8 Fevral 2019 15:12
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna-Azərbaycan əlaqələrinin inkişafında bu günlərdə ölkəmizdə diplomatik fəaliyyət müddəti başa çatan Aleksandr Mişenkonun rolu danılmazdr. Səfirin fəaliyyətinin ilk illərində münasibətlərimizdə müəyyən gərginliklər yaşandı, ancaq sonra bunları aşdıq və demək olar ki, aramızda dost münasibətlər yarandı. Bu dostluğun təməlində həm də iki ölkənin üzləşdiyi oxşar problemlər və üst-üstə düşən maraqları dayanırdı.

Teleqraf.com xəbər verir ki, bunu politoloq, Ukraynada baş verən proseslərin araşdırıcısı Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, A.Mişenko Azərbaycanda nə az, nə çox düz 8 il çalışdı:

“Bundan əvvəl isə ölkəsinin Avstraliya və Türkiyədə səfiri olub. Səfir bir neçə gündən sonra Bakını tərk edir, Ukrayna XİN-də yeni təyinat alıb. Həm Kiyev, həm də Bakı səfirin fəaliyyətini yüksək qiymətləndirib. Demək, Mişenkonun yeni vəzifəsi daha bir pillə arta bilər. Mişenkonun Ukraynanın müstəqillik günü tədbirlərində Azərbaycan dilində çıxış etməsi Azərbaycan cəmiyyətində müsbət qarşılanırdı. Mişenko bir çox səfirdən fərqli olaraq Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq söyləyir və işğala son qoyulması vacibliyini bildirirdi”.

E.Şahinoğlu qeyd edib ki, A.Mişenko ukraynalıların Azərbaycanda dağınıq şəkildə fəaliyyət göstərən müxtəlif diaspor təşkilatlarını birləşdirdi və bu təşkilatların Ukrayna və Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməsi prinsipi əsasında yenilərini yaratdı:

“Mişenkonun səfir olduğu illərdə Azərbaycanla Ukrayna arasında əlaqələr genişləndi, ticarət mübadiləsi artdı və birgə layihələrin müzakirəsinə başlanıldı. Son illər ərzində Ukraynaya gedən azərbaycanlı turistlərin də sayı artıb”.

Politoloq Ukraynanın gələcək prezidentinin kimliyindən asılı olmayaraq Kiyevin Azərbaycana təyin edəcəyi yeni səfirin də A.Mişenko qədər fəal olmasını arzu edib.

Qeyd edək ki, A.Mişenko 2011-ci il fevralın 24-dən Ukraynanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri idi. Diplomatik fəaliyyətinin başa çatması münasibətilə dünən xarici işlər naziri Elmar Məmmədyarov onu qəbul edib. Nazir iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafında A.Mişenkonun səyləri yüksək qiymətləndirib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər