“İranda etnik azlıqların kompakt yaşadığı bölgələrdə, xüsusən də bəlucların, kürdlərin və ərəblərin məskunlaşdığı rayonlarda partlayışlar baş verir. Əlbəttə, bunun ilk səbəbini həmin bölgələrdəki ictimai-siyasi problemlərdə axtarmaq lazımdır. Etniklərə qarşı hərtərəfli məhvetmə siyasəti yürüdən hakimiyyətə qarşı radikal mübarizəyə üstünlük verən qruplar ona partlayışlar və yarı-hərbi əməliyyatlarla zərbə vurmağa çalışırlar”.
Güney azərbaycanlı milli-mədəni fəal, Kanada Vəkillər Kollegiyasının hüquqi məsələlər üzrə məsləhətçisi Hüseyn Türkelli belə düşünür.
Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Həbs edilmiş Güney Azərbaycanın milli-mədəni fəalı Abbas Lisani ətrafında müəmmalı vəziyyət yaranıb. Bir aya yaxındır ondan xəbər yoxdur. Digər tərəfdən, son vaxtlar Güney Azərbaycanda İran hakimiyyətinin təzyiqlərinə ən çox məruz qalan da Abbas Lisanidir. Sizcə, İranın xüsusi xidmət orqanlarının bu şəxsə qarşı “xüsusi diqqət”i nədən irəli gəlir?
- Abbas Lisani Milli Hərəkatın ən önəmli simalarından biridir. İran hakimiyyətinin təzyiqlərində əsas məqsəd onu susdurmaq və yolundan geri qaytarmaqdır. Lakin onu və milli azadlığımız uğrunda mübarizə aparan digər fəallarımızı bu yoldan çəkindirmək mümkün deyil.
- Abbas Lisaniyə Milli Hərəkatın gələcək lideri gözü ilə baxa bilərikmi?
- Abbas bəyin özü də çıxışlarında dəfələrlə bəyan edib ki, onun liderlik iddiası yoxdur. İndi isə bizə liderdən çox təşkilat lazımdır. Hələ ki, İran hakimiyyətinin sərt təzyiqləri qarşısında belə bir təşkilatı yaratmaq mümkün olmur. Əslində bütün cəmiyyətlərdə belə təşkilatlar hakimiyyətlər zəifləyəndə və meydanda güc boşluğu yarananda ortaya çıxır. Bizdə də belə olacaq. Məsələn, vaxtilə şah rejimi ölkədə beş adamın bir yerə yığılmasına imkan vermirdi. Amma həmin rejim zəifləyən kimi, Güneydə Azərbaycan Müsəlman Xalq Hərəkatı meydana çıxdı. 2-3 gün ərzində də təşkilat üzvlərinin sayı 2 milyonu keçdi.
- Amma hesab etmək olar ki, belə bir təşkilatın yaranması üçün liderin olması da əsas şərtlərdən biridir...
- Mənim fikrimcə, təşkilatlanma olarsa, lider də ortaya çıxar, ya da seçilər. İndiki vəziyyətdə seçmək və seçilmək imkanı olmadığına görə, istənilən seçim və ya təyinat uğursuz olacaq. Abbas bəy də ən çox sevdiyim və güvəndiyim hərəkat liderlərindən biridir. Amma qənaətimə görə, indiki vəziyyətdə bizim hərəkat öz enerjisini liderlik yarışına sərf etməməlidir.
Bir dönəm belə bir səhvi etdik. Düşmən də bu məsələdən məharətlə istifadə etdi. Uzun müddət başımız “filankəs Güney Azərbaycan lideridir, ya deyil” kimi müzakirələrə qarışdı. Bu da hərəkatda parçalanmaya səbəb oldu. Milli Azadlıq Hərəkatı bir prosesdir, lider və ya liderlər də bu prosesdə ortaya çıxır. Vaxtilə Azərbaycanda Nemət Pənahlı var idi, mitinqləri idarə edirdi. Bəlkə də Nemət bəy özünü hərəkatın lideri kimi görürdü, amma nə olsun ki, gözəl şeir oxuyurdu, insanları cuşa gətirirdi, lakin liderlik qabiliyyəti yox idi.
Digər liderlər də vardı, amma proses Elçibəyin üzərində dayandı. Çünki həmin dönəmdə Elçibəy qədər ikinci xarizmatik lider yox idi. Bir müddət əvvəl Güneydə də bir nəfəri lider etmək istədik, amma baş tutmadı. Çünki lider seçmək, yaxud elan etməklə olmur. Xarizmatik lider olmağın şərtləri var. Adamda bu bacarıq və xüsusiyyət yoxdursa, lider ola bilməz.
Dediyim ki, Abbas bəy çox sevdiyimiz, güvəndiyimiz hərəkat fəalıdır və lider olmaq kimi bir iddiası yoxdur. Prosesin onu, yaxud başqasını lider kimi ortaya çıxaracağını bilmirik. Məncə, prosesin qabağına keçmək doğru deyil.
- Amma belə bir təsəvvür yaranır ki, Güneydəki hərəkat, dirəniş bir qədər zəifləyib...
- Mən deməzdim ki, hərəkat zəifləyib. Məncə, hərəkat olduqca güclüdür. Güneydəki böyük əksəriyyət milli kimlik uğrunda mübarizə aparır, milli azadlığını, müstəqilliyini tələb edir. Hesab edirəm ki, Güney Azərbaycan Milli Hərəkatı qədər İranda böyük bir proses yoxdur. Amma əlbəttə, bu, İrandakı mövcud rejimi devirmək gücündə deyil.
Bunun da obyektiv və subyektiv səbəbləri var. Lakin Güneydəki hərəkat qədər müstəqil, hansısa xarici gücdən asılı olmayan ikinci hərəkat yoxdur. Güneylilər bu hərəkatı dişləri, dırnaqları ilə bu səviyyəyə qaldırıblar. Heç kəs bizə dəstək verməyib. Amma İrandakı digər hərəkatlara milyardlar xərclənir. Kürdlərin, ərəblərin, Allahın bəluclarının Feysbuk səhifələri üçün milyonlar xərclənir. Bu pullar haradan gəlir? Əlbəttə, xarici qüvvələrdən...
Amma milyonluq büdcələrlə çalışan heç bir hərəkat, sıfır büdcə ilə xalqın inamından başqa heç bir imkana sahib olmayan Güney hərəkatı onların hamısından qat-qat güclüdür və genişdir. Belə olmasaydı, prezident seçilmək istəyən Həsən Ruhani Azərbaycana vəd verib bizdən səs dilənməzdi.
- Bəs, son dönəmlərdə İranda etniklərin yaşadıqları bölgələrdə terror aktlarının sayının artması nədən irəli gəlir?
- İranda etnik azlıqların kompakt yaşadığı bölgələrdə, xüsusən də bəlucların, kürdlərin və ərəblərin məskunlaşdığı ərazilərdə partlayışlar baş verir. Əlbəttə, bunun ilk səbəbini həmin bölgələrdəki ictimai-siyasi problemlərdə axtarmaq lazımdır. Etniklərə qarşı hərtərəfli məhvetmə siyasəti yürüdən hakimiyyətə qarşı radikal mübarizəyə üstünlük verən qruplar ona hakimiyyəti partlayışlar və yarı-hərbi əməliyyatlarla zərbə vurmağa çalışırlar. Necə deyərlər, nə tökərsən aşına, o da çıxar qaşığına. İran hakimiyyət 40 ildir ölkə daxilində və xaricində dağıdıcılıqla məşğuldur. Buna görə də ara-sıra onunla onun başa düşdüyü dildə danışanlar ortaya çıxır.
- Hüseyn bəy, hesab edirsiniz ki, İran hakimiyyəti etniklərin yaşadıqları bölgələrdə, o cümlədən, Güney Azərbaycandakı ayaqlanma ilə geri çəkiləcək?
- Qənaətimə görə, İran hakimiyyəti diktatura mahiyyətinə görə məhvə məhkumdur. Bu hakimiyyəti yalnız devirmək yolu ilə dəyişmək mümkündür. Firkimcə, Güney hərəkatı zamanla bu hakimiyyəti geri oturdacaq və Azərbaycan üzərindəki işğalına son qoyacaq. Bir tərəfdən də beynəlxalq təzyiqlər sərtləşdikcə, bu hakimiyyət zəifləyəcək və ölkə üzərindəki idarəetməsini itirəcək. Bu baş verən kimi, Güney hərəkatı öz gücünü göstərəcək. Biz indi öz gücümüzün yalnız otuz faizini göstəririk. Milli Hərəkat çox dərindir. Amma təəssüf ki, dəstək verən yoxdur. Buna baxmayaraq, zamanla dəstək vermək üçün sıraya düzülənlərin sayı da az olmayacaq.