Hər bir azərbaycanlı kimi, mən də bu müsahibəni böyük maraqla izlədim. Həm də ona görə ki, bu, cənab Prezident İlham Əliyevin yerli televiziya kanalına ilk müsahibəsi idi. Biz onun ən müxtəlif tədbirlərdə çıxışları ilə tanışıq, fikirlərini bilirik. Xarici mediaya verdiyi müsahibələri hər zaman diqqətlə izləyirik. Amma Real TV-yə - yerli telekanala ilk dəfə olaraq müsahibə verirdi.
Teleqraf.com xəbər verir ki, bu sözləri “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Lider TV-nin “Sədadan sonra” proqramındakı çıxışında bildirib. Politoloq qeyd edib ki, Prezidentin bu müsahibəsi də həm ölkə həyatında, həm də beynəlxalq aləmdə böyük əhəmiyyət kəsb edən ciddi mesajlarla yadda qaldı:
“Amma mən həm də bir media adamı kimi cənab Prezidentin media ilə bağlı fikirlərinə xüsusi diqqət yetirdim. Sevindirici məqam ondan ibarətdir ki, Prezidentimiz Azərbaycan mediasını izləyir, oxuyur.
Bilirsiniz, biz adətən işləyirik, yazırıq, reportajlar edirik, amma həmişə bir narahatlıq ondan olur ki, görəsən, bizi izləyən, oxuyan və reaksiya verən varmı? Prezidentin son müsahibəsi ilə bir daha əmin olduq ki, ölkənin birinci şəxsi tərəfindən necə diqqətlə izlənilirik.
Bizim yazdıqlarımızı, yaydıqlarımızı cənab Prezident görür, Prezidentin verdiyi qərarlarda medianın xüsusi çəkisi var. Cənab Prezident əvvəllər də demişdi ki, media işçilərini, jurnalistləri öz köməkçiləri olaraq görür. Prezident qeyd etdi ki, bəzi məsələlər, problemlərlə məhz media vasitəsilə tanış olub həllinə çalışır və yerindəcə həll edir. Bu, təbii ki, bizi ürəkləndirməklə, həvəsləndirməklə bərabər, bundan sonrakı fəaliyyətimizdə daha məsuliyyətli olmağa sövq edir”.
A.Camalqızı qeyd edib ki, hazırda bütün dünyada, o cümlədən Azərbaycanda sosial şəbəkələr həyatımıza həddindən artıq çox daxil olub. Bu sosial şəbəkələrin xeyirli tərəfləri ondan ibarətdir ki, informasiya bolluğundayıq. Ancaq mənfi tərəfi odur ki, əksər informasiyalar dəqiqləşdirilməmiş, qeyri-səhih olur:
“Belə bir xəbər bolluğunda medianın öz çəkisini, nüfuzunu qoruyub saxlaması çətindir. Düşünürəm ki, Prezidentin bu fikri Azərbaycan mediası üçün yeni bir mərhələnin başlanğıcıdır. Biz öz işimizdə bundan sonra daha məsuliyyətli olmalıyıq”.
Politoloq qeyd edib ki, bütün dünyada media dördüncü hakimiyyət hesab olunur və Prezidentin bu mövqeyi Azərbaycanda da bunun belə olduğunu təsdiqləyir:
“Deməli, biz də artıq hakimiyyətin bir qoluna çevrilməkdəyik. Düşünürəm ki, Azərbaycan mediasını bu qədər mötəbər, nüfuzlu edən məhz Prezident İlham Əliyevin münasibətidir. Çünki bir çox hallarda biz mediaya bəzi məmurlar tərəfindən diqqətsizliyin şahidi olmuşuq, informasiya almaqda müəyyən çətinliklərimiz olub. Təbii ki, bu da bizdə müəyyən ruh düşkünlüyü yaradıb. Amma yeni gəlişmə ondan ibarətdir ki, Prezidentin bu mesajı medianın məsuliyyətli olması ilə bağlı bir öhdəlik yaratdığı kimi, hər bir məmura da Azərbaycan mediasına xüsusi diqqətlə yanaşmaq lazım olduğu haqda siqnaldır. Düşünürəm ki, Prezidentin bu mesajı ünvanına çatacaq”.
A.Camalqızı vurğulayıb ki, Prezidentin bu nitqi həm nəticə çıxarılmalı bir tezisdir, həm də nümunədir:
“Biz Prezident İlham Əliyevin xalqla münasibətini, xalqa səmimiyyətini, sevgisini, demək olar ki, onun hər bir addımında, hər bir hərəkətində görürük. Bu yaxınlarda Şamaxıda zəlzələ zamanı siz gördünüz ki, 92 yaşlı bir qadına – Saray nənəyə onun münasibəti necə oldu. Bu, onu göstərdi ki, Prezident İlham Əliyev Azərbaycanın milli-mənəvi dəyərlərinə nə qədər sadiqdir. Onun yaşlı anaya, qadına münasibətində biz bunun şahidi olduq ki, sadə azərbaycanlı və Prezident arasındakı münasibət necə səmimiyyət və sevgi üzərində qurulub. Bu məqam məmurlar üçün də ciddi nümunə, örnək olmalıdır. Cənab Prezident bunları xüsusi vurğulamaqla həm də onlara öz mesajını çatdırmış oldu ki, xalqa münasibətdə heç vaxt öz vəzifənizə güvənməyin, siz xalqın xidmətçilərisiniz. Çox önəmli bir mesaj idi, cənab Prezident dedi ki, ölkənin prezidentindən tutmuş, bütün məmurlar xalqın xidmətçiləridir, biz bu vəzifələrdə xalqa xidmət göstərmək üçün əyləşmişik”.
A.Camalqızı qeyd edib ki, Prezidentin sözü, müsahibəsi, fikri əslində proqramdır, strategiyadır və Prezident İlham Əliyev bu müsahibəsi ilə yeni bir səhifə açdı:
“Cənab Prezident yeni islahatlar dalğasının başlanacağının anonsunu verdi. Düşünürəm ki, bu anonsda həm də onun rəhbərlik etdiyi komandanın xalqa münasibəti önəmli yer tutur. Bu da nədən ibarətdir? Yaxşı xatırlayırıq ki, Ulu öndər Heydər Əliyevin mətbuata münasibəti necə idi və hər zaman öz komandasına nələri tövsiyə edirdi. Biz onun da şahidi olmuşuq ki, cənab Prezident mediaya, ümumiyyətlə, onun haqqında yazılan tənqidlərə nə qədər tolerant münasibət göstərir. Bu günə qədər heç bir jurnalist Prezident və ya onun komandası tərəfindən məhkəməyə verilməyib. Bu da Ulu öndər Heydər Əliyevin tövsiyyəsi və qoyduğu ənənədir. Amma biz dünyanın ən inkişaf etmiş ölkələrində belə jurnalistlərlə dövlət başçısı arasında hansı qalmaqalların olduğunu görürük. Xüsusən, ABŞ Prezidenti Donald Trampın jurnalistlərə hansı münasibət bəslədiyini müşahidə edirik. Onlarla belə misallar çəkə bilərik. Amma Azərbaycan, doğrudan da bu məsələdə tamamilə demokratik istiqamətdə, mediaya tam azadlıq verməklə ortaya gözəl bir nümunə qoyur. Düşünürəm ki, artıq Azərbaycanda da yeni media öz yerini tutmaqdadır. Bu yeni media ilə məmurların, hakim komandanın münasibətləri mütləq yeni müstəviyə qədəm qoymalıdır. Çünki, bilirsiniz, əvvəl mediada jurnalistlər informasiyanı yalnız səhəri gün oxucuya çatdıra bilirdi - əlbəttə, çap mediası nəzərdə tutulur. Amma yeni mediada belədir ki, artıq biz saniyələrlə mübarizə aparırıq. İndi əldə olunmuş məlumat bir saat sonra köhnəlmiş hesab olunur. Hakim komanda da bu yeniliyə hazır olmalıdır və onun istehsal və yayımında fürsəti qaçırmamalıdır”.
Prezidentin “Azərbaycan mediası gələcəkdə ölkə həyatında bundan da böyük rol oynayacaq” fikrinə toxunan politoloq qeyd edib ki, bu, media ilə bağlı tamamilə fərqli bir eranın başlanğıcının anonsudur:
“Çünki media sahəsində bir sıra islahatların aparılmasına da ciddi ehtiyac olduğunu bilirik. Artıq Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Şurasında bu məsələ ciddi şəkildə müzakirə olunur. Yeni media anlayışı, yəni onlayn media bütün dünyada necə gücə, nüfuza malikdirsə, Azərbaycanda da o mövqeni qazanmalı olduğu aktualdır. Düşünürəm ki, cənab Prezidentin müsahibəsində Azərbaycanda mediasının dövlət idarəçiliyində də, digər sahələrdə də rolunu qiymətləndirməsi məhz bununla bağlıdır. Çünki cənab Prezident özü qeyd etmişdi ki, media, jurnalistlər mənim informasiya almaqda ən yaxın yardımçılarımdır. Bu, onun göstəricisidir ki, media istər-istəməz dövlət idarəçiliyində aparıcı mövqe əldə edir. Prezidentin siyasəti sosial yönümlüdür. Bu siyasətdə vətəndaş, xalq və Prezidentin münasibətləri necə yüksək səviyyədədirsə, düşünürəm ki, media da bu işdə öz yardımını əsirgəməməlidir. Xalqın problemlərinin əks olunmasına və Prezidentə çatdırılmasına var gücü ilə çalışmalıdır. Heç zaman unutmamalıdır ki, onun yazdığı, yaydığı xəbərləri ölkənin birinci şəxsi oxuyur və bunun real nəticələri olacaq. Bu, artıq xüsusi bir məqamdır”.
Media holdinq rəhbəri Azərbaycan mediasının hələ arzulanan səviyyədə olmadığını da qeyd edib:
“Amma bunun üçün ortada böyük potensial var. Bu potensialı reallaşdırmaq üçün media öz üzərində ciddi işləməli, çalışmalıdır. Peşəkar jurnalistlərin öz fəaliyyətini daha da sistemləşdirməsi tələb olunur. Sosial şəbəklərin medianı küncə sıxışdırmaması üçün bizim peşəkar olmaqdan başqa çıxış yolumuz yoxdur”.