Müsavat Partiyasının Divan üzvü Yadigar Sadıqlı adından saxta xasiyyətnamə yayıldığını bəyan edib.
Teleqraf.com xəbər verir ki, Yadigar Sadıqlı Feysbuk səhifəsində sənədi yayaraq Müsavat başqanının müavini Səxavət Soltanlıdan izahat tələb edib.
“Dünən mənim iştirak etmədiyim Divan iclasında məlum olub ki, partiya rəhbərliyinin əlində mənim Salyan təşkilatının sədri kimi göstərildiyim, guya imzaladığım saxta xasiyyətnamə var. Aylardır bu sənəd partiya rəhbərliyində ola-ola mənə heç bir məlumat verilməyib. Elman Fəttahın bununla bağlı iradına da düz-əməlli cavab səslənməyib. Gecə saatlarında isə Müsavat üzvlərinin qapalı qrupunda gələcək qurultayda başqanlığa namizəd olacağımı açıqladıqdan sonra başqan müavini Səxavət Soltanlı yenə mənə demədən, adım keçən sənədi yenə də mənimlə məsləhətləşmədən paylaşıb. Zatən məsləhətləşsəydi, etiraz etməyəcəkdim. Şükür, cəmiyyətdə qazandığımız imic var, belə şeylər bizə yapışmaz. Amma yenə də etika, yoldaşlıq xəbər verməyi tələb edirdi. Beləcə, bütün söz-söhbətlərdən sonra partiya rəhbərliyi bir saxta sənəd tapıb, o da mənim adım keçən”, - Yadigar Sadıqlı bildirib.
Yadigar Sadıqlı qeyd edib ki, bu sənədin haradan gəldiyini bilmək onun hüququdur: “Həmin sənədlə sosial şəbəkədə tanış olduğuma görə, elə Feysbukda Səxavət Soltanlıdan sənədin mənbəyi haqqında məlumat istəyirəm. Kim göndərib və nə vaxt göndərib. Cavabın şifahi deyil, skrinşotla verilməsini tələb edirəm”.