15 Fevral 2019 09:01
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın Suriyaya göndərdiyi 30-35 nəfərdən ibarət heyətin hamısı hərbçidir. Onların içərisində hərbi həkim, mühəndislər, avtomatlı insanlar var. Lazım olsa, onlar döyüşdə də iştirak edə bilər. Ermənistanın Müdafiə naziri David Tonoyan indi sözündən qaçır, amma demişdi ki, lazım olsa, Ermənistan missiyası döyüş əməliyyatlarında da iştirak edəcək. Rusiyaya dünyada tək olmadığını, koalisiya formasında olduğunu göstərmək lazım idi”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında hərbi ekspert Azad İsazadə Ermənistanla ABŞ arasında Suriyadakı erməni hərbi missiyası ilə bağlı yaranan gərginlik barədə danışarkən deyib.

Onun sözlərinə görə, ABŞ da eyni ssenarini ilə Suriya ilə bağlı koalisiya yıradıb:

“Məsələ burasındadır ki, Birləşmiş Ştatlar sanballı koalisiya formalaşdırır, onun ətrafında Fransa, İtaliya, Almaniyadır. Rusiyanın isə koalisiya yaratmaq üçün ətrafında ancaq Ermənistan qalıb. Nə Belarus, nə də Qazaxıstan bu prosesdə iştirak etdi. Əvvəl belə söhbətlər gedirdi, amma heyətlərini göndərmədilər. Ermənistanın Suriyaya göndərdiyi 30-35 mütəxəssis o qədər də əhəmiyyətli deyil, Rusiya üçün rəsmi İrəvanın prosesdə iştirak etməsi, adının çəkilməsi vacib idi”.

Azad İsazadə qeyd edib ki, Rusiya Ermənistanı Qərbdən qoparmağa çalışır: “Nikol Paşinyan hakimiyyətə gələndən Ermənistan yavaş-yavaş Qərb tərəfə keçməyə çalışır. İki mühüm rəqibin arasında qalmış Ermənistanın biri bir əlindən, biri də o biri əlindən dartır. Azərbaycanla problemi bir kənara qoysaq, Ermənistan siyasi baxımdan çox mürəkkəb seçim qarşısındadır. Rusiyadan siyasi, iqtisadi, hərbi baxımdan çox asılıdır, indi də ABŞ tərəfə getmək üçün nə gücü, nə də imkanı var”.

Hərbi ekspertin fikrincə, Ermənistanla ABŞ arasındakı gərgin situasiya müəyyən müddət davam edəcək:

“Birləşmiş Ştatlar həddən artıq güclü dövlətdir və istənilən təsirə malikdir. Ermənistanın iqtisadi vəziyyəti Rusiyadan o qədər asılıdır ki, onun ABŞ tərəfə seçim etməsi praktiki cəhətdən qeyri-mümkündür. Üstəgəl Qarabağ məsələsi də var. Paşinyana qədər Rusiyaya Ermənistanın müttəfiqi kimi baxılırdı və bu, bizim üçün mühüm amil idi. Rusiya təzə hakimiyyətə şübhəli və ehtiyatla yaxınlaşır. Sabah hansısa münaqişə başlasa, azı Rusiya neytral dayana bilər. Bu, Azərbaycan üçün əhəmiyyətlidir. Rusiyanın bizə köməyi lazım deyil, elə neytral dayansa, kifayətdir”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər