8 Fevral 2019 12:00
1 363
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com saytının suallarını politoloq Fikrət Sadıqov cavablandırıb. Müsahibəni təqdim edirik:

– Fikrət müəllim, Fransa Prezidenti Emmanuel Makron 24 aprel tarixini qondarma erməni soyqırımı qurbanlarını anma günü elan edib. Bu addımı necə şərh etmək olar?

– Bildiyiniz kimi, ermənilərin tarixdə heç vaxt dövləti olmayıb. Onlar qaraçılar kimi bütün dünyaya səpələnmiş bir etnosdur. Bununla belə onlar məskunlaşdıqları ölkələrin cəmiyyətlərinə yaxşı inteqrasiya etmək qabiliyyətinə malikdirlər. Görünür, bu onların milli xüsusiyyətidir. Onlar inteqrasiya üçün lazım olan mümkün vasitələrin hamısından istifadə edərək bütün strukturlara daxil olmağı bacarırlar. Fransa cəmiyyəti, onun dövlət və özəl sektoru da bu mənada istisna deyil. Ermənilər hazırda Fransanın bir sıra siyasi, iqtisadi, mədəni sahələrində çox yüksək səviyyədə təmsil olunublar. Nəinki təmsil olunublar, bir sıra qərarların qəbul olunmasına təsir və təzyiq göstərə bilirlər. Çünki onların arasında zəngin erməni dairələri də az deyil. Bu amil də öz-özlüyündə bir sıra qətnamələrin, qərarların qəbul olunması üçün çox yaxşı imkanlar yaradır.

– Ötən il noyabrın 17-dən Fransada başlayan və şərti olaraq “sarı jiletlilər” hərəkatı adlandırılan nümayişlər və kütləvi etiraz aksiyaları səngimək bilmir. Emmanuel Makronun da reytinqi hazırda aşağı həddədir. Bu baxımdan onun ölkəsində baş verən problemlərin həlli ilə məşğul olmaq əvəzinə tarixdə olmayan bir hadisəyə görə bütün ölkə ərazisində anım günü elan etməsinin səbəbi nədir?

– Səbəb çox sadədədir. Məsələ ondadır ki, Makron Fransadakı ənənəvi partiyaların heç birinin nümayəndəsi deyil. O, ənənəvi partiyaların nümayəndəsi olmadığı üçün seçki kampaniyası zamanı bir sıra zəngin dairələrə arxalanırdı. Onların arasında erməni maliyyə dairələri də var. Makronun prezident seçilməsində erməni maliyyə dairələri aparıcı rol oynayıb. Bu bir reallıqdır. Təsadüfi deyil ki, Makronu hətta “zənginlərin prezidenti” adlandırırlar. Çünki o faktiki olaraq bank dairələrinin, zəngin maliyyə qruplaşmalarının, o cümlədən varlı erməni diasporunun vasitəsilə dövlət başçısı seçilib. Bu, öz-özlüyündə çox mühüm bir göstəricidir. Görünür, Makron onlara olan borcunu yerinə yetirmək məcburiyyətindədir.

Amma eyni zamanda onun ermənilərə müəyyən sevgi-məhəbbəti də nümayiş olunur. Makronun 2018-ci il oktyabrın 11-12-də Beynəlxalq Frankofoniya Təşkilatının İrəvanda keçirilən sammitində iştirakı, orada rəqs etməsi, ermənilərin ünvanına çoxlu xoş sözlər deməsi və sair nüanslar sübut edir ki, bu insan erməni dairələri ilə çox sıx bağlıdır. Makronun siyasi təcrübəsizliyi ona yaranmış indiki vəziyyətdə heç olmasa müəyyən balans saxlamağa imkan vermir. O ermənilərə elə bağlıdır ki... Sadəcə olaraq dərk etmir ki, onun qondarma soyqırımı məsələsinə birtərəfli qaydada yanaşması dünya siyasətində aparıcı dövlət olan Türkiyə ilə münasibətləri düşmənçilik həddinə gətirməyə xidmət edir. Görünür, təcrübəsiz siyasətçi kimi o bu reallığı tam mənada anlamır.

Digər tərəfdən Makronun ölkə daxilində həqiqətən də çoxlu problemləri var. “Sarı jiletlilər” hərəkatı – kütləvi xarakter daşıyan bu etirazlar təkcə Parisi deyil, bütün Fransanı bürüyüb. Bu hadisələrə görə çoxlu həbs olunanlar var, xəsarət alanlar da az deyil. İqtisadi tələbələr artıq siyasi tələblərə çevrilir. Doğrudan da Makron bu problemlərin həlli ilə məşğul olmaq əvəzinə tarixçilərin məşğul olmalı olduğu işlə məşğul olur. Bu isə çox böyük təəccüb doğurur. Görünür, burda da məqsəd diqqəti əsas məsələdən yayındırmaqdır.

– Bəzi ekspertlər qeyd edirlər ki, Makronun məhz indi belə addım atması ABŞ-ın Ermənistanda təsirini azaltmaq məqsədi daşıyır. Onlar bunu onunla əsaslandırırlar ki, Fransa ABŞ-ın nüfuz dairəsinə daxil olan bölgələrə, o cümlədən Cənubi Qafqaza, xüsusilə Ermənistana iddia edir. Tarixdən də məlumdur ki, Fransa hər zaman ABŞ-ın Avropada hegemonluğuna qarşı çıxıb. Hətta Şarl de Qollun zamanında – 1965-ci ildə NATO-ya iki böyük zərbə vurulub. General dollardan imtina edərək qızıla keçib. Sonra isə NATO blokundan çıxdığını bildirib. Şarl de Qoll Vyetnam müharibəsini də pisləyib. Siz bu qənaəti bölüşürsünüzmü?

– Sözün düzü, mən burda sıx bağlılıq görmürəm. İş ondadır ki, Fransa həqiqətən də de Qollun dövründən müstəqil siyasət yürütməyə və xarici siyasətini ABŞ-la bağlamamağa çalışır. Amma Makron de Qoll deyil. Şarl de Qoll böyük siyasətçi, dövlət xadimi idi. Onun çox güclü xarici siyasəti var idi. Daxildə də müəyyən nüansları nəzərə alan bir dövlət başçısı idi. Makron onun yanında kimdir ki, ABŞ-la nəsə oyun oynasın?! ABŞ öz siyasətini onsuz da həyata keçirəcək və Makronun heç bir addımı Vaşinqtonun xarici siyasətinə heç bir formada təsir etməyəcək. Mən Makronun son addımını bununla əlaqələndirməzdim.

– Makron bu addımı barədə Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanı öncədən məlumatlandırdığını söyləyib. Üstəlik qeyd edib ki, Türkiyə ilə İŞİD-lə mübarizə, insan hüquqları mövzusunda, habelə "soyqrımı" məsələsində fikir ayrılıqları var. Bu baxımdan Makronun atdığı bu addımın arxasında onun xəbis niyyətlərinin dayandığını ehtimal etmək olarmı?

– Məgər Ərdoğanı məlumatlandırmaq onun əsassız anti-türk addımına bəraət qazandırır? Məlumatlandırmaya da bilərdi. Türkiyə bu məsələyə çox sərt reaksiya verib və öz sözünü deyib. Təbii ki, bu addımın atılmasından sonra Ankara-Paris münasibətləri daha da gərginləşəcək. Bu, birmənalıdır. Çünki onsuz da bu münasibətlər sadə münasibətlər deyildi. İndi isə münasibətlər daha da gərginləşəcək. Mən düşünürəm ki, Makronun arxasında dayanan qüvvələr Türkiyənin Avropa İttifaqına daxil olmasını əleyhinə böyük, yağlı bir nöqtə qoymaq fikrindədirlər. Yəni, bu da müvafiq istiqamətdə atılan bir addımdır. Onlar bununla Türkiyənin Avropa İttifaqına daxil olmaq istəyi qarşısında daha bir sədd çəkir, problem yaradırlar. Onlar istəyirlər ki, Türkiyə bu istiqamətdə heç çalışmasın, heç bunu istək kimi də dilinə gətirməsin. Onlar hesab edirlər ki, Türkiyəni bu vəziyyətdə saxlamaqla onun bütün yollarını bağlayacaqlar. Bu da əlbəttə, anti-türk siyasətinin göstəricisidir. Təəssüflə qeyd etməliyik ki, bu təkcə Makronun yox, Fransadakı bir sıra digər dairələrin də mövqeyidir. Bir sıra digər Avropa ölkələrinin də bununla bağlı mövqeyi Parisin mövqeyi ilə üst-üstə düşür.

– Sizcə Türkiyənin cavab addımı nə olacaq?

– İş ondadır ki, Fransa tərəfindən bu cür anti-türk addımın atılması ilk dəfə deyil. Buna bənzər addımlar indiyədək bir neçə dəfə atılıb. Mən hər halda məsələnin diplomatik əlaqələrin kəsilməsinə gətirib çıxaracağını düşünmürəm. Amma eyni zamanda bu məqam gələcək münasibətlərdə öz əksini tapacaq. Əvvəla, siyasi münasibətlərin səviyyəsinin aşağı salınması, iqtisadi əlaqələrə mənfi təsir edilməsi baş verəcək. Bəlkə də Türkiyə səfirinin məsləhətləşmələr üçün geri çağırılmasını müşahidə edəcəyik. Bu heç də diplomatik əlaqələrin kəsilməsi demək deyil. Amma səfirin Parisdən geri çağırılması və diplomatik nümayəndəliyə daha aşağı statuslu bir şəxsin rəhbərlik etməsi gündəmə gələ bilər. Eyni zamanda əlbəttə, bir sıra digər regionlarda, məsələn Yaxın Şərqdə – Suriyada Türkiyə ilə Fransanın çox ziddiyyətli münasibətləri nümayiş olunacaq. Hər halda Türkiyə artıq dünya siyasətində, beynəlxalq platformalarda, beynəlxalq münasibətlər sistemində Fransanı dəstəkləməyəcək. Bu da öz-özlüyündə güclü bir faktordur. Çünki hər bir dövlət hansısa digər dövlətin müdafiəsinə, dəstəyinə hər zaman ehtiyac duyur. Diplomatik dillə desək, Fransa artıq Türkiyə üçün arzuolunmaz dövlətə çevrilib.

– Türkiyə Azərbaycanın strateji müttəfiqi, Fransa isə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun 3 həmsədr dövlətindən biridir. Bu baxımdan yaranmış situasiya Azərbaycan üçün də olduqca həssas xarakter daşıyır. İctimai-siyasi fəaliyyətlə məşğul olan bəzi şəxslər Fransanın həmsədrlik institutunda etimadını itirdiyini, onun qrupdan xaric edilməli olduğunu hələ lap çoxdan deyirdilər. İndi isə onlar bu fikri daha yüksəkdən səsləndirməyə başlayıblar. Sizin bu məsələyə dair baxış bucağınız necədir?

– Reallıq bundan ibarətdir ki, Fransanın bu qərarı ilk növbədə Azərbaycana yox, Türkiyəyə qarşıdır. Biz bunu fakt kimi etiraf etməliyik. Amma hər zaman bütün məsələlərdə Türkiyənin yanındayıq. Türkiyəyə qarşı atılan addım, onun maraqlarına mənəvi-siyasi zərbə təbii ki, Azərbaycana da öz təsirini göstərəcək. O da tamamilə doğru fikirdir ki, Fransa bu cür addımlar atmaqla Minsk Qrupunun həmsədri kimi olan-qalan nüfuzunu da itirir. Bu, birmənalıdır. Onun nüfuzu onsuz da yüksək deyildi. Amma indi söhbət Parisin İrəvana xüsusi münasibət bəsləməsindən gedir. Bu olay Parisin İrəvana olan siyasi yaxınlığını və bitərəf olmadığını göstərir. Əgər belədirsə, Fransa rəhbərliyi Qarabağ münaqişəsinin həllində heç vaxt obyektiv, ədalətli mövqe tuta və qərar qəbul edə bilməz.

Düzdür, Fransa dövləti və hakimiyyəti eyni anlayış deyil. Çünki öncəki dövlət başçıları özlərini hər halda Makron kimi aparmırdılar. Əlbəttə, Fransanın həmsədrliyindən imtina etmək çox çətin məsələdir. Çünki bu bir sıra prosedurlar tələb edir. Amma mən əminəm ki, bizim diplomatik xidmət orqanlarımız hər halda danışıqlar prosesində, qərarların qəbul olunması anında, həmsədrlərin iştirakı ilə keçən danışıqlarda çox ehtiyatlı olmalıdır və Fransanın mövqeyi Azərbaycan üçün aparıcı rol oynamamalıdır. Beləliklə, biz Fransanın bu addımına öz mənfi reaksiyamızı bildirmiş olarıq.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər