“Mətbuat Şurası uzun müddətdir ki, ənənəvi mediada reketizmin kökünün kəsilməsi üçün mübarizə aparır. 2008-ci ildən Mətbuat Şurası proqram xarakterli bu işin üzərinə gedərək bu istiqamətdə ciddi nailiyyətlər əldə edib. Sonradan onlayn mediada raketçilik yenidən çiçəklənməyə başladı. Təhlillər zamanı ortalığa iki səbəb çıxıb”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının sədri Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, birinci səbəb onlayn medianın inkişafı ilə bağlıdır: “Çünki ənənəvi mediada mövqeləri sıxışdırılan reketlər onlayn mediaya axın elədi. Onlayn KİV qurumu yaratmaq üçün xüsusi prosedur yoxdur, domen adı almaq, hostinq, internet, kompüter kifayət edir. Xərc tələb olunmadığından reketlər bundan istifadə elədi. Onlayn medianın inkişafı sanki onlar üçün xüsusi şərait yaratdı. İkinci bir tərəfdən reketlər düşündüyümüz kimi əvvəlki xarakterdə deyillər. Yəni 10-15 il əvvəlki kimi gedib kiməsə hədə-qorxu gəlib, şantaj edib pul alan reketlər deyillər. Bugünkü reketlər bir az başqa xarakterlidir, çox təəssüf ki, müəyyən yerli və xarici şəbəkələr tərəfindən dəstəklənir. Bu cür insanları yetişdirib Azərbaycan media mühitinə daxil edirlər və onlara qarşı tədbir görüləndə də elə təəssürat yaradıb təbliğat aparırlar ki, guya söz azadlığına qarşı hər hansı basqı var. Konkret olaraq bu nümunələrin hər biri İkram Rəhimovun üzərində cəmləşir. 2017-ci ilin sentyabrında gələn şikayətlər əsasında İkram Rəhimovun rəhbərlik etdiyi qəzet barədə məsələyə baxmışıq. Araşdırma aparanda məlum oldu ki, onun haqda gələn şikayətlər tamamilə haqlıdır. Birtərəfli yazılar yayımlamışdı, kimlərəsə böhtan atmışdı, təhqiramiz ifadələrdən istifadə etmişdi. Ona xəbərdarlıq edərək tövsiyə verdik ki, bu cür əməllərindən əl çəksin. İkram Rəhimov bu fəaliyyətindən çəkinmədi, bizim tövsiyəmizi də xüsusi aqressiya ilə qarşıladı. Qərəzsizlik, balanslılıq, obyektivlik prinsiplərini pozduğunu deyəndə ona qəribə gəldi ki, bunlar nə deməkdir. O, özbaşına deyil, çox təəssüf ki, biz ona rəy bildirəndə, bu əməllərindən əl çəkməsini tövsiyə edəndə, bizə qarşı çıxış elədi və müəyyən dairələr tərəfindən müdafiə olundu”.
Müşfiq Ələsgərli qeyd edib ki, Mətbuat Şurasına qarşı qərəzini, hikkələrini nümayiş etdirmək üçün İkram Rəhimov kimi adamlardan istifadə edilir:
“İkram Rəhimov konkret olaraq Media klubunun bir neçə təsisçisi tərəfindən himayə olundu, ona informasiya dəstəyi verildi. Demirəm, həmin şəxslər İkram Rəhimovla şərik idilər, söhbət ondan gedir ki, Mətbuat Şurasına olan hikkələrini büruzə vermək üçün onu müdafiə edirdilər. İkram Rəhimov bu cür dəstək alması ilə daha da qabarıq olaraq ortaya çıxdı. İkram Rəhimov kimi onlarla belə nümunə var ki, ayrı-ayrı şəxslər tərəfindən öz maraqları naminə müdafiə edilir və nəticədə Azərbaycan mediasının başına bəla olurlar”.
Sədr müavini qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İkram Rəhimov barədə ölçü götürməsi yaxşı haldır. Müşfiq Ələsgərli vurğulayıb ki, Mətbuat Şurasının bu cür hallara qarşı tədbir görmək üçün səlahiyyətləri müəyyən həddə qədərdir:
“Mətbuat Şurası rəy vermək, həmin şəxsləri ictimai qınağa tutmaqdan başqa bir şey edə bilmir. Amma bu cür insanlar ictimai rəylə işləmədiklərinə görə onlar üçün ictimai qınağın da elə bir əhəmiyyəti yoxdur. Ona görə də həmin şəxslər haqqında hüquqi ölçü götürülməlidir, götürüldü də. Amma adam yenidən rəy formalaşdırmağa, cəmiyyəti çaşdırmağa başladı ki, guya həbsi qərəzlidir, kimlərinsə əli var. O baxımdan DTX-nin onun səs yazısını yayaraq necə çirkin əməllərlə məşğul olduğunu ifşa etməsi və cəmiyyətə göstərməsi alqışlanır. Bu cür insanlara qarşı ölçü götürülməli, mübarizə aparılmalıdır. Onlardan istifadə edərək öz şəxsi maraqlarını təmin etmək istəyən qüvvələrə də demək istərdim ki, bu şəxsləri şişirdib cəmiyyət üçün bəlaya çevirməsinlər. Bu cür hallara görə reketizmin kökünü jurnalistikadan tamamilə kəsmək olmur. Amma cəmiyyət bir olarsa, hər kəs onların ziyanını dərk edərsə, mübarizə də vahid mərkəzdən olar və bu adamların sonunu gətirə bilərik”.