8 Fevral 2019 18:43
1 427
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dağlıq Qarabağ münaqişəsi ətrafındakı prosesin zəiflədiyini düşünmürəm. Bir müddət əvvəl Azərbaycan və Ermənistan rəhbərləri Davosda görüşdülər, xarici işlər nazirlərinin də görüşü keçirildi. Digər yandan Minsk qrupu həmsədrlərinin bölgəyə səfəri gözlənilir. Məlumat da yayılıb ki, Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşə bilərlər”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Hələlik münaqişə tərəfləri arasında keçirilən görüşlərin müsbət nəticəsinin olmadığını deyən politoloq hesab edir ki, bu təmaslar münaqişənin həlli prosesini sürətləndirməyəcək:

“Çünki Ermənistan Baş naziri Nikol Paşinyan münaqişənin həlli istiqamətində addım atmağa hazır deyil. Ona görə ki, “Qarabağ klanı”ndan ehtiyat edir, qorxur. Çünki bu addımı atarsa, ona güclü təzyiq ola bilər. Buna görə də keçirilən görüşlər heç bir nəticə vermir.

Hələ ki, cəbhə xəttində nisbi sakitlikdir. Amma qarşıdakı 2-3 ay ərzində münaqişənin həllində irəliləyiş olmasa, cəbhədə gərginlik baş verə bilər, atəşkəs rejimi də pozula bilər”.

Elxan Şahinoğlu bildirib ki, Ermənistan hakimiyyətinin passiv fəaliyyəti qarşısında Azərbaycan aktivliyini və işğalçıya təzyiqi artırmalıdır:

“Buna görə də ordunun üzərinə böyük məsuliyyət düşür. 2016-cı ilin aprelində işğalçını cəzalandırdıq, keçən il Naxçıvan ətrafındakı böyük ərazilərimizi azad etdik. Bu siyasəti – təzyiqi davam etdirməliyik. Gözləmə mövqeyinə çəkilsək, bu il də münaqişənin həllində irəliləyiş olmayacaq. Əsas sözü yenə də ordu deməlidir. Bu o demək deyil ki, geniş miqyasda müharibə olmalıdır. Gördük ki, Naxçıvandan lokal bir hücumla böyük bir ərazini azad etdik. Bu cür addımlar atmaqla, Paşinyanı geri addım atmağa məcbur edə bilərik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər