, Çin Hindistanla, Hindistan Pakistanla, İran İsraillə rəqabət aparır. Belə situasiyada yeni müqavilənin imzalanması heç bir halda ağlabatan deyil. Ona görə də biz yeni və təhlükəli mərhələyə qədəm qoyuruq.
- Hansı mərhələyə?
- Fikrimcə, yeni silahların istehsal olunması artıq qaçılmaz bir prosesə çevrilir. Onu məhdudlaşdıran beynəlxalq müqavilələr yoxdur. Belə şəraitdə hansı ölkənin maliyyə və texnoloji imkanları güclüdürsə, o da bu rəqabətdə qalib gələcək, yaratdığı yeni silahlar sistemi əsasında başqa ölkələr onun liderliyini qəbul etməli olacaq. Beləcə onun ətrafında yeni dünya düzəninin formalaşdırılması haqqında düşünməyə başlayacaq. Bu mərhələyə yəqin ki, bir neçə il davam edəcək.
- Faktiki söhbət həm də nisbətən zəif zərbə gücü olan nüvə başlıqlı raketlərdən gedir. İndiki halda mövcud olan müqavilənin ortadan qalxması hansı təhlükələr yarada bilər?
- Fikrimcə, böyük təhlükələr yarana bilər. Təhlükələr o qədər güclüdür ki, diplomatlar artıq üçüncü dünya müharibəsinin ola biləcəyi haqda danışır. Söhbət ondan gedir ki, bunlar orta mənzilli nüvə raketləridir. Hər bir ölkə üçün bu faktın özü təhlükədir. Ölkələr bu raketləri heç bir məhdudiyyət olmadan istehsal edib yerləşdirməyə başlayanda raketlərin əsas hədəfə çatma vaxtı inkişaf etdirilir. Məsələn, ABŞ bu raketləri Pribaltika ölkələrində yerləşdirsə, bu ərazidən raket Moskvaya 4-5 dəqiqəyə çata bilər. Belə raketlərlə hücum olsa, rusların bu zərbəni müəyyənləşdirmək, qiymətləndirmək və konkret qərar vermək imkanı olmayacaq. Çünki belə situasiyada son qərarı prezident verir. Bu informasiya prezidentə çatmalı, prezident öz hərbi məsləhətçilərini dəvət edib, qısa müşavirə aparmalı və sonda qərarını verməlidir. Bu prosesdur 3-4 dəqiqə ərzində bitməlidir. Ancaq qəfil yaranan bu problemlə bağlı dövlət səviyyəsində 3-4 dəqiqə ərzində müşavirə edərək, qərar qəbul etmək sadəcə, fiziki baxımından mümkünsüzdür. Belə hal təsadüfən də ola bilər. Məsələn, kompüter proqramlarında yanlışlıq ola bilər. Elə bir kompüter yoxdur ki, onun içində problem yaranmasın. Nəhayət, burada üçüncü qüvvə adlandırılan oyunçular meydana gələ bilər ki, onlarda belə raketlər yoxdur, amma kiber sistemlərdən müdaxilə edərək hansısa bir raket zərbələrini imitasiya etməyə qadirdirlər. Biz bilirik ki, kiber hücumlar nəticəsində hərbi hissələrin müdafiə sistemləri yarılır və ora virus atılır. Belə haker hücumları həyata keçirmək üçün yüzlərlə ölkələrdə texnoloqlar var. Yeni raketlər sisteminin məhdudiyyətsiz istehsalı təbii ki, raket zərbələri endirmək imkanı yaradır. Bunu imitasiya edərək böyük müharibəni qızışdırmaq imkanları da mümkündür. Bu da olduqca təhlükəli haldır.
- İndiki halda dünyanın iki böyük güc mərkəzinin anlaşmadan imtinası dünyada yeni silahlanma yarışını stimullaşdırırmı?
- Əslində bununla bağlı qərarlar verilib. Burada özünü nisbətən arxayın hiss edən ABŞ-dır. ABŞ prezidenti artıq bəyan edib ki, yeni silahların istehsalı üçün maliyyə ayıracaq. Onsuz da Pentaqonun büdcəsi Rusiyanın hərbi büdcəsindən 15 dəfə çoxdur. Yeni silahların istehsalı üçün də ABŞ istənilən qədər maliyyə vəsaiti ayıra bilər. Çinin də bununla bağlı problemi yoxdur və Çin dünyada ikinci böyük hərbi büdcəyə malik dövlətdir. Bu vəziyyət Rusiya üçün daha pisdir. Çünki Rusiya iqtisadiyyatında ciddi problemlər var və belə şəraitdə hərbi büdcəni kəskin artırmaq imkanı yoxdur. Odur ki, Rusiya Prezidenti Putin orta mənzilli raketlər haqda göstəriş verəndə qeyd etdi ki, mövcud büdcə çərçivəsində addımlar atılsın. Yəni hərbi büdcəni kəskin artırmaq imkanı yoxdur. Bu mənada çoxları SSRİ-nin taleyi haqqında danışmağa başlayır. Zamanında SSRİ hərbi büdcəsini artırmaqla sonda iqtisadiyyatını çökdürdü və nəticədə süqut etdi. Belə proseslərin Rusiya ətrafında baş verə biləcəyini proqnoz edirlər. Rus ekspertlər də tez-tez deyirlər ki, biz bu ağrılı təcrübədən dərs almışıq və Putin də ona görə bəyan edir ki, mövcud hərbi büdcə çərçivəsində addımlar atılsın. Mən xüsusi qeyd etməliyəm ki, Rusiya hakimiyyəti ölkənin iqtisadi inkişaf tempini kəskin artırmağı prioritet elan edib. Bunun üçün də vəsaitlər, investisiya lazımdır. Rusiya iki daşın arasında qala bilər. İqtisadiyyata yeni investisiyalar gəlməsə, Rusiyanın durumu günü-gündən pisləşəcək. Bu proses bir növ gedir. Eyni zamanda ABŞ-la rəqabətə gedib yeni raket və texnologiyaların istehsalı üçün maliyyə ayrılmalıdır. Odur ki, bu mövzu Rusiya üçün çox ciddi problemlə çevrilməkdədir.